Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
Digər xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru iyulun 30-da Milli Məclisə təqdimatla müraciət edib. Təqdimatda parlamentin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi xahiş olunur.

Milli Məclisin daxili Nizamnaməsinin 22-ci maddəsinin birinci hissəsinə görə, Baş prokurorun təqdimatına parlamentdə 7 gün müddətində baxılmalıdır. Odur ki, Milli Məclisin 53 deputatının tələbi ilə bugünkü növbədənkənar sessiya çağırılıb.

Sonra iclasda çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, onun tərəfindən Milli Məclisə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə parlamentin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat ünvanlanıb. Təqdimatın ünvanlanması üçün kifayət qədər əsas mövcuddur. Dünən təqdimata Milli Məclisin İntizam komissiyasında baxılıb və müvafiq rəy verilib.

Baş prokuror bildirib ki, Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. İstintaq hərəkətlərinin aparılması üçün Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir.

İclasda çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov komissiyanın rəyini diqqətə çatdırıb. Komissiyanın rəyində deyilir ki, Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsas var və məsələ Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Musa Quliyev, Zahid Oruc, Tahir Rzayev, Bəxtiyar Əliyev, deputatlardan Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Erkin Qədirli, Tahir Kərimli, Aydın Mirzəzadə, Razi Nurullayev, İlham Məmmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı və Sabir Rüstəmxanlı gündəlikdəki məsələ barədə fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, VI çağırış Milli Məclis fəaliyyətə başladığı gündən indiyədək Sahibə Qafarovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərib, pandemiya dövrü olmasına baxmayaraq, mühüm qərar və qanunlar qəbul edib, 44 günlük Vətən müharibəsi zamanı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Qeyd olunub ki, VI çağırış Milli Məclis Vətən müharibəsindəki möhtəşəm Qələbəmizə şahidlik etmiş parlamentdir.       

Sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

İclasa yekun vuran Sahibə Qafarova bildirib ki, Milli Məclisin deputatı olmaq yüksək şərəfdir, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi müdrik siyasi və dövlət xadiminin rəhbərlik etdiyi ölkədə deputat olmaq daha böyük şərəf, həm də etimaddır. 

Milli Məclisin sədri vurğulayıb ki, Prezident İlham Əliyev xalqımızı Vətən müharibəsində qələbəyə çatdırmış bir Liderdir. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası indiyədək möhtəşəm inkişaf yolu keçib, həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, bundan sonra daha böyük uğurlara imza atacaqdır.

S.Qafarova qeyd edib ki, 2020-ci il martın 10-da Altıncı çağırış Milli Məclisin birinci iclasında dövlətimizin başçısının etdiyi proqram xarakterli çıxış hamımızın yadındadır. Dövlətimizin başçısı parlamentin fəaliyyətinin necə qurulması ilə bağlı tövsiyələrini söyləmiş, eyni zamanda, Milli Məclisin üzvləri qarşısında qoyulan tələbləri də göstərmişdi. Prezident İlham Əliyev demişdi: “Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar, görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında, necə deyərlər, heç bir mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər”. 

Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən bir il yarıma yaxın dövrdə biz birlikdə parlamentin fəaliyyətini dövlət başçısının çıxışında irəli sürülmüş tövsiyələr əsasında qurmağa çalışmışıq. Milli Məclis Prezident İlham Əliyevin həyata keçirdiyi əsaslı islahatların ön sırasında olan dövlət qurumlarından birinə çevrilib.

Hər birimiz yaxşı başa düşməliyik ki, qanunvericilik orqanının üzvü, deputat olmaq həm də ciddi məsuliyyət deməkdir. Deputatın qəbul olunmuş qanunlara, icra orqanlarının qərarlarına necə əməl etməsi onun həm siyasi və ictimai xadim, həm də xalqın diqqət mərkəzində olan bir insan kimi yetkinliyini göstərir. Deputat özünü heç kəsdən üstün tutmamalı, danışığı, rəftarı ilə başqalarına nümunə olmalıdır.

Milli Məclisin sədri deputatın bu ada yaraşmayan hərəkəti ilə əlaqədar dərin təəssüfünü bildirib. Diqqətə çatdırıb ki, məsələnin müzakirəsi  göstərdi ki, Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsaslar vardır. İntizam komissiyasının rəyi də bunu göstərdi.

Sonra deputat Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyasının iclası başa çatıb.

AZƏRTAC