“Made in Azerbaijan” brendi xarici bazarlarda
İQTİSADİYYAT

“Made in Azerbaijan” brendi xarici bazarlarda

Qeyri-neft məhsullarının ixracının təşviqi valyuta imkanlarını artırır

Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Uğurla həyata keçirilmiş Dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib.

Prezident İlham Əliyevin düşünülmüş siyasəti, güclü iradəsi və düzgün seçilmiş ardıcıl fəaliyyətinin sayəsində  ölkə iqtisadiyyatının son 10 ildə inkişaf tendensiyası davam etməkdədir. Ölkə başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və sərəncamlar qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar yaradıb. Kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub.

Uğurlu xarici siyasət sayəsində müxtəlif dövlətlərlə siyasi əlaqələrin güclənməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda uğurlu təşviqi, ayrı-ayrı ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması nəticəsində qeyri-neft sektoru məhsullarının ixracının artırılması ölkəmizə valyuta axınının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı 2016-cı ildə respublikamıza ən çox valyuta gətirən məhsulları da açıqlayıb: “Birinci yerdə fındıqdır. Bu məhsul ölkəmizə 105 milyon valyuta gətirib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaq. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik”.

Qeyd edək ki, ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.

Ölkə başçısının “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” 2016-cı il tarixli 5 oktyabr Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılmasına mühüm töhfə verir. Bu sənəddə əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir. Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının bu ölkəyə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.

Bu ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 501,5 milyon dollar təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon dollar və ya 16,4 % artıb.

Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz bəndi artaraq 12,1 % olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi-nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və ya 25,4% artıb.

2021-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon dollar, pambıq lifi ixracı 109,3 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon dollar, pambıq ipliyi ixracı 17,8 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 19,2 milyon dollar, şəkər ixracı 16,3 milyon dollar, bitki-heyvan mənşəli piylər və yağlar ixracı 13,8 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon dollar və çay ixracı 3,7 milyon dollar təşkil edib.

Bu ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22% və ya 38 milyon dollar daha çoxdur. Habelə 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon dollar təşkil edib.

2021-ci ilin birinci rübü ərzində Türkiyəyə 163,1 milyon dollar, Rusiyaya 129,8 milyon dollar, İsveçrəyə 44,7 milyon dollar, Gürcüstana 38 milyon dollar və ABŞ-a 18,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon dollar təşkil edib. 2021-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon dollar) və Gürcüstan üçüncü (9,7 milyon dollar) olub.

2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon dollar) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 milyon dollar) üçüncü olub.

Cari ilin I rübündə meyvə-tərəvəz ixracı 97,2 milyon dollar, pambıq lifi ixracı 69 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon dollar, pambıq ipliyi ixracı 10,3 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 9 milyon dollar, şəkər ixracı 9 milyon dollar, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon dollar, bitki və çay ixracı 2 milyon dollar təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-ni təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.

Əli SADIQOV

“Respublika”.