DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKIDƏN ÖLKƏDƏ MILLI MÜQAVIMƏTIN YARADILMASI HAQDA SƏRƏNCAM

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə milli müqavimətin yaradılması və silahlı qüvvələrin sayının 261 minə çatdırılması haqda sərəncam imzalayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna lideri bu qərarın ölkənin təhlükəsizliyi üçün vacib olduğunu bəyan edib.

“Ukraynada milli müqavimətin gücləndirilməsi bir daha 2014-cü il hadisələrinə yol verilməyəcəyinə və Ukraynanın qorunmasının ümummilli vəzifəmiz olduğuna dair güclü siqnaldır”, - deyə V.Zelenski bildirib.

Sənəddə milli müqavimətin Ukraynanın müdafiəsinin tərkib hissəsi olduğu, vətəndaşların hərbi təhlükəsizliyinin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına və düşmənlə mübarizəyə yönəlmiş tədbirlər kompleksini əhatə etdiyi vurğulanıb. Xüsusilə, bu çərçivədə dinc dövrdə insanların əsas hərbi vərdişlərə yiyələnmələri üçün ümumi hərbi hazırlığa cəlb edilməsi planlaşdırılır.

ABŞ 500 IRANLIYA QARŞI SANKSIYANI QÜVVƏDƏ SAXLAYIB

Amerika Birləşmiş Ştatları İranın 500 hüquqi və fiziki şəxsinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməkdən imtina edib. “Report”un “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın Vyanadakı  daimi nümayəndəsi Kazım Qərib Abadi bildirib.

İran rəsmisinin sözlərinə görə, sanksiyalar ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə tətbiq edilib.

Eyni zamanda, Kazım Qərib Abadi əlavə edib ki, ABŞ rəsmiləri Donald Tramp hökumətinin nüvə anlaşmasından çıxmasına bənzər vəziyyətin bir daha təkrarlanmayacağına zəmanət verməkdən də imtina ediblər.

Qeyd edək ki, İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı ABŞ prezidenti Cozef Baydenlə görüşmək niyyətində olmadığını bildirib.

“SINOVAC” PEYVƏNDİNİN ÜÇÜNCÜ DOZASI ILƏ BAĞLI NƏTICƏLƏR AÇIQLANIB

Çin istehsalı olan “Sinovac” peyvəndinin üçüncü dozası ilə bağlı nəticələr açıqlanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, üçüncü doza vaksin sınaqlarında 540 nəfər iştirak edib.

Məlumata əsasən, ikinci dozadan 6 ay keçmiş vurulan “Sinovac” vaksini 28 gündən sonra həmin şəxslərdə antitel miqdarını 3-5 dəfə artırıb.

Bildirilir ki, 18-59 yaş arasında vaksin vurulan şəxslərdə ikinci dozadan sonra 16,9 faiz antitel yaranmışdırsa, üçüncü dozadan sonra bu rəqəm 35,2 faizə yüksəlib.

Tədiqatçılar bildirirlər ki, antitellərin virusun daha yoluxucu ştamlarına qarşı təsirli olub-olmadığı araşdırılmayıb.

“SWIFT”DƏN ÖDƏNIŞLƏRI SÜRƏTLƏNDIRƏCƏK YENI XIDMƏT

“SWIFT” beynəlxalq banklararası ödəniş sistemi az məbləğdə transsərhəd ödənişlərini daha tez və ucuz həyata keçirməyə imkan verən yeni xidməti istifadəyə verib. “Report” agentliyinin verdiyi xəbərə görə, “SWIFT Go” adlı xidmətlə kiçik biznes və istehlakçılar dünyanın istənilən nöqtəsində birbaşa bank hesablarından sürətli və təhlükəsiz ödənişlər edə biləcək.

Məlumata əsasən, yeni xidmət az məbləğdə ödənişlərin yollanmasını qiymət baxımından daha sərfəli edəcək.

