Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

NASA Veneraya bir neçə missiya planlaşdırır

ABŞ-ın kosmik agentliyi NASA qonşu Venera planetinə iki yeni missiya planlaşdırır. “DAVINCI” və “VERITAS” kosmik gəmiləri planetin keçmişini, Yer kürəsilə oxşarlıqlarını araşdıracaq.

NASA-nın Günəş sisteminin sirlərinin açılması və araşdırılmasına həsr olunmuş “Discovery” proqramı indi Yer kürəsinə ən yaxın qonşu Veneraya istiqamətlənib. Bu missiyaların 2030-cu ilədək bitiriləcəyi planlaşdırılır.

NASA son dəfə Veneranı 1990-cı ildə “Magellan” kosmik gəmisi ilə ziyarət etmişdir və 4 il boyunca qonşu planetdən dəyərli məlumatlar toplayaraq xəritə çıxarmışdır. Lakin bu missiya tam olaraq başa çatmamışdır. Belə ki, Veneranın səthinə çatmamış kosmik gəmi ilə əlaqə itmişdir. Amma bir sıra şəkillərlə planetin səthinin ilk xəritəsi yaradılmışdır.

Qonşu planetə göndərilməsi planlaşdırılan “DAVINCI” adlı kosmik gəmi Veneranın atmosfer tərkibini ölçəcək. Missiyanın digər məqsədi isə Veneranın hansısa okeana sahib olub-olmadığını təyin etməkdir. Bir sözlə, bu layihə tədqiqatçılara Venera ilə Yer kürəsinin geoloji xüsusiyyətlərini müqayisə etməyə kömək edəcək.

Digər göndərilməsi planlaşdırılan “VERITAS” kosmik gəmisi isə Veneranın geoloji tarixi haqqında dəlillər toplayacaq. Kosmik gəmi aktiv plitə tektonikası və vulkanizmi axtararaq planetin 3D ölçülü topoqrafik modellərini hazırlayacaq.

Hər iki kosmik gəmi ultrabənövşəyi görüntü spektrometrinə (CUVIS) sahib olacaq və radio müşahidələr apararaq manevrlər edəcəkdir.

Məqalə “Forschung und Wissen” jurnalında dərc edilib.

 

Qaz sızıntısını aşkar edən dron “sürüsü” dizayn edilib

Böyük binalarda və sənaye məkanlarında qaz sızmasını aşkar etmək üçün yanğınsöndürənlər detektorlardan istifadə edirdi. Bu isə insanlar üçün həyati təhlükələr bahasına başa gəlirdi. Amma xoşbəxtlikdən Hollandiyanın Delft Texnologiya Universitetinin tədqiqatçıları daha təhlükəsiz həll yolu taparaq, müasir texnologiyanın köməkliyi ilə qaz sızıntısını aşkar edən mini pilotsuz dronlar hazırlayıblar.

Böcək davranışlarından ilhamlanaraq dizayn edilən dronların diametri 12 santimetr, çəkisi isə 37,5 qramdır. “The Sniffy Bug” adlandırılan cihaz bir ovuca sığa biləcək qədər kiçikdir və sensorlardan istifadə edərək çox kiçik məkanlarda maneələrin arasından qaz konsentrasiyasına doğru irəliləyə bilir. Birdən çox “böcək sürüsü” eyni zamanda bir-birinə girmədən birləşdirilə də bilir. Robotlar hava axını sensorlarının vasitəsilə hədəfə doğru irəliləmə gücünə sahibdir. Ən maraqlısı isə bir-biriləri ilə əməkdaşlıq edərək, birinin sızıntının mənbəyini tapdığı halda digərlərinə xəbər verməsidir.

“Bu texnologiyanın ərsəyə gəlməsində bizim üçün ən böyük problem dronların sıx hesablama və yaddaş məhdudiyyətlərinə uyğun mürəkkəb tapşırıq üçün süni zəkanın dizaynı idi. Problemi naviqasiya və axtarış strategiyaları vasitəsilə həll etdik. Bu, kiçik robotların zəkasında əhəmiyyətli bir addımdır və real mühitdə insan həyatını təhlükəyə atmadan problemin həllini təmin edəcək”-Delft Universitetinin professoru Guido de Croon qeyd edib.

