DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ ALMANIYA “ŞIMAL AXINI-2” ILƏ BAĞLI RAZILIĞA GƏLIB

Rusiyanın “Şimal axını-2” qaz kəməri ilə əlaqədar ABŞ və Almaniya arasında mövcud fikir ayrılıqları aradan qaldırılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, Vaşinqton “Nord Stream-2 AG” şirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyəcək.

Rəsmi Berlin isə öz növbəsində Ukraynada energetikanın inkişafına kömək etməyi öhdəliyinə götürüb. Nəhayət, hər iki tərəf qazın Ukrayna ərazisindən keçməklə daşınmasına təminat vermək məqsədilə “Qazprom” ilə Ukrayna arasında kompromis əldə edilməsi prosesi üzərində işləyəcək.

Xatırladaq ki, “Nord Stream-2 AG” şirkəti “Şimal axını-2” kəmərinin sahibidir. Ukrayna isə ərazisindən Rusiya qazının nəql edilməsi marşrutu keçən digər Şərqi Avropa ölkələri ilə birlikdə hələ də “Şimal axını-2” layihəsini bağlamağa çağırır.

 

LUKAŞENKO: AVROPA HIBRID MÜHARIBƏ PLANLAŞDIRIR

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Avropa onun ölkəsinə, eləcə də Rusiya və Çinə qarşı üçüncü dünya müharibəsinə səbəb olacaq hibrid müharibə planlaşdırır. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Bizə, Rusiyaya və hətta Çinə qarşı hibrid müharibə hədəfləyən avropalılar, təkcə güclü gərginlik ocağı yaratmırlar, həm də üçüncü dünya müharibəsinə şərait yaradırlar”, - deyə Lukaşenko “Sky News Arabia” telekanalına müsahibəsində bəyan edib.

Prezidentin sözlərinə görə, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək.

Eyni zamanda, Aleksandr Lukaşenko müsahibəsində Qərbi Avropa ölkələrinin Vaşinqtonun siyasətinin girovuna çevrildiyini vurğulayıb.

 

DAŞQINLAR BELÇIKA IQTISADIYYATINA CİDDI ZIYAN VURUB

Belçikada iyulun 14-16-da qeydə alınmış daşqınlar ölkə iqtisadiyyatına 10 milyard avro ziyan vurub. “Trend” agentliyinin məlumatına görə, bu barədə Belçikanın cənubi Valloniya regionunun hökuməti bildirib.

Məlumata görə, bu daşqınlar Belçika ərazisində son 100 il ərzində qeydə alınan ən ağır təbii fəlakət olub. Bir neçə gün əvvəl Valloniya hökuməti 2 milyard avro məbləğində yardım paketinin ayrılması barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, daşqınlar nəticəsində Belçikada 32 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, Almaniyada isə 170-dən çox insan daşqınların qurbanı olub.

 

TARIXIN ƏN DƏHŞƏTLI TURIZM BÖHRANI BAŞ VERIB

Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatına görə, beynəlxalq turizm bu ilin yanvar-may ayları arasında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 85 faiz azalıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, BMT-nin Ümumdünya Turizm Təşkilatı “COVID-19” pandemiyası səbəbindən turizm sektorundakı mövcud vəziyyətlə bağlı konkret rəqəmlərlə çıxış edib.

Bildirilir ki, turizm tarixindəki ən böyük böhran artıq ikinci ildir davam edir. ÜTT-nin məlumatlarına əsasən, bu ilin yanvar-may aylarında beynəlxalq turizm axını 2019-cu il səviyyəsindən 85, 2020-ci illə müqayisədə 65 faiz az olub.

May ayında kiçik bir sıçrayışa baxmayaraq, “COVID-19” virusunun ortaya çıxması və məhdudiyyətlərin davam etməsi daxili turizmi beynəlxalq səyahətlərdən daha üstün vəziyyətə gətirib.

Bununla yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatının mütəxəssisləri dünya turizminin 2023-cü ilə qədər əvvəlki səviyyəsini bərpa edəcəyinə inanmır.

