DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSIYA VƏ ÇIN LIDERLƏRI ƏFQANISTANDAKI VƏZIYYƏTI MÜZAKIRƏ EDIBLƏR

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının  sədri Si Cinpin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, tərəflər arasında telefon danışığı baş tutub.

Bildirilir ki, liderlər Əfqanıstandakı vəziyyəti müzakirə edərkən qeyri sabitliyin qonşu regionlara keçməsinin yolverilməzliyini vurğulayıblar.

Eyni zamanda, Vladimir Putin və Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.

Həmçinin qeyd olunur ki, Moskva və Pekin Əfqanıstandan qaynaqlanan terror təhlükələri və narkotik ticarəti ilə mübarizəni gücləndirməyə hazırdır.

 

AVROPADA QAZIN QIYMƏTI BAHALAŞMAĞA BAŞLAYIB

Avropada qazın spot qiyməti ötən həftəki 10 dollarlıq ucuzlaşmadan sonra yenidən artmağa başlayıb. “Report” agentliyinin məlumatına görə, buna “Şimal axını-2” boru xəttinin tikintisinin başa çatmasına cəmi 15 kilometr qalması barədə bəyanat səbəb olub.

Niderlanddakı TTF habı üzrə qazın qiyməti 9,6 faiz artaraq min kubmetr üçün 546 ABŞ dollarına çatıb.

Bildirilir ki, son bir neçə gündə “Yamal-Avropa” qaz xətti ilə mavi yanacağın tədarükünün əhəmiyyətli dərəcədə artması da qiymət bahalaşmasına mane olmayıb. Avropanın yeraltı anbarlarında xammal ehtiyatlarının səviyyəsi 64,75 faizə çatıb.

Qeyd edilir ki, yaranmış ajiotaj fonunda “Qazprom” 2021-ci il üzrə ixrac qiyməti proqnozunu 30 faiz artırıb.

 

YAPONIYA HÖKUMƏTI KORONAVIRUSLA BAĞLI SƏRT ADDIMLAR ATIR

Yaponiya hökuməti daha 8 prefekturada koronavirus səbəbindən fövqəladə vəziyyət elan edilməsi haqqında qərarı təsdiq edib. “Report”un verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Yosihido Suqa məlumat verib.

“Ölkədə qeydə alınmış yoluxma hallarının sayı artır. Bununla əlaqədar olaraq, Ayti, Qifu, Mie, Okayama, Siqa, Hirosima və Hokkaydo prefekturalarını fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi zonaya daxil etməyə qərar verdik. Fövqəladə vəziyyət avqustun 27-dən sentyabrın 12-dək qüvvədə olacaq”, - deyə baş nazir vurğulayıb.

Verilən xəbərə əsasən, hazırda Tokio, Osaka, Kioto və Okinava da daxil olmaqla, Yaponiyanın 47 prefekturasından 21-də fövqəladə vəziyyət rejimi tətbiq edilir.

 

KOSMONAVTLAR ÜÇÜN YENI TEXNOLOGIYA: HAVA ƏVƏZINƏ MAYE

“Roskosmos”un baş direktoru Dmitri Roqozin bildirib ki, 2017-ci ildə təşkil olunmuş eksperimentin nəticələrindən 10-15 il sonra kosmonavtları uzun məsafələrə göndərmək üçün istifadə olunacaq. Yəni onlar fantastik filmlərdə gördüyümüz kimi, xüsusi maye ilə dolu kapsullarda uzunmüddətli uçuşları rahatca keçirəcəklər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, həmin eksperiment zamanı Nikolas adlı taksa maye ilə dolu akvariuma salınmışdı və su altında nəfəs alırdı.

Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2017-ci ilin dekabrında D.Roqozin su altına nəfəs almağa imkan verən oksigen tərkibli mayeni nümayiş etdirmişdi. Bunun üçün taksa it cinsindən istifadə olunmuşdu. Maye dolu çənə atılan taksa ağciyərləri maye ilə dolanadək çabaladı, daha sonra isə rahatca nəfəs almağa başladı.

“Roskosmos” rəhbəri eləcə də təcrübədə istifadə olunan taksanın taleyindən də danışıb. Onun sözlərinə görə, it hazırda onun köməkçisi Artyom Lepesinin yanında yaşayır.