İnformasiyanı “İnnovations report” agentliyi yayıb.

 

Tibbi robot 30 dəqiqəyə beyin şişini aradan qaldırır

Müasir tibbdə beyin şişi əməliyyatı beş saat ərzində davam edən, ardından bir günlük reanimasiya, bir həftəlik stasionar müalicə və 2 ay müddətində bərpa olunan prosedurdur. Lakin indi super robot ZAP-X sayəsində bütün bu proseslər 30 dəqiqəyə bitəcək.

Avropanın CyberKnife Mərkəzi dünyada giroskopik radiocərrahiyyədə ən son texnoloji inkişafa imza atan ilk provayderlərdən biri olacaq.

ZAP-X radiocərrahiyyə platforması Kaliforniyada yerləşən tibbi cihaz firması Surgical Systems tərəfindən hazırlanmışdır.

Yeni metod xərçəngləri yüksək enerjili rentgen şüaları ilə müalicə etmək üçün sürətləndirici texnologiyadan istifadə edərək, misilsiz giroskopik hərəkətlə kobaltsız hədəfli dozaları təmin edir. Kobaltsız radiasiya canlı radioaktiv mənbələrə olan tələbatı aradan qaldırır və səhiyyədə yüksək xərcləri azaldır. ZAP-X müalicəsi anesteziya tələb etməyən, tamamilə ağrısız prosedurdur. Müalicə bitdikdən dərhal sonra xəstə evinə gedə bilər. Bu qeyri-invaziv prosedur erkən və orta mərhələli şişlər üçün nəzərdə tutulmuşdur və 3,5 santimetrdən böyük olmayan, yayılmamış metastatların müalicəsini təmin edir.

Robot tərəfindən edilən əməliyyatların dəyəri təxminən 7500 avro civarındadır. Klassik bir əməliyyatla müqayisədə bu prosedur gələcəkdə xəstələr üçün ağrısız olmaqla yanaşı, maddi baxımdan da bir sıra perspektivli qazanclar təmin edir.

Məqalə “Science news” veb saytında yayımlanıb.

 

“Elektron kağız” ekran texnologiyasında inqilab edə bilər

Hər kəs parlaq bir günəş şüası altında cib telefonunun ekranında nəyisə görməyə çalışarkən bunun nə dərəcədə çətin olduğunu bilir. Ancaq yeni texnologiya ilə bu problemin həlli mümkün olacaq.

İsveçrənin Chalmers Texnologiya Universitetinin tədqiqatçı qrupu yeni bir yansıtıcı ekran növü hazırlayıblar. Alimlər bu incə və çevik ekranı yaratmaq üçün qızıl, volfram və platin təbəqələrini birləşdiriblər.

“Nano Letters” jurnalında dərc olunan məqalədə heç bir LED gücünə sahib olmayan bu yeni texnologiyanın çoxsaylı üstünlüklərindən bəhs olunur. Elektron kağız son dərəcə az enerji istehlakı ilə klassik ekranlardan fərqli olaraq gözlər üçün daha az zərərlidir. Belə ki, yeni texnologiya retina üçün təhlükəli hesab edilən yüksək dozada mavi işıqdan istifadə etmir və gözlər üçün daha az yorucudur. Ekranlar LED-lərdə olduğu kimi yalnız ağ-qara işıqlandırma sisteminə malikdir. Şəffaf dizaynla istifadəçi artıq birbaşa görünən piksellərə baxır və bu da rəngləri daha çox tanıdır.

Bu texnologiya reklam sütunlarındakı rəqəmsal lövhələr və ya yuvarlaq səthlərdəki ekranlar kimi tamamilə yeni imkanlar açır. Çünki elektron kağızlarda işıqlandırmada heç bir LED-dən istifadə olunmadığı üçün çevik şəkildə işlədilə bilir. Yansıtıcı ekranlar üçün istifadə edilən materiallar mis və ya silikondan daha bahalı olsa da, elektron kağızlar əsl enerjiyə qənaət etmədə daha mükəmməl alternativ ola bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.