Sağlam həyat
Maraqlı

Sağlam həyat

“Gündə bir alma həkimi uzaqlaşdırır” deyirlər...

Məşhur ingilis atalar sözündə deyilir ki, “Gündə bir alma həkimi uzaqlaşdırır”. Görəsən, bu meyvəni gündəlik istehlak etməklə həkimdən nə zamana qədər qaça bilərik? Bir az fantastik kimi görünsə də, məlum olub ki, bu aforizmdə mütləq bir həqiqət var. Almaniyanın beynəlxalq bir araşdırma qrupu bu məşhur meyvənin, öyrənmə, yaddaş, bir sözlə,  zehni inkişafı yaxşılaşdıran kimyəvi maddələrlə zəngin olduğunu aşkar edib.

Almaniyanın Neyrodegenerativ Xəstəliklər Mərkəzinin alimləri almanın idrak funksiyasını qorumaq üçün həyati əhəmiyyətə malik olduğunu söyləyirlər. Onlar bu meyvənin, beyin də daxil olmaqla, ümumilikdə orqanizmə müsbət təsir göstərə biləcəyini qeyd ediblər.

Tədqiqatçılar laboratoriyada gəmiricilərin beyinlərindən kök hüceyrələri götürərək petri qablarında yetişdirib  Quercetin və DHBA (dihidroksibezoik turşusu) kimi alma ekstraktlarının  neyronların böyüməsinə və hüceyrələrin artımına səbəb olduğunun şahidi olublar.

 “Almanın qabığında olan Quercetin və DHBA təbii qoruyuculardır. Hər iki kimyəvi maddə eyni şəkildə hərəkət edir, zərərli sərbəst radikalları məhv edərək hüceyrələri qoruyur. Tapıntılarımız Alzheimer xəstəliyindən qorunmaq üçün də təsirli ola bilər”-deyə professor Gerd Kemperman qeyd edib.

Tədqiqatla bağlı məlumat “Study finds” veb saytına istinad edilib.

 

Ödün iştahımıza təsiri     

İsveçrənin Ecole Polytechnique Federale de Lausanne Universitetinin alimlərinin araşdırmalarına görə öd yalnız həzmə deyil, birbaşa beynimiz vasitəsilə iştaha da təsir edir. Alimlər ödün aclığı və iştahımızı tənzimləyən kompleks sistemin bir hissəsi olduğunu söyləyirlər.

Öd kisəsinin əsas funksiyası əslində yağların həzminə kömək etməkdir. Qəribəsi odur ki, araşdırmalar yemək əsnasında və sonra beyində öd duzu molekullarına rast gəlindiyini ortaya qoyur.

Təcrübələr öd duzlarının beyindəki TGR5 reseptoruna bağlandığını və beləliklə hipotalamusda iştahı stimullaşdıran iki maddənin aşağı düşməsinə təsir edən reaksiyalar “şəlaləsi”ni tətiklədiyini göstərir.

Elm adamları yeməkdən sonra ödün beyinə nə vaxt daxil olduğunu izləmək üçün siçanlar üzərində təcrübələr aparıblar və məlum olub ki, hipotalamusda safra duzlarının konsentrasiyası artdıqca gəmiricilərin iştahı azalıb.

 “Öd duzları reseptora bağlandıqdan bir neçə dəqiqə sonra iştahı stimullaşdıran AgRP və NPY peptidlərinin sərbəst buraxılmasına maneə törədir. Nəticələr göstərir ki, öd yalnız bağırsaqda və qaraciyərdə deyil, həm də beyində bir xəbərçi maddə kimi mühüm rol oynayır. Göründüyü kimi, yeməkdən sonra toxluq hissi yaratmağa və iştahı tam bir şəkildə azaltmağa kömək edir”-deyə tədqiqat rəhbəri Alessia Perino izah edib.

Məqalə “Scinexx” veb saytında yayımlanıb.

