DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ QOSUNLARI SURIYADAN DA ÇIXA BILƏR

ABŞ Əfqanıstanı tərk etməsinin ardınca Suriyadan da çıxacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinə yaxın olan “Foreign Policy” nəşri məlumat yayıb.

Cozef Baydenin prezident seçilməsindən sonra Vaşinqtonun Yaxın Şərq siyasətinə diqqət çəkilən məqalədə bildirilir ki, Bayden administrasiyası getdikcə Suriya siyasətindən uzaqlaşır.

Nəşrin məlumatına əsasən, ABŞ-ın Suriyadan çıxmasından sonra Türkiyənin bu ölkədə təsiri daha da güclənəcək. Həmçinin məqalədə Türkiyənin bölgədə gücünün artmasının YPG-nin sonunu gətirəcəyinə diqqət çəkilir.

Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də ABŞ qüvvələrinin hər an Suriyadan çıxa biləcəyini açıqlamışdı.

 

POLŞA BELARUSLA SƏRHƏDDƏ FÖVQƏLADƏ VƏZIYYƏT REJIMI ELAN EDIB

Polşanın Belarusla sərhədində fövqəladə vəziyyət rejimi elan edilib. “APA”nın verdiyi xəbərə görə, Polşa prezidenti Andjey Duda bununla bağlı sərəncam imzalayıb. Bildirilir ki, fövqəladə vəziyyət rejimi qanunsuz miqrantlarla əlaqədar olaraq tətbiq edilib.

Məlumata görə, Belarusla sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini Andjey Dudadan Nazilər Kabineti xahiş edib.

Fövqəladə vəziyyət rejimi 30 gün ərzində qüvvədə olacaq və onun müddəti uzadıla da bilər.

Verilən xəbərə əsasən, bu il avqust ayının əvvəlindən Belarusdan Polşa sərhədini qanunsuz keçməyə üç mindən çox cəhd göstərilib. 2020-ci il ərzində isə bu rəqəm 120 nəfər təşkil edib.

 

ÜST KORONAVIRUSUN “MU” ŞTAMMI ILƏ BAĞLI ARAŞDIRMA APARIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVID-19”un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb. Bu barədə “Report” agentliyi xəbər verib.

Məlumata əsasən, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır. “Mu” ştammı həmçinin “B.1.621” kimi məşhurdur. O, təşkilatın müşahidəsi siyahısına “maraqlı variant” kimi əlavə edilib.

Yeni variant potensial immun yayınma xüsusiyyətlərinə malikdir. İlkin məlumatlar göstərir ki, o, “beta” ştammına bənzər vaksinasiyadan yayına bilər. Mütəxəssislər həmçinin bu ştammla bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Məlumat üçün qeyd edək ki, “Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni ştam azı 39 ölkədə mövcuddur.

 

DÜNYANIN ƏN YAXŞI ALI TƏHSIL OCAQLARININ REYTINQI MƏLUM OLUB

Böyük Britaniyanın “Times Higher Education” jurnalı dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqini dərc edib. “APA”nın məlumata görə, siyahının ilk onluğuna yalnız Britaniya və Amerika universitetləri yer alıb. Belə ki, reytinqin lideri Britaniyanın Oksford Universiteti olub. İlk üçlüyə ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu və Harvard Universiteti daxil olub.

ABŞ-ın Stenford Universiteti dördüncü, Britaniyanın Kembric Universiteti beşinci yerə layiq görülüb. İlk onluqda həmçinin Massaçusets Texnologiya İnstitutu, Prinston, Kaliforniyanın Berkli Universiteti, Yel Universiteti və Kolumbiya Universiteti yer alıb.

Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 99 ölkəsinin 1600 ali təhsil müəssisəsi əks olunub. Universitetlər beş qrupa birləşdirilmiş 13 parametr üzrə qiymətləndirilib. Bunlar elmi məqalələrdən sitat gətirmək, innovasiyaya töhfə vermək, tədqiqat fəaliyyətindən əldə olunan gəlir, tədrisin keyfiyyəti və universitetin qloballaşma dərəcəsidir.

PUTIN UZAQ ŞƏRQDƏN ƏHALI AXINININ SƏBƏBINI AÇIQLAYIB
Əhalinin Rusiyanın Uzaq Şərq regionunu tərk etməsinin qarşısını almaq üçün bu günə qədər kifayət qədər işlər görülmür. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Uzaq Şərqin inkişafı ilə bağlı müşavirədə çıxışı zamanı bəyan edib.

