DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇXR SƏDRI ILK DƏFƏ TIBETƏ SƏFƏR EDIB

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Tibet Muxtar Vilayətinə səfər edib. “APA”nın “Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, Si Cinpinin Tibetə səfəri iyulun 21-22-də baş tutub.

ÇXR sədri iyulun 21-də Ninqçi şəhərinə təyyarə ilə uçub və ertəsi gün oradan Tibetin paytaxtı Lhasaya qatarla gedib. Lhasada Si Cinpin monastır və Potala Saray Meydanını ziyarət edib.

Qeyd edək ki, bu, Si Cinpinin ÇXR sədri kimi regiona ilk səfəridir. O, 2011-ci ildə Çinin vitse-prezidenti olarkən Tibetə səfər etmişdi.

Tibet Muxtar Vilayəti rəsmi Pekin üçün olduqca vacib və strateji əhəmiyyətə malikdir. Bölgənin iğtişaşlara meyilli olduğunu bildirən Çin hökuməti burada hərbi varlığını saxlayır.

TACIKISTANDA ÖLKƏ TARIXINDƏ ƏN BÖYÜK HƏRBI TƏLIM KEÇIRILIB

ABŞ və NATO qoşunlarının Əfqanıstandan qəfil geri çəkilməsi ilə “Taliban” qruplaşmasının irəliləməsindən sonra sərhəd xəttindəki Tacikistan təhlükəsizlik qüvvələri “həyəcan” komandasına keçib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkənin bütün hərbi qüvvələrinin iştirakı ilə Tacikistanda ölkə tarixində ən böyük təlim keçirilib. Təlimlə əlaqədar açıqlama verən ölkə prezidenti Emoməli Rəhmon sərhəd xəttində yarana biləcək qarşıdurmalar zamanı diqqətli olmağa çağırış edib.

Emoməli Rəhmon orduda xidmət edən 100 min aktiv canlı qüvvənin təliminə 130 min ehtiyat hərbçinin də səfərbər edildiyini açıqlayıb. Prezident təlim zamanı bölgəyə mindən çox hərbi texnika, yüzlərlə minaatan, helikopter və onlarca təyyarənin yerləşdirildiyini bildirib. O həmçinin bölgədə baş verə biləcək qarşıdurmaya hazır olduqlarını vurğulayıb.

DÜNYADA ÇIP DEFISITI 2023-CÜ ILƏ KIMI DAVAM EDƏ BILƏR

Yarımkeçirici çiplərin çatışmazlığı 2023-cü ilə kimi davam edə bilər. “Report” agentliyinin məlumatına görə, bunu “Intel” şirkətinin baş direktoru Pet Qelsincer bildirib.

Baş direktorun sözlərinə görə, tələb defisiti artıq bu ilin sonuna azalmağa başlayacaq: “TMSC” və “Intel” istehsal güclərini artırsa da, yeni zavodların tikintisinə bir neçə il sərf oluna bilər”.

Qeyd edilir ki, çiplərin qlobal çatışmazlığı bir sıra cihazların qiymətinin artmasına səbəb olub. Mühüm hissələrin yoxluğu istehsalatın dayanmasına gətirib çıxardığına görə iri avtomobil konsernləri daha çox zərər görüblər.

Xatırladaq ki, 1968-ci ildə təsis edilən “Intel” dünyanın ən aparıcı kompüter hissələri istehsalçılarından biridir. Şirkət mikroprosessorlar da daxil olmaqla geniş spektr elektron cihazlar hazırlayır.

RUSIYA HƏDƏLƏDI: ARTIQ GÜZƏŞT OLMAYACAQ

Rusiyanın yeni və bahalı silah yarışına sürüklənməsinə icazə verməyəcəyik. “Teleqraf.com”un xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. “Hər hansı təhdid və ultimatumu nəzərə almayacağıq, onlara qətiyyətlə müqavimət göstərəcəyik, suverenliyimizi daha da gücləndirəcəyik. İstər təcrid olunmağa, istərsə də qarşıdurmaya getməyəcəyik. Rusiyanın yeni və bahalı silah yarışına girməsinə imkan verməyəcəyik. Artıq özümüzü qorumaq üçün lazım olan hər şeyə sahibik”, - deyə XİN başçısı vurğulayıb.

Sergey Lavrovun fikrincə, Qərbə birtərəfli güzəştlər zəiflik kimi qiymətləndiriləcək: “1980-1990-cı illərdəki təcrübəmiz onu göstərir ki, tərəfimizdən hər hansı bir güzəşt yalnız zəiflik kimi qəbul edilir. Tərəfdaşlarımız bunu necə edəcəyimizi bildikləri üçün güzəştləri ciblərində gətirirlər və sonra getdikcə daha çox qəbuledilməz tələblər irəli sürürürlər”.

ABŞ-IN ÇINLƏ MARAQLARI KXDR-LƏ BAĞLI MƏSƏLƏDƏ QISMƏN ÜST-ÜSTƏ DÜŞÜR

Vaşinqton administrasiyası KXDR-in yaratdığı nüvə və raket problemləri ilə bağlı ABŞ və Çinin maraqlarının qismən də olsa üst-üstə düşdüyünə əmindir. “APA”nın məlumatına gögə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Şimali Koreya maraqların ən azı qismən üst-üstə düşdüyü sahələrdən biridir. Buna görə də KXDR-in raket proqramları və digər fəaliyyətlərinin yaratdığı təhdidlərdən söhbət düşərkən Çinlə müzakirələrin mümkün olduğunu düşünürük”, - deyə ABŞ-ın xarici siyasət idarəsinin rəsmisi vurğulayıb.

Ned Praysın sözlərinə görə, məhz buna görə Vaşinqton Pxenyana qarşı siyasətin nəticələri barədə Pekinə məlumat verib və “müxtəlif formatlarda” KXDR ətrafındakı vəziyyətin tənzimlənməsi üçün ÇXR-lə qarşılıqlı əlaqə qurub.

ALMANIYADA DAŞQINLAR NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI 176 NƏFƏRƏ ÇATIB

Almaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Reynland-Pfalz əyalətinin baş naziri Malu Dreyer verdiyi açıqlamada əyalətdə ölənlərin sayının 128-ə yüksəldiyini və bu sayın arta biləcəyini vurğulayıb.

Əyalətin daxili işlər naziri Roger Leventz 155 nəfərin hələ axtarıldığını bildirib. O, xəstəxanada həyatını itirən 62 nəfərin şəxsiyyətinin müəyyən edildiyini, 766 nəfərin yaralı olaraq xəstəxanada yerləşdirildiyini bildirib.