DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏDƏ MEŞƏLƏRI KIM YANDIRIR?

Türkiyənin ayrı-ayrı bölgələrində eyni vaxtda başlayan yanğınlar terror şübhəsini daha da artırıb. “Teleqraf.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankaranın Poladlı rayonunda ərazini yandırarkən saxlanılan şəxs cinayət başında tutulduqdan sonra ev həbsinə alınıb.

Şübhəlinin dosyesində işlədiyi bir çox cinayətin olduğu, eləcə də sosial şəbəkələrdə PKK terror təşkilatı ilə əlaqədar videolar paylaşdığı bildirlib.

Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Türkiyənin bir çox bölgəsində eyni vaxtda başlayan meşə yanğınlarında terror təşkilatının böyük rol oynadığı qənaətindədir. O, yanğın olayalarında PKK-nın izlərinin də artıq görünməyə başladığını vurğulayıb. “Bu bəşəri cinayətdir. İşin içində PKK izi görünməyə başlayıb. Məqsəd cəmiyyətdə narahatlıq, xaos, qeyri-müəyyənlik və qorxu yaratmaqdır. Bununla həm də cəmiyyətə “mən varam” mesajı ötürülür”, - deyə ekspert qeyd edib.

Abdullah Ağarın sözlərinə görə, hadisələrin baş verdiyi zaman daha çox şübhə doğurur: “Türkiyəni ümidləndirən layihələrin açıqlandığı, Qara dənizdə təbii qazın yandırıldığı bir gündə bu olayların baş verməsi diqqət çəkir”.

ABŞ-DA PEYVƏND OLUNMUŞ ŞƏXSLƏR “DELTA” ŞTAMMINA YOLUXUB

“COVİD-19” haqqında yeni məlumatlara əsaslanan ABŞ-ın tibb tənzimləyicisi koronavirusa qarşı peyvənd olunmuş ölkə vətəndaşlarının yenidən qoruyucu maskadan istifadə etməsi haqqında qərar qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Mütəxəssislər müəyyən ediblər ki, koronavirusa qarşı peyvənd olunmuş, lakin “Delta” ştammına yoluxmuş şəxslər burun-udlaq yolunda böyük həcmdə virus daşıyırlar.

Qəzet bildirir ki, bu məlumat alimlərin daha əvvəlki müşahidələri ilə ziddiyyət təşkil edir. Belə ki, daha əvvəl “COVID”in ilkin variantlarına qarşı peyvənd olunmuş pasientlərin yoluxma mənbəyi olması ehtimalının çox az olduğu bildirilirdi.

Məlumata görə, “Delta” ştammı MERS, SARS, Ebola qızdırması, soyuqdəymə və mövsümi qripə səbəb olan digər viruslarla müqayisədə daha yoluxucudur və yalnız suçiçəyi ilə müqayisə oluna bilər.

RUSIYA VƏ ÖZBƏKISTAN ƏFQANISTANLA SƏRHƏDDƏ HƏRBI TƏLIMLƏRƏ BAŞLAYIB

İyulun 30-da Əfqanstanla sərhədboyu ərazidəki “Termez” poliqonunda Özbəkistanla Rusiya hərbçilərinin təlimləri başlayıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Hərbi təlimlər iyulun 30-dan avqustun 3-dək Özbəkistanın Surxandarin vilayətində keçiriləcək. Rusiyanın 1500-dən çox hərbçisi təlimdə iştirak etmək üçün Özbəkistandadır.

Məlumata əsasən, avqustun 5-10-da Tacikistanın Xatlon vilayətindəki “Hərb meydanı” poliqonunda Rusiya, Özbəkistan və Tacikistan hərbçiləri birgə təlim keçirəcək.

Qeyd edək ki, Tacikistanla Əfqanıstan sərhədinin uzunluğu 910 kilometr, Özbəkistanla isə 150 kilometr təşkil edir.

BU REGIONLARDA KORONAVIRUSUN DÖRDÜNCÜ DALĞASI QEYDƏ ALINIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərq və Şimali Afrika ölkələrində koronavirusun dördüncü dalğasını qeydə alıb. Bu barədə “Sputnik” informasiya agentliyi xəbər verib.

“Yeni aşkar olunmuş və xəstəxanaya yerləşdirilmiş xəstələrin əksəriyyəti peyvənd olunmayan insanlardır. Hazırda bu bölgədə “COVID-19”un dördüncü dalğası yaşanır”, - deyə ÜST-ün Şərqi Aralıq dənizi bürosunun rəhbəri Əhməd əl-Mandhari bildirib.

