DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAIL PREZIDENTINDƏN FƏLƏSTINƏ ÇAĞIRIŞ

İsrail prezidenti İshak Hersoq Fələstin hakimiyyətini əlaqələri yenidən qurmağa çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “TRT” telekanalı məlumat yayıb. Prezident bildirib ki, özünün və İsrailin müdafiə naziri Benni Qantsın Fələstinin dövlət başçısı Mahmud Abbasla bir araya gəlməsi münasibətlər üçün əhəmiyyətli addım olardı.

Həmçinin İsrail prezidentinin sözlərinə görə, Fələstin rəhbərliyi ilə əlaqələr ölkəsinin təhlükəsizliyinə faydalı olacaq.

Bununla yanaşı, bildirilir ki, İshak Hersoq İsrailin müdafiə naziri Benni Qantsın Fələstinlə müzakirələr aparmaq istəməməsi ilə bağlı sualı cavabsız qoyub.

Fələstinin baş naziri Məhəmməd İştiyye də İsraillə ikitərəfli görüşləri qəbul etmədiklərini bildirib. O, ABŞ prezidenti Cozef Baydenin seçkiqabağı vədlərini xatırladaraq İsrailin Fələstinlə imzaladığı razılaşmalara əməl etməsinin vacibliyini vurğulayıb.

 

NATO AVROPA İTTIFAQININ XÜSUSI ORDUSUNUN YARADILMASINA QARŞIDIR

NATO hərbi alyansının rəhbərliyi Avropa İttifaqının (Aİ) özünün xüsusi ordusunu yaratmasına qarşıdır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Baş katibin sözlərinə görə, Avropanın daha böyük müdafiə töhfəsini alqışlayır, lakin Avropa İttifaqı NATO-nun yerini tutmamalıdır. “Şimali Amerika ilə Avropa arasındakı əlaqələri qorumaq lazımdır”, - deyə Yens Stoltenberq əlavə edib.

Alyansın baş katibinin fikrincə, Qərbin kifayət qədər resursu yoxdur və bu səbəbdən də NATO-nun malik olduğu funksiyaların təkrarlanmasının qarşısını almaq lazımdır.

Qeyd edək ki, Aİ-nin xarici əlaqələr üzrə ali nümayəndəsi Cozef Borrel və ittifaqın hərbi komitəsinin sədri Klaudio Qraziano təşkilat daxilində azı 5 min personaldan ibarət çevik reaksiya birliyinin yaradılması təklifi ilə çıxış ediblər.

 

MÜQAVIMƏT HƏRƏKATININ LIDERINDƏN SOYDAŞLARINA ÜSYANA QALXMAQ ÇAĞIRIŞI

Pəncşirdə soydaşlarına müraciət edən müqavimət hərəkatının lideri Əhməd Məsud əfqanları “Taliban” hətrəkatına qarşı üsyana qalxmağa çağırıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, Pəncşirdəki müqavimət qüvvələrinin lideri audio-müraciətdə döyüşçülərin hələ də adı çəkilən əyalətdə qaldıqlarını və taliblərə qarşı mübarizə apardıqlarını bəyan edib.

Əhməd Məsud həmçinin baş vermiş son hadisələrdən sonra Əfqanıstanın “geri qalmış ölkəyə çevrilə və izolyasiyaya düşə biləcəyini” vurğulayıb.

Qeyd edək ki, Pəncşir mücahidləri “Taliban” hərəkatının əyaləti tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini açıqlayıblar.

“Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək”, - deyə müqavimət hərəkatının “Twitter” hesabında bildirilib.

 

DRON-HELIKOPTER MARSDA NÖVBƏTI UĞURLU UÇUŞUNU HƏYATA KEÇIRIB

“Ingenuity” dron-helikopteri Marsda 13-cü uçuşunu uğurla başa vurub. “Report”un xəbərinə görə, bu barədə NASA-nın “Jet Propulsion” laboratoriyası məlumat yayıb.

Bildirilir ki, saniyədə 3,3 metr sürətlə uçan dron-helikopterin uçuş məsafəsi 210 metr təşkil edib.

Məlumata əsasən, 1,8 kiloqramlıq dron-helikopter ilk dəfə aprelin 19-da Mars səthindən 3 metr yüksəyə qalxıb və havada cəmi 39,1 saniyə qala bilib.