 

Yatarkən yağ yandıran çay

Müəyyən səbəblərdən idmana zaman ayıra bilməyib arıqlamaq istəyənlər üçün sevindirici bir xəbər var. Yeni bir araşdırma yatmazdan əvvəl bir fincan çay ilə arıqlamanın mümkünlüyünü sübut edir. Yaponiyanın Tsukuba Universitetinin tədqiqatçıları oolong çayının istirahət edərkən belə yağların parçalanmasına kömək edə biləcəyini söyləyirlər.

Oolong çayı (Camellia sinensis) xoş ətirli, kofein tərkibli və rahatlaşdırıcı təsirə malik içki növüdür. Bu çayın sağlamlıq baxımından çox faydası var. Çünki tərkibi yaşıl və qara çayın birləşməsidir. Çində təxminən 400 il əvvəl becərilməyə başlanılıb.

Professor Kumpei Tokuyamanın rəhbərliyi ilə tədqiqatçı qrupu hər gün bir fincan oolong çayı içməklə bədəndəki yağ yandırma prosesini əhəmiyyətli dərəcədə stimullaşdırmağın mümkün olduğunu müəyyən edib.

 “Yaşıl çay oksidləşməyə məruz qalmır və yumşaq ləzzətə malikdir. Qara çay isə tam əksinə, oksidləşir. Oolong ortada bir yerə düşür, yarpaqları qismən oksidləşir və həm yaşıl, həm də qara çayın xüsusiyyətlərini daşıyır. İçki bədəndə daha çox istilik yaranmasına kömək edir. Bu da öz növbəsində maddələr mübadiləsinin sürətini artırır. Həmçinin, mütəmadi olaraq oolong çayının istehlakı yeni yağ hüceyrələrinin istehsalına mane ola və uzunmüddətli təsiri ilə bədəni piylənmədən qoruya bilər. Növbəti araşdırmamızda kofeinsiz oolong çayını sınamaq niyyətindəyik”- deyə tədqiqat rəhbəri qeyd edib.

Araşdırma “Nutrients” jurnalında dərc edilib.

 

Omeqa-3 pəhrizi miqren ağrılarını azaldır

Dünyada ən çox yayılmış, üçüncü xəstəlik olan miqrenlə bağlı yeni bir araşdırma aparılıb. Şimali Karolina Universitetinin alimləri omeqa-3 yağlarının miqren hücumlarının tezliyini və şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini iddia edirlər.

Çox zaman baş ağrılarının əsl səbəbi olan miqrenə, qadınlarda kişilərdən daha çox rast gəlinir. Bu xəstəlik 4-72 saat davam edən şiddətli ağrı hücumları ilə xarakterizə olunur.

 “British Medical Journal” jurnalında nəşr olunan araşdırmada omeqa-3 ilə zəngin qızıl balıq və skumbriya kimi balıqların miqrenə müsbət təsir edəcəyindən bəhs olunub. Qızılbalıq və skumbriya balanslaşdırılmış omeqa 3-6-9 yağ turşuları profilinə malikdir və iltihab əleyhinə təsir göstərə biləcək qidalar sırasındadır. Bu qidalar riboflavin də daxil olmaqla yüksək miqdarda B vitamini ehtiva edir.

Elm adamları miqrendən əziyyət çəkən 182 nəfər üzərində araşdırma aparıblar. Təcrübə zamanı iştirakçıların pəhrizinə hər ay omeqa-3,6 yağları ilə zəngin qidalar verilib. İştirakçılar elektron gündəlikdən istifadə edərək gün ərzində baş ağrılarını qeydə almaqla yanaşı, miqren testi də ediblər. Nəticədə məlum olub ki, respondentlərdə ayda 4 dəfə daha az miqren ağrıları yaşanıb.

İngiltərənin Milli Sağlamlıq Xidməti (NHS), sağlam və balanslı bir pəhrizə həftədə ən azı iki pay yağlı balıqların əlavə edilməsini tövsiyə edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.