Zamanla yüksələn nüfuz
SİYASƏT

Zamanla yüksələn nüfuz

Dövlət qayğısının və gərgin əməyin sayəsində ərsəyə gələn “Respublika” qəzeti nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yol keçmişdir

(əvvəli 14 15  iyul tarixli saylarımızda)

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi, tarixi ədalətin bizim tərəfimizdə olması ilə bağlı həm jurnalist, həm də mütəxəssis və müəllif yazıları qəzetin daimi mövzuları olub. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisinin də bizim tarixi torpaqlarımız olması barədə akademik üslubda yazılmış ardıcıl məqalələrlə çıxış etmək qəzetdə müntəzəm hal almışdır.

2016-cı ilin tarixi aprel qələbəsi hər bir vətəndaşımızda, bütün dünya azərbaycanlılarında ruh yüksəkliyi yaratdığı kimi, redaksiya əməkdaşları da güclü, öz sözünü deyən, mövqeyini müdafiə etməyi bacaran bir ölkənin vətəndaşları olmaqlarından qürur duydular. Sabahımızla bağlı daha nikbin olmağımız üçün ciddi əsasların yaranması ilə bağlı məqalələr, qəzet yazıları üstünlük təşkil etməyə başladı. İnandıq ki, bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuzun gücündən, düşmənə vurduğu zərbələrdən yazan qəzetimizdə yaxın gələcəkdə daha böyük qələbələrə həsr olunmuş məqalələr, işğal olunmuş torpaqlarımızdan reportajlar, düşmənin rəzil vəziyyətindən və vandallığından bəhs edən silsilə yazılar dərc olunacaq. Aprel döyüşləri - bu tarixi və şanlı qələbəmiz, ən əsası isə Azərbaycan Prezidentinin qətiyyətli, cəsarətli addımları, prinsipial mövqeyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırdı. Dövlət başçımızın və ordumuzun gücü ilə bu arzumuzun yaxın vaxtlarda reallaşmasına daxili inam bizi daim ruhlandırırdı.

Aprel döyüşlərindən sonra erməni vandallarının viranə qoyduğu Cocuq Mərcanlı kəndi işğaldan tam azad olundu və tikinti işləri başlandı. O, dövrlərdə qəzetimiz həmin kəndin ölkə başçısının böyük əzmi, siyasi iradəsi sayəsində yeni həyatına qovuşduğundan yazdı. Məqalə və reportajların ana xəttini, əsas vektorunu bu gün sanki modern bir şəhəri xatırladan Cocuq Mərcanlının Qarabağa, “Böyük Qayıdış”ın simvoluna çevrilməsi təşkil edirdi.

2013-cü il iyulun 22-də təməli qoyulan, jurnalistlər üçün tikilmiş ikinci binanın mənzillərinin 2017-ci il iyulun 20-də - Milli Mətbuat Günü münasibətilə təqdim olunması mərasimi keçirildi. Qeyd edək ki, 17 mərtəbəli 3 bloklu bina 255 mənzildən ibarətdir və bütün mənzillər yüksək səviyyədə təmir edilib. Mərasimdə KİV nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev bildirdi ki, mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır.

Bu sözlərdən ruhlanan, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir redaksiya əməkdaşı mövcud reallığı görür, onu yüksək qiymətləndirir, hədsiz minnətdarlıq nümayiş etdirir.

“Jurnalistlər şəhərciyi” adlanan ərazidəki ikinci binadan 5 əməkdaşımız mənzillə təmin edildi. Bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına, o cümlədən “Respublika” qəzeti redaksiyasına göstərilən növbəti diqqətin təzahürü idi.

Artıq Qarabağ münaqişəsi arxada qalmış, müharibə bitmişdir. Ölkəmiz üçün yeni dövr, quruculuq inkişaf dövrü, azad olunmuş ərazilərin bərpası dövrü başlayır. Tam əminəm ki, redaksiyamız dağıdılmış şəhərlərin, kəndlərin bərpasından, “Böyük Qayıdışdan xalqımızın təhlükəsiz xoşbəxt yaşamasından xüsusi reportajlar, məqalələr çevik müsahibələr qürurla hazırlayıb dərc edəcək.