Hazırlanması 80 milyon dollara başa gələn dron-helikopterin əsas missiyası qədim zamanlarda Qırmızı planetdə mövcud ola biləcək həyat izlərini aşkarlamaqdır.


ABŞ ƏFQANISTANI TALIBLƏRIN ƏLƏ KEÇIRMƏSININ SƏBƏBINI AÇIQLAYIB

ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisləri komandanı, general Mark Milli Əfqanıstanın “Talibban” hərəkatı tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Fox News” məlumat yayıb.

Generalın sözlərinə görə, buna səbəb vətəndaşların əvvəlki hökumətə inamsızlığı olub.

“Əsas problemlərdən biri, fikrimcə, korrupsiyadır. Hökumətin xalq qarşısında heç bir legitimliyi yox idi. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Ən yüksək hökumət elitası sözün həqiqi mənasında geri çəkildi”, - Mark Milli vurğulayıb.

Amerikalı generalın fikrincə, Əfqanıstan hökuməti və ordusu gözlənildiyindən daha tez çöküb və bu, Əfqanıstan hökumətinin süqutu kimi hər kəs üçün sürpriz olub.

 

RUSIYADA KORONAVIRUSUN YENI MÜALICƏ ÜSULLARI TƏTBIQ EDILƏ BILƏR

Koronavirusun müalicəsinə dair təlimatların yeni versiyasına alternativ müalicə sxemləri, bu yaxınlarda qeydiyyatdan keçmiş etiketdən kənar dərmanlar, yəni koronavirusla müalicəyə kömək etdiyi hələ təsdiqlənməyən preparatlar əlavə edilə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın səhiyyə nazirinin birinci müavini Viktor Fisenko bildrib.

Məlumata əsasən, hazırda Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisləri koronavirus infeksiyasının müalicəsi ilə bağlı yeni metodik təlimat üzərində işi başa çatdırırlar.

“Bunlar əsasən artıq Rusiyada istifadə olunan dərmanlar olacaq, yeni qeydiyyata alınan dərmanlar ora əlavə ediləcək. Alternativ müalicə sxemləri, etiketdən kənar dərmanlar bura əlavə edilə bilər. Yəni söhbət təlimat xaricində olan, təsdiqini xarici mənbələrdə tapanlardan gedir”, - deyə Viktor Fisenko vurğulayıb.

 

UZUNÖMÜRLÜLÜYÜN DAHA BIR SIRRI AÇIQLANIB

ABŞ-ın Nortvestern Universitetinin həkimləri insan ömrünü uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar. “Report”un xəbərinə görə, araşdırma “JAMA Network Open” jurnalında dərc edilib.

Araşdırmanın nəticələrinə əsasən, gündə azı 7 min addım gəzən insanlarda ölüm riski azalır.

Təcrübədə 2006-cı ildən bəri fiziki aktivliyi izlənilən 38-50 yaş arası 2110 qadın və kişi iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci kateqoriyada insanlar gündə 7 mindən az, ikinci mərhələdə - gündə 7-10 min addım, üçüncüsündə - 10 mindən çox addım atıblar.

Nəticələr fiziki aktivliyi yüksək və orta səviyyədə olan iştirakçı qruplarında ölüm riskinin çox aşağı olduğunu göstərib.

 

DÜNYANIN ƏN UCUZ ELEKTRIKLI AVTOMOBILI SATIŞA ÇIXARILDI

Dünyanın ən ucuz elektriklə işləyən avtomobili “Kar K5” Çində cəmi 2100 dollara satışa çıxarılıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Kifayət qədər sadə quruluşa malik bu elektromobil Çində “Alibaba” internet marketinq şəbəkəsi vasitəsilə satılır. “ElectricKar” tərəfindən istehsal olunan “Kar K5” iki yerlik, dörd təkərli nəqliyyat vasitəsidir.

“Kar K5” elektrikli motosiklet və skuterlər üzrə ixtisaslaşmış “Regal Raptor Motors” şirkəti ilə birlikdə istehsal olunur.

Bununla belə, sözügedən avtomobili hər ölkədə sürmək olmaz, çünki maşının yolda istifadəsi xüsusi şəkildə təsdiqlənməlidir.

Məlumat üçün qeyd edək ki, elektromobillər bir və ya bir neçə elektrik mühərriki tərəfindən idarə olunan, daxili yanma mühərriki ilə deyil, müstəqil elektrik mənbəyi (batareyalar, yanacaq elementləri, kondensatorlər və s.) ilə işləyən maşınlardır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.