DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Məlumat

DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasına, sərhəd xidmətinin xüsusiyyətlərinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılmasına yüksək diqqət yetirilir.

Bu tədbirlər çərçivəsində müxtəlif mövzularda müsabiqələrin təşkili xüsusi yer tutur.

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönümü ərəfəsində sərhədçilərin Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında göstərdikləri qəhrəmanlıqları tərənnüm edən “Zəfər yürüşlü sərhədçilər” mövzusunda təsviri sənət, bədii ədəbiyyat, qəzet məqaləsi dekorativ-tətbiqi sənət və orta məktəb şagirdləri arasında inşa yazısı nominasiyaları üzrə müsabiqələr keçirilmişdir.

Müsabiqələrdə 300 nəfərdən çox yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlər sırasından ən yaxşıları seçilərək 30 şer, 17 hekayə, 6 qəzet məqaləsi, 48 inşa yazısı, 53 rəsm və 29 dekorativ-tətbiqi sənət işləri müsabiqənin finalına buraxılmış, Təhsil Nazirliyinin, Mətbuat Şurasının, Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmişlər.

Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında qeyd olunan qurumların nümayəndələrinin iştirakı ilə yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistan üzərində qazandığı Zəfərdən və qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərin göstərdikləri rəşadətdən danışmışlar.

Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı onların intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən göstərilən qayğı, sərhədçi peşəsinə rəğbət hissinin və həvəsin aşılanmasında bu kimi müsabiqələrin böyük əhəmiyyət kəsb etməsini xüsusi vurğulamışlar.

Mərasimdə qaliblər mükafatlandırılmış, müsabiqəyə təqdim olunmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir.