Qəlbimizdə əbədi yaşayanlar
Sosial həyat

Qəlbimizdə əbədi yaşayanlar

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına  şəhid  olanlardan  biri  də  İmişli  rayonunun Qulubəyli kənd sakini Cəfərli  Elşən  Rafail oğludur. E.Cəfərli ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda  aparılan döyüş əməliyyatlarında şəhidlik  zirvəsinə yüksəlib. Bu günlərdə şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin  Rzayev, Aparatın məsul əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları şəhidin məzarını ziyarət etdilər. Burada Elşənin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla  anılıb.

Ziyarət zamanı 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğu qeyd olundu. Şəhidimizin yaxınları və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər. Vətən müharibəsində qəhrəmancasına şəhid olan həmyerlimiz Cəfərli Elşən Rafail oğlu 2000-ci il sentyabr  ayının 2-də İmişli rayonunun Qulubəyli  kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən ağır döyüşlərdə şücaət  göstərərək  sentyabr ayının 28-də qəhrəmancasına şəhid olub.

Şəhidimiz Elşən Cəfərli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

             Ərəstun ABDULOV,

           “Respublika”.