Qeyd edək ki, həmin mərasimdə jurnalistlər üçün inşa ediləcək 255 mənzilli üçüncü yaşayış binasının da təməli qoyuldu. Bununla bir daha sübut edildi ki, KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün dövlətimizin jurnalistlərin mənzil-məişət məsələlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqəti müntəzəm və ardıcıldır.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təbliği və təşviqinə xüsusi önəm verən redaksiyamız regionlarda görülən işlərdən, həyata keçirilən iri layihələrdən, tikinti-quruculuqdan yazmağı özünün əsas qayəsi hesab etmişdir. “Keçmişə ehtiram, bu günə dəyər, gələcəyə inam” formulunu deviz qəbul edən yazarlarımız Şərq və Qərb sivilizasiyalarının, müasirliklə qədimliyin qovuşduğu Bakı şəhərindən, onun memarlıq üslubundan, qədim Gəncənin, Şəkinin, Bərdənin və digər şəhərlərimizin və rayonlarımızın öz müasirliyi, gözəlliyi, zəngin infrastrukturu ilə diqqəti cəlb etməsindən həvəslə yazırdılar. Bölgələrimizin milli adət-ənənələrindən, mənəvi dəyərlərindən bəhs olunan yazılar daim kütləvi oxucu marağı ilə qarşılanırdı.

 İqtisadiyyatın dirçəldilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər yüz minlərlə insanın işlə təmin olunmasına, məhsul bolluğunun yaranmasına və ölkənin ixrac potensialına şərait yaratması barədə mütəxəssis yazılarının dərc edilməsinə redaksiya tərəfindən xüsusi önəm verilirdi.

Qəzetimizdə bütövlükdə neft-qaz meqalayihələrindən, XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin ölkəmizin enerji strategiyasına yeni nəfəs verməsindən söhbət açılan məqalələrin dərci ictimaiyyət arasında dövrə uyğun maraq kəsb edirdi. Eyni zamanda, polemika məzmunlu, mülahizələr və rəylər rubrikası ilə dərc olunan, Şərq-Qərb və Şimal-Cənub qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın ən fəal ölkələrdən biri və faktiki bu layihələrin təkanverici qüvvəsi olmasını önə çəkən mütəxəssis və ekspert yazılarının müsbət əks-sədası xüsusi qeyd olunmalıdır.

Dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan “Respublika” qəzetinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağı bacardığından cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində xüsusilə fərqlənirdilər. Modernləşmə, rasionallıq, kreativlik və qabaqcıl texnologiyaların tətbiqi qəzetdə yeni rubrikaların, formaların yaranmasına və nəticədə ciddi dizayn dəyişikliklərinə səbəb oldu.

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının sərəncamına uyğun olaraq milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan əməkdaşlarımızdan biri “Əməkdar mədəniyyət işçisi” fəxri adına, iki əməkdaşımız isə “Tərəqqi” medalına layiq görüldü. Qeyd edək ki, jurnalist, ümumən vətəndaş üçün dövlətinin, Prezidentinin onun əməyini qiymətləndirməsindən, zəhmətinin bəhrəsini görməsindən gözəl yaşantı və qürur ola bilməz.

Ötən illər ərzində iqtisadi müstəqilliyimizi təmin etmək üçün iqtisadi potensialımızın, maliyyə resurslarımızın artırılmasından, son nəticədə siyasi müstəqilliyimizin bərqərar olmasından bəhs edən yazılar, müsahibələr, illər üzrə inkişaf dinamikasını aydın göstərən diaqramlar qəzetin daimi mövzularıdır. Ulu öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamını çağırış hesab edən ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində hazırda Azərbaycan hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyil, özü donor ölkədir. Aparıcı beynəlxalq təşkilatlar haqlı mövqeyimizi müdafiə edir. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan sədr oldu. Qəzetimizin də əbədi və əzəli mövzularından biri məhz həmin dövrdə işğal altında olan torpaqlarımızın azad olunması və bu istiqamətdə də müstəsna əhəmiyyət kəsb edən ordu quruculuğuna verilən önəm idi.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatların və təxirəsalınmaz kompleks tədbirlərin nəticəsində ordumuzun maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, hərbi qulluqçuların yüksək mənəvi-psixoloji hazırlığından həvəslə və sabaha inamla qəzetdə söhbət açılır. Həyatını Vətəni müdafiə etmək üçün şərəfli peşəyə həsr etmiş şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından bəhs edən məqalələr əksəriyyət təşkil edirdi.