Təşkilat rəsmisinin sözlərinə görə, adıçəkilən bölgələrdə koronavirusun “Delta” ştammı daha tez-tez qeydə alınır. Bu ştamma Mərakeşdən Pakistana qədər - Yaxın Şərq və Şimali Afrika bölgəsinin 15 ölkəsində rast gəlinir.

“Virusun “Delta” variantının sirkulyasiyası getdikcə Aralıq dənizinin şərqindəki ölkələrin daha çoxunda xəstəlik sayının və ölüm hallarının artmasına səbəb olur”, - deyə büronun bəyanatında bildirilir.

Son bir ay ərzində adıçəkilən bölgələrdə yoluxmaların sayı 55 faiz, ölüm halları isə 15 faiz çoxalıb.

PAKISTAN HÖKUMƏTINDƏN “TALIBAN”LA BAĞLI AÇIQLAMA

“Taliban”ın Əfqanıstandakı fəaliyyətindən Pakistan cavabdeh deyil”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Pakistanın baş naziri İmran Xan bəyan edib.

Baş nazir paytaxt İslamabadda əfqan jurnalistlərə verdiyi açıqlamada Pakistanda yaşayan “Taliban” ailələrinə qarşı hər hansı addım atmayacaqlarını, hökumətin “Taliban” üzvlərinin ailələrini həbs etmək niyyətində olmadıqlarını bildirib.

Əfqanların qarşısında iki variantın olduğuna diqqət çəkən baş nazir hərbi seçimin birinci variant olduğunu və Əfqanıstana sülh gətirmək üçün 20 ildir sınanmış bu cəhdin uğursuz olduğunu qeyd edib. İmran Xan digər seçimin “Taliban” və Əfqanıstan hökuməti arasında əhatəli siyasi barışıq olduğunu vurğulayıb.

SƏUDIYYƏ ƏRƏBISTANI AVQUSTUN 1-DƏN TURISTLƏRIN SƏFƏRINƏ ICAZƏ VERƏCƏK

Səudiyyə Ərəbistanı turist vizası sahiblərinə krallıqda təsdiq edilmiş koronavirusa qarşı hər hansı bir peyvəndin iki dozasını vurduqları halda 1 avqustdan etibarən ölkəni ziyarət etməsinə icazə verəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Turizm Nazirliyi öz “Twitter” səhifəsində məlumat yayıb.

“1 avqust 2021-ci ildən etibarən koronavirusa qarşı peyvənd olunmuş turist vizası sahiblərinin krallığa giriş məhdudiyyəti aradan qaldırılacaq. Onlar immunizasiya sertifikatı təqdim edildikdən sonra məcburi karantindən keçməli olmayacaqlar”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Bildirilir ki, turistlərin Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat əvvəl “COVID-19”la bağlı PCR testini verməsi vacibdir.

BÖYÜK BRITANIYADA KOSMIK KOMANDANLIQ YARADILIB

Böyük Britaniya Krallıq Hava Qüvvələri tərkibində ölkənin fəzadakı mənafeyini qorumaq üçün Kosmik Komandanlıq yaradılıb. “Report”un hökumətin saytına istinadən verdiyi xəbərə görə, Londonun yaxınlığında yerləşən Kosmik Komandanlığın qərargahında iyulun 29-da açılış mərasimi keçirilib.

Aviasiya vise-marşalı Pol Qodfreyin rəhbərliyik etdiyi yeni qurumun yaradılması qarşıdakı 10 il ərzində kosmosa əlavə olaraq 1,4 milyard funt-sterlinq investisiya ayırmaqla bağlı Müdafiə Komandanlığı Sənədindəki müddəalarda nəzərdə tutulub.

Böyük Britaniya Müştərək Kosmik Əməliyyatlar Təşəbbüsü çərçivəsində ABŞ, Almaniya, Avstraliya, Fransa, Kanada, Yeni Zelandiya ilə birgə öhdəliklər daşıyır.

“FACEBOOK” ISTIFADƏÇILƏRININ SAYI 2,9 MILYARD NƏFƏRƏ ÇATIB

Dünyada hər ay azı bir dəfə “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2,9 milyard nəfəri ötüb. “Trend” agentliyinin məlumatına görə, bu barədə şirkətin ilin ikinci rübə dair hesabatında xəbər verilib.

Bildirilir ki, göstərici ötən illə müqayisədə 7 faiz daha çoxdur. 2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə “Facebook” sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan isə şirkətin “Instagram”, “Messenger” və “WhatsApp” kimi xidmətlərindən birini ən azı ayda bir dəfə istifadə edib.

Məlumat üçün qeyd edək ki, “Facebook” şirkətinin gəliri bu il 29,08 milyard, xalis mənfəəti isə 10,39 milyard dollar təşkil edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.