 

DÜNYA ƏHALISINƏ “COVID-22” ILƏ BAĞLI XƏBƏRDARLIQ

Dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı daha bir qorxunc açıqlama verilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Sürix Texniki Federal Məktəbinin professoru Sai Reddi “COVID-22” adlandırdığı koronavirusun yeni variantının dünyada dominant olan “delta” ştammından daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib.

Güclü bir ştammın yayılmasının qaçılmaz olduğunu iddia edən professor dünya əhalisini yeni təhlükəyə hazırlıqlı olmağa çağırıb. “Yeni varianta qarşı hazırlaşmalıyıq. Əgər belə bir ştamm üzə çıxarsa, onu mümkün qədər erkən aşkar etməliyik və peyvənd istehsalçılarının peyvəndi tez bir vaxtda yeni varianta uyğunlaşdırmasını təmin etməliyik”, - deyə Sai Reddi vurğulayıb.

Xatırladaq ki, bir sıra alimlər son dövrlərdə “alfa”, “beta”, “delta” və “qamma” kimi ştammların daha çox yoluxucu və ölümcül variantların birləşməsindən “superştammın” ortaya çıxa biləcəyi barədə xəbərdarlıq ediblər.

 

ABŞ-DA MILYARDERLƏRIN SƏRVƏTI VƏ SAYI ARTIB

ABŞ milyarderləri koronavirusun yayılması nəticəsində ortaya çıxan ciddi iqtisadi ziyana baxmayaraq, son 17 ayda sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar. “Report”un məlumatına görə, bu barədə Vaşinqtondakı Siyasi Araşdırmalar İnstitutunun dərc etdiyi hesabatda bildirilir.

Tədqiqatçılar amerikalı milyarderlərin pandemiya dövründə 1,8 trilyon ABŞ dolları varlandığını qeyd ediblər.

Hesablamalara görə, 2020-ci ilin mart ayında ABŞ-da 614 milyarder var idisə, bu ilin avqust ayında onların sayı 708 nəfərə çatıb.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, bu müddət ərzində “Amazon”un qurucusu Ceff Bezos 75 milyard, “Microsoft”un yaradıcısı Bill Qeyts 32,6 milyard, “Facebook”un baş direktoru Mark Zukerberq isə 74,2 milyard dollar gəlir əldə ediblər.

 

KOLUMBIYA SAKININƏ 7 DƏFƏ KORONAVIRUSA QARŞI PEYVƏND VURULUB

Kolumbiya sakini yeddi dəfə koronavirusa qarşı peyvənd edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Noticias Caracol” telekanalı məlumat yayıb.

Ölkənin Kali şəhərinin səhiyyə rəsmisi Mierlandi Torres deyib: “Bu, 60 yaşdan yuxarı və psixoloji problemləri olan bir adamdır”.

Bildirilir ki, ona müxtəlif şirkətlərin, xüsusən də “Sinovac”, “AztraZeneca”, “Pfizer” və “Janssen” şirkətlərinin peyvəndləri vurulub. Eyni zamanda, verilən xəbərə görə, həddindən artıq çox sayda vurulan dozalar həmin adama heç bir yan təsir göstərməyib.

 

SPIRTLI IÇKI ISTIFADƏSI DAMARLARIN ERKƏN YAŞLANMASINA SƏBƏB OLUR

Gənc yaşlarda spirtli içki istifadəsi qan damarlarının erkən yaşlanmasına gətirib çıxarır. Avropa Kardiologiya Cəmiyyətinin 2021-ci il konqresinə təqdim etdiyi elmi işin müəllifi Hüqo Uolford davamlı spirtli içki istifadəsinin damarların yaşlanmasına səbəb olduğunu bildirərək istehlak edilən spirtin miqdarının artması ilə arteriya damarlarının tıxanıqlığının da çoxaldığını bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Elmi məqalədə damarların təbii olaraq zamanla elastik quruluşunu itirərək daha çox sərtləşdiyi və bu damarların ürəklə bağlı narahatlıqlar və iflic kimi xəstəlik risklərini artırdığı bildirilib.

Sözügedən araşdırmada 17-24 yaşlarındakı gənclər arasında tez-tez spirtli içki istifadəsinin damar tıxanmasında təsirlərindən bəhs edilib. Araşdırma 1655 iştirakçının fərqli səviyyələrdə spirtli içki və tütün istifadəsinə görə təsnif edilərək hazırlanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.