“Biz əhalinin çıxıb getməsini müşahidə ediriksə, deməli, nə qədər çox iş görülsə də, görülən tədbirlər kifayət deyil. Axın tempi azalıb, lakin yenə də var. Əgər vəziyyət bizim istədiyimiz kimi olsaydı, insanlar özləri üçün rahatlıq hiss etsəydilər, o zaman buradan getməz, əksinə, bura gələrdilər”, - deyə Vladimir Putin vurğulayıb.

Rusiya prezidenti həmçinin qeyd edib ki, dövlətin qarşısında duran tarixi vəzifə təkcə insanların əsrlər boyu mənimsənilmiş ərazilərdə saxlanması deyil, həm də onların sayının artırılmasıdır.

 

“TALIBAN” HƏRƏKATI PƏNCŞIR MÜQAVIMƏTINI YARA BILMIR

“Taliban” hərəkatı Pəncşirdəki müqavimət güclərinə qarşı iki istiqamətdən hücuma keçsə də, hər iki cəhd uğursuzluğa düçar olub. Bu barədə “RİA Novosti” agentliyinə müqavimət hərəkatının nümayəndəsi Fahim Dəşti məlumat verib.

“Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, müqavimət qüvvələri bəyan ediblər ki, toqquşma nəticəsində 350 “Taliban” üzvünü zərərsizləşdiriblər.

Eyni zamanda, “Taliban”ın nüamayəndəsi Zabihulla Mücahid açıqlamasında taliblərin Pəncşir boyunca irəlilədiklərini bildirib. Onun sözlərinə görə, nəticədə 11 müqavimətçi ələ keçirilib və ən azı 36 nəfər öldürülüb. Ölənlərdən ikisi müqavimət hərəkatının komandirləri olub.

Qeyd edək ki, sentyabrın 2-də “Əl-Cəzirə” telekanalı “Taliban” hərəkatının müqavimət qüvvələrinin lideri Əhməd Mənsurla danışıqların uğursuzluqla nəticələndiyini və silahlıların Pəncşir əyalətindəki müqavimət güclərinə hücuma keçəcəyi barədə məlumat vermişdi.

 

AYLANIN XATIRƏSI CƏSƏDININ TAPILDIĞI SAHILDƏ YAD EDILIB

Türkiyədə altı il əvvəl Egey dənizinin Bodrum sahillərində qayığın batması nəticəsində dünyasını dəyişən suriyalı azyaşlı Aylanın xatirəsi yad edilib. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, anım mərasimi Aylanın cəsədinin aşkarlandığı sahildə keçirilib.

Mərasimə hazırda çəkilişləri davam etdirilən “Aylan Baby” filminin kollektivi də qatılıb. Mərasim iştirakçıları tərəfindən çiçəklərlə sahildə “Aylan Baby” ifadəsi əks olunub. Daha sonra aralarında uşaqların da olduğu qrup Aylanın ölümünü simvolizə etmək üçün sahildə uzanaraq qaçqınların çəkdiyi əziyyətlərə diqqəti cəlb etməyə çalışıblar.

 

KANADADA MƏCBURI VAKSINASIYAYA QARŞI ETIRAZ AKSIYALARI KEÇIRILIB

Kanadanın müxtəlif bölgələrində vətəndaşların müəyyən kateqoriyalarının məcburi vaksinasiyası, eləcə də “COVID” pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib. “APA”nın məlumatına görə, ən böyük aksiya Vankuver şəhərində baş tutub.

Aksiyada 5 min nəfər iştirak edib. Britaniya Kolumbiyası rəhbərliyi bütün səhiyyə işçilərinin 31 oktyabr tarixinə qədər məcburi vaksinasiya olunmalarını açıqlayıb.

Etirazlar bölgədəki Kamlups, Viktoria və Nanaimo kimi digər şəhərlərdə də keçirilib. Etirazçılar hesab edirlər ki, hakimiyyət bu cür hərəkətləri ilə həm Kanada Hüquq və Azadlıqlar Xartiyasını, həm də yerli qanunlarla təmin edilən hüquqları pozur.

Bəzi etirazçılar hakimiyyətin hərəkətlərini irqi ayrı-seçkilik dövrü və nasist Almaniyasındakı nizamla müqayisə ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.