DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: YANĞINLARIN EYNI VAXTDA BAŞLAMASININ SƏBƏBI ARAŞDIRILIR

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin müxtəlif əyalətlərində meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır. “Trend” agentliyinin məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə prezidenti deyib: “Ölkənin 1140 nöqtəsində meşə yanğınlarının söndürülməsi davam edir. Sizi araşdırmanın nəticələrini gözləməyə çağırıram. Hökumət üzvləri də hazırda hadisə yerlərindədirlər. Bütün vasitələr meşə yanğınlarının lokallaşdırılmasına və söndürülməsinə yönəldilib”.

Dövlət başçısı həmçinin əlavə edib ki, DİN-in araşdırmasında meşə yanğınlarının səbəblərindən biri də təxribat hesab edilir.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, yanğınlarla mübarizədə hazırda 13 yanğınsöndürən təyyarə fəaliyyət göstərir: “Amfibiya” təyyarələrinin sayı Rusiya, Ukrayna, Azərbaycan və İrandan gələn yanğınsöndürən təyyarələrlə birgə artıb”.

Qeyd edək ki, Türkiyədə baş verən meşə yanğınları nəticəsində 6 nəfər həlak olub. Meşə yanğınlarından təsirlənən bölgələr “ümumi həyata təsir edən fəlakət bölgəsi” elan edilib.

 

İRAN MEDIASI: İSRAIL GƏMISINƏ EDILƏN HÜCUM CAVAB TƏDBIRIDIR

İranın ərəbdilli dövlət televiziyası “Al-Alam” Oman sahillərində İsrail gəmisinə edilən hücumun Təl-Əvivin Suriyadakı fəaliyyətinə cavab olaraq təşkil olunduğu bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, məlumatda hücumla bağlı əlavə detal açıqlanmayıb.

“İsrailin Suriyanın Əl-Qusayr bölgəsindəki Əl-Dəba hava limanına etdiyi hücumun qarşılığında Oman sahillərində İsrail şirkətinə məxsus bir neft tankeri hədəf alınıb”, - deyə telekanal qeyd edib.

Rəsmi Tehran məsələ ilə bağlı hələlik açıqlama verməyib.

İsrailli iş adamı Eyal Oferə məxsus Londonda yerləşən “Zodiac Maritime” şirkətinin verdiyi açıqlamada 1 ingilis və 1 rumıniyalı olmaqla 2 ekipaj üzvünün Oman sahillərində həyata keçirilən hücumda həyatını itirdiyi bildirilib.

İsrail xarici işlər naziri Yair Lapid hücumda İranı ittiham edib.

 

ALIMLƏR: ÖLÜM HALLARININ DAHA ÇOX OLACAĞI ŞTAMM YARANACAQ

Britaniya alimləri koronavirusun mutasiyalarının mümkün inkişaf ssenarilərini açıqlayıblar. Bu ssenarilərdən biri yoluxma nəticəsində ölüm səviyyəsi 35 faiz olan yeni ştammın yaranması ehtimalıdır. “Report” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Fövqəladə hallar üzrə Elmi Konsultativ Qrupunun hesabatında bildirilir.

Belə ki, ssenarilərdən biri xəstəliyi ağır keçirmə və yoluxanlar arasında ölüm hallarının daha çox ola biləcəyi yeni variantın yaranması ilə bağlıdır.

Sənəddə qeyd olunur ki, bu ştamma yoluxma nəticəsində ölüm səviyyəsi SARS-CoV (10 faiz) və MERS-CoV-un (35 faiz) göstəriciləri ilə eyni ola bilər.

Qeyd edək ki, SARS-CoV atipik sətəlcəmə, MERS-CoV isə “dəvə qripi”nə səbəb olur.

 

KOSMOSA UÇMAQ CEF BEZOSA BAHA BAŞA GƏLDI

“Amazon” şirkətinin banisi Cef Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən “Forbes Real-Time”ın siyahısında əks olunub.

Məlumata əsasən, hazırda Cef Bezosun sərvəti 192,4 milyard dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gündə 6,76 faiz və ya 13,9 milyard dollar azalıb.

Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard dollara çatır.

Siyahıda üçüncü yeri “SpaceX”in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti isə bir gündə 2,2 milyard dollar artaraq 179,4 milyard dollar təşkil edib.

 

BAYDEN: AMERIKALILARIN GÜCLƏNDIRICI PEYVƏNDƏ EHTIYACI YOXDUR

ABŞ prezidenti Cozef Bayden mütəxəssislərin gəldiyi qənaətə əsaslanaraq, amerikalıların yeni koronavirusa qarşı əlavə - gücləndirici dozaya ehtiyaclarının olmadığını bəyan edib. “APA”nın verdiyi xəbərə görə, ABŞ lideri bu barədə Ağ Evdə Vaşinqtonun pandemiya ilə mübarizədə atdığı yeni addımlarla bağlı etdiyi çıxışı zamanı bildirib.

“Bilirəm ki, bir çoxlarınızın gücləndirici peyvənd dozasına ehtiyacınızın olub-olmadığını düşünürsünüz. Hazırda həkim məsləhətçilərimin sözlərinə görə, buna ehtiyac yoxdur”, - deyə prezident vurğulayıb.

Bununla yanaşı, Cozef Bayden əlavə edib ki, əgər elmi təcrübələr gücləndirici bir dozaya ehtiyac olduğunu ortaya qoyarsa, belə bir addım atılacaq.

 

RUSIYA UKRAYNAYA ABIDƏLƏRLƏ BAĞLI NOTA VERDI

Rusiya Xarici İşlər Nazirliyi  Ukraynaya nota verərək, rəsmi Kiyevdən müharibə abidələrini qorumaq və bununla bağlı beynəlxalq öhdəliklərini və milli qanunvericilik normalarını yerinə yetirməsini tələb edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Rusiya diplomatik xidmətinin saytında məlumat yayılıb.

Açıqlamada Ukraynada sovet abidələrinin sökülməsi kursunun davam etdirilməsinin rəsmi Moskva tərəfindən qınanıldığı bildirilib.

Rusiya XİN-i Ukrayna rəhbərliyini keçmiş

SSRİ-nin bütün xalqlarının birgə səyləri ilə əldə edilmiş tarixi saxtalaşdırmaqda, ukraynalıları İkinci Dünya müharibəsindəki qələbədən məhrum etmək cəhdlərində ittiham edib.

Qeyd edək ki, iyul ayının əvvəlində 1970-ci ildə Lvov şəhərində nasizm üzərində qələbənin xatirəsinə qoyulmuş abidənin sökülməsi xəbəri yayılıb.

 

BRAZILIYAYA YAĞAN QAR 40-DAN ÇOX ŞƏHƏRDƏ HƏYATI IFLIC EDIB

Temperaturun rekord səviyyədə endiyi Braziliya intensiv qara təslim olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bir çox qəhvə, şəkər qamışı və portağal sahələri şiddətli soyuğa məruz qalıb.

Məlumata əsasən, Riu-Qrandi-du-Sul bölgəsində 40-dan çox şəhərdə buzlaşma baş verib.

İyulun 28-də ölkənin cənubunda yağmağa başlayan qar hələ də davam edir. Parana və Santa-Katarina əyalətlərində həmçinin temperaturun düşəcəyi gözlənilir.

Dünyanın qabaqcıl qəhvə istehsalçısı olan Braziliyada soyuq hava qəhvə və şəkərin qiymətlərinin artmasına səbəb olub.

Meteoroloqların fikrincə, Braziliyada aşağı temperatur və qarlı hava yaxın günlərdə də davam edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.