Digər tərəfdən ödəniş həyata keçirilən vaxt komissiya və mübadilə üzrə valyuta məzənnəsi əvvəlcədən bilinəcək. Ödənişin statusunu həm yollayan, həm də alan tərəf onlayn rejimdə izləyə biləcək.

Artıq yeni xidmətlə 7 beynəlxalq bank, o cümlədən Rusiyanın ən iri bankı olan “Sberbank” işləyir.

İBRAHIM KALIN MEŞƏ YANĞINLARINI MILLI FƏLAKƏT ADLANDIRIB

“Meşə yanğınları milli fəlakətdir”. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu fikirləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” hesabında paylaşıb.

“Bütün qurumlarımız əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır. Çalışmalar fasiləsiz davam etdiriləcək” - deyə İbrahim Kalın qeyd edib.

Məlumata görə, yanğınlar Antalya, Ankara, Mərsin, Osmaniyə, Adana, Kayseri və Hatay meşələrini əhatə edib. Həmçinin yanğların qəsdən törədildiyi ehtimal edilir.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə iyulun 28-dən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 183 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli yanğınlar səbəbilə 6000 ha əkin sahəsinin, 500 ha otlaq sahəsinin yarasız hala düşdüyünü bildirib.

ƏFQANISTANDA XARICI PASPORT ALMAQ ÜÇÜN NÖVBƏLƏR YARANIB

ABŞ-ın Əfqanıstandan hərbçilərini çıxarmaq haqda qərarından və “Taliban” qruplaşmasının hücumlarından sonra əhali ölkəni sürətlə tərk etməyə hazırlaşır. “Teleqraf.com”un verdiyi xəbərə görə, gün ərzində 8 min əfqan xarici pasport almaq üçün uzun növbələrə toplaşır.

Bildirilir ki, insanlar bəzən bilet almaq üçün 12 saatadək Kabil şəhərinin dözülməz istisində gözləməli olurlar.

Ölkədə təhlükəsizlikdən narahat olan əfqanlar əsasən Almaniyaya getmək istəyirlər.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, yanvar ayından bəri 270 mindən çox əfqan evlərini tərk edib. Əfqan qaçqınların ümumi sayının dünya miqyasında 3,5 milyon olduğu təxmin edilir.

İRANIN ƏN BÖYÜK TUNELI ISTIFADƏYƏ VERILIB

İranın Tehran-Şimal magistral yolunun Əlborz vilayəti hissəsində ən böyük tunel hesab olunan 6,5 kilometr uzunluğunda tunel və əlaqədar avtomagistral yol  iyulun 29-da istifadəyə verilib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi bəyan edib.

Nazir müavininin sözlərinə görə, ümumilikdə 22 kilometr uzunluğunda olan bu tunel və əlaqədar magistral yolun inşası üçün 40 trilyon rialdan (təxminən 952 milyon dollar) çox vəsait xərclənib.

Nazir müavini bildirib ki, Tehran-Şimal magistral yolunda tunel və əlaqədar magistral yolun istifadəyə verilməsi ilə məsafə 45 dəqiqə azalıb.

NYU-YORKDA PEYVƏND OLUNANLARA 100 DOLLAR PUL VERILƏCƏK

Cümə günündən etibarən koronavirusa qarşı peyvənd olunacaq Nyu-York sakinləri 100 ABŞ dolları həcmində mükafat alacaqlar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə şəhər meriyası məlumat yayıb.

Peyvəndlənmədən əvvəl pul almaq üçün onun tarixini şəhərin ixtisaslaşdırılmış saytında qeyd etmək lazımdır.

Nyu-York ştatının səlahiyyətliləri daha əvvəl də sakinləri vaksinasiyadan keçməyə təşviq etməyə çalışmışdılar. Belə ki may ayının sonlarında 10 peyvəndləmə məntəqəsində vaksinasiya olunanlara əsas mükafatı 5 milyon ABŞ dolları olan lotereya biletləri verilirdi.

Son məlumatlara görə, Nyu-Yorkda ümumilikdə 9,9 milyon koronavirus əleyhinə peyvənd vurulub, 4,4 milyondan çox insan hər iki doza vaksin olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.