 

RUSIYADAN ƏFQANISTANLA BAĞLI KRITIK AÇIQLAMA

Əfqanıstandakı vəziyyətin davamlı deqradasiyası Orta Asiya ölkələrini birbaşa təhdid edir. “Teleqraf.com”un  xəbərinə əsasən, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib.

“Əfqanıstandakı vəziyyətin davam edən deqradasiyası Orta Asiya üçün birbaşa təhlükə yaradır. Bölgədəki qonşularımızın narahatlıqlarını bölüşürük”, - deyə A.Rudenko vurğulayıb.

Nazir müavininin sözlərinə görə, bu risklərin Rusiya və Orta Asiya ölkələrinin təhlükəsizliyinə mənfi təsirlərini minimuma endirmək üçün birgə koordinasiya olunmuş işlərin davam etdirilməsinin vacibliyi, xüsusən də Rusiyanın xarici işlər orqanları rəhbərlərinin dördüncü görüşü zamanı dilə gətirilib.

 

ABŞ-DA ÇÖKƏN BINAYA GÖRƏ 150 MILYON DOLLAR TƏZMINAT VERILƏCƏK

ABŞ-ın Florida ştatının Mayami şəhəri yaxınlığındakı Sörfsaydda yaşayış binasının çökməsi nəticəsində zərərçəkənlər və ölənlərin yaxınlarına azı 150 milyon dollar təzminat veriləcək. “Trend” agentliyinin “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Mayami-Deyd dairəsinin məhkəməsinin qərarında bildirilir.

Verilən xəbərə əsasən, sözügedən məbləğin 50 milyon dolları sığorta üzrə ödənişlərə, 100 milyon dolları isə sakinlərin evsiz qalması ilə əlaqədar ödəniləcək. “Məhkəmə ilk növbədə zərərçəkənləri düşünür. Onların hüquqları qorunacaq”, - deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, iyunun 24-nə keçən gecə Sörfsaydda yaşayış binası çöküb. Yaşayış binasının çökməsi nəticəsində 97 nəfər həlak olub, 37 nəfər isə xilas etmək mümkün olub.

 

SAATDA 600 KILOMETRƏ QƏDƏR SÜRƏT YIĞA BILƏN QATAR ISTIFADƏYƏ VERILIB

Çində ilk maqnit levitasiya qatarı istifadəyə verilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, saatda 600 kilometrə qədər sürət yığa bilən qatar ilk hərəkətini Çinin şərqindəki Şandonq əyalətinin Qinqdao şəhərinə edib.

Məlumata görə, yeni qatarın modeli tamamilə ÇXR mütəxəssisləri tərəfindən hazırlanıb, sınaqlara isə 2020-ci ilin iyununda başlanılıb. Maqnit levitasiya qatarı təkərlər ilə relslər arasında sürtünmənin olmaması səbəbindən daha az səs-küyə səbəb olur.

Qeyd etmək lazımdır ki, Çin sürətli dəmir yollarının inşası üzrə dünyada liderdir və 2020-ci ilin sonunda ölkədə dünyanın ən uzun dəmiryolu şəbəkəsinin ümumi uzunluğu 37,9 min kilometr təşkil edib.

 

“MERCEDES-BENZ” YALNIZ  ELEKTROMOBIL ISTEHSAL EDƏCƏYI TARIXI AÇIQLADI

“Daimler” konserninə daxil olan Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” 2030-cu ilə kimi tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır. “Report” agentliyinin məlumatına görə, 2022-ci ildən 2030-cu ilə kimi elektomobillərə bütövlükdə 40 milyard avrodan çox investisiya qoyulacaq.

Qeyd edilir ki, 2022-ci ilə kimi bütün seqmentlərdə “Mercedes-Benz”in avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.

Bununla yanaşı, proqnozlara əsasən 2025-ci ilə kimi satışların 50 faizini elektrikli və hibrid avtomobillər təşkil edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".