Ali Baş Komandanın hərbi hissələrə, əsasən də cəbhə xəttinə müntəzəm səfərləri, hərbi qulluqçularla görüşü, onların qayğı və problemləri ilə maraqlanması, qətiyyətli çıxışları qəzetdə geniş dərc olunurdu. Bu isə hərbçilərimizin qələbə əzmini artırmaqla, şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaradırdı. Nəticədə 2018-ci ilin may və 2020-ci ilin iyul ayında düşmənin törətdikləri növbəti təxribatlarının qarşısı ordumuzun gücü və yüksək döyüş hazırlığı sayəsində alındı. Bunlardan dərs almayan düşmən silahlı qüvvələri “yeni ərazilər üçün yeni müharibələr” şüarı ilə 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət etdi. Ölkədə müharibə vəziyyəti və qismən səfərbərlik elan olundu. Bunlar redaksiyamıza da təsirsiz ötmədi. Qəzet həm məzmun, həm də formaca, demək olar ki, tam dəyişdi. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” meyarı ilə işləyən redaksiya operativliyi, obyektivliyi və dəqiqliyi təmin etmək məqsədilə bütün qüvvələri səfərbər etdi. Cəbhədən gələn, ancaq rəsmi mənbələrdən aldığımız məlumatları oxucuya daha tez və dəqiq çatdırmaq üçün gərəkli olan bütün tədbirləri həyata keçirirdik. Müharibə dövründə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dünyanın bir çox iri televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə - o cümlədən, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN İnternational”, “Haber Global”, “NTV”, “BBC News” və s. televiziya kanallarına, “İnterfaks”, “EFE” və s. agentliklərinə, “Figaro”, “La Repubblica” və s. qəzetlərinə verdiyi müsahibələrin tam mətni ilə operativ şəkildə qəzetimiz vasitəsilə tanış olmaları oxucuların razılığı ilə qarşılanırdı.

Xatirimdədir ki, əvvəllər jurnalistlər, daha konkret desək, qəzetçilər bir-birinə xitabən belə deyirdilər: “Qoy qəzetimizin səhifələrində bundan sonra da doğma Azərbaycanımızın siyasi, iqtisadi və mədəni sahədə qazandığı nailiyyətlərdən bəhs edən yazılar daha çox olsun, tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən məqalələr üstünlük təşkil etsin. Gün o gün olsun ki, manşetlərimizi Qarabağ savaşında qazanacağımız qələbə xəbəri bəzəsin”.

10 noyabr 2020-ci il həmin tarixi gün oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu bəyanat bizim şanlı qələbəmiz oldu.

30 ilin əziyyətinin, 30 ilin ümidsizliyinin, 30 ilin əzablarının sona yetdiyini bildirən xoş müjdəli xəbəri 30 illik həsrətlə yaşayan insanlara, oxuculara çatdırmağın nə qədər qürurverici, xoşbəxtlik duyğuları olduğu təbiidir. Əvvəldə qeyd etdiyim kimi, biz media işçiləri də 30 il idi ki, bu müjdəni xalqımıza çatdırmağın həyatımızın ən xoşbəxt günlərindən olacağı arzusu ilə yaşayırdıq. Bu da bizlərə nəsib oldu. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik və həmrəylik göstərdi. Bunları bizlərə yaşadanlara - Ali Baş Komandana, ordumuzun zabit və əsgərlərinə qələbə sevincini bizlərə bəxş etdiklərinə görə minnətdarıq.

Artıq Qarabağ münaqişəsi arxada qalmış, müharibə bitmişdir. Ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərin bərpası dövrü başlayır. Tam əminəm ki, redaksiyamız dağıdılmış şəhərlərin, kəndlərin bərpasından, “Böyük Qayıdış”dan xalqımızın təhlükəsiz və xoşbəxt yaşamasından xüsusi reportajlar, məqalələr və çevik müsahibələr qürurla hazırlayıb dərc edəcək.

Hazırda dövlətimizin başçısının dediyi: “...Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə də bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” sözlərini özlərinə yol xəritəsi hesab edən müxbirlərimizin qəzetdə şəhidlərimizin, qazilərimizin, döyüşçü əsgərlərimizin həyat və döyüş yolundan, onların mübariz və vətənpərvər ruhundan bəhs edən çoxsaylı yazıları dərc olunur.

Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında dövlət başçısının sərəncamları xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi baxımından, həmçinin canlarını ölkəmizin ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək baxımından müstəsna əhəmiyyətə malik olduğundan xalqımız tərəfindən rəğbətlə qarşılandı.

2020 -ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsindən, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın nümayişindən, həmçinin Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı zamanı ordumuzun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişindən yazmaq, fotomateriallarla birgə qəzet səhifələrində dərc etmək hamı kimi redaksiya əməkdaşlarının qəlbini də ikiqat fəxarətlə doldururdu.

Həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də redaksiya öz öncüllüyü və novatorluğu ilə yenə də fərqləndi. “Respublika” qəzetinin xüsusi buraxılışı seriyasından nəfis tərtibatlı “Qarabağ Azərbaycandır! Vətən müharibəsi” kitabı qısa bir vaxtda operativ şəkildə kütləvi tirajla nəşr olundu. Kitabda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə mütəfəkkir dövlət xadimi, müzəffər sərkərdə kimi (“Dəmir yumruq” əməliyyatını keçirdiyi anlarda) xalqa müraciətləri, xarici ölkələrin televiziyalarına, informasiya agentliklərinə və qəzetlərinə müsahibələri, Zəfər paradında çıxışı və s. materiallar toplanmışdır.

Nəhayət, ötən il dekabrın sonunda redaksiyanın ən çətin məqamlarında xilaskarlıq qayğısını daim hiss etdiyimiz dövlət başçısının imzaladığı bir sərəncam hamımızı, eyni zamanda ölkə ictimaiyyətini də ürəkdən sevindirdi. Bunu redaksiyaya gələn zənglərdən də aydın hiss etmək olurdu. Dövlət baçısının 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olundu. Bu təltif həm də əksəriyyətin güvənc yeri, kiçikdən böyüyə - hamının qapısını ərklə açdığı, yazılarını ürəklə, inamla göndərdiyi doğma bir ünvan olan “Respublika” qəzeti redaksiyasının fəaliyyətinə verilən qiymət idi.

Mətbuata göstərilən qayğı diqqətlə əhatə olunan redaksiya kollektivinin yeganə məqsədi Azərbaycan dövlətçiliyinə milli maraqlara sədaqətlə xidmət etmək, müasir innovativ çağırışlara dərhal düzgün rasional reaksiya verməklə oxuculara obyektiv qərəzsiz informasiya çatdırmaqdır.

Ötən dövr ərzində bütöv Azərbaycan mediası kimi, onun bir hissəsi olan “Respublika” qəzeti də özünəməxsus inkişaf yolu keçmişdir. Lakin bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya texnologiyalarının geniş tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ciddi ehtiyac vardır. Buna görə də modernləşmə, rasionallıq, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” - MEDİA yaradıldı. Agentliyin yaradılması ölkəmizdə müasir medianın formalaşması və inkişafı üçün atılan məqsədyönlü addımların ardıcıl olmasını təsdiq edir. Əminik ki, MEDİA öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaratdığı imkanlardan medianın daha çox bəhrələnməsi, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətlərin stimulaşdırılması üçün ciddi addımlar atacaqdır.

Biz inanırıq ki, KİV-ə göstərilən dövlət qayğısı ilə bağlı çoxsaylı tədbirlər bundan sonra da davam edəcəkdir.

Respublikamızda və dünyada baş verən hadisələri doğru-dürüst işıqlandırmaq məqsədini qoruyan “Respublika”nın hər bir əməkdaşı bu əqidəyə sadiqdir. Onlar redaksiyanın malik olduğu yüksək mövqeyi və nüfuzu qoruyub saxlamaq və artırmaq üçün öz intellektual potensiallarından səmərəli istifadə edirlər.

“Respublika”nın səhifələrində dərc olunan məqalə, oçerk və reportajlarda bugünkü həyatımızda qazanılan nailiyyətlər, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri önə çəkilir. Qəzet bu fədakarlığı spesifik cizgilərlə şərh etməklə, oxucuları ictimai-mədəni, sosial-iqtisadi həyatımızda baş verən hadisələrdən operativ, aktual və obyektiv faktlarla məlumatlandırmaqla geniş auditoriya məhəbbətini qazanmışdır. Mətbu sözün məsuliyyətini və ictimai fikrə təsirini yetərincə dəyərləndirən kollektiv daim xalqla nəfəs alır, onun istək və arzularını ifadə edir, problemlərin həllində imkanı daxilində yardımçı olmağa çalışır.

Bədii söz, işıqlı fikir xiridarlarının azaldığı, kitaba, mətbu orqanlara münasibətin dəyişdiyi bir dövrdə qəzet saxlamaq, ona oxucu tapmaq, tirajını sabit saxlamaq, hələ üstəlik artırmaq asan iş, sadə məsələ deyil. Amma “Respublika” qəzeti oxucu sevgisindən, oxucu marağından heç vaxt kənarda qalmadığı üçün abunə sarıdan da korluq çəkmir, tirajının satılmasından narahat deyil. Çünki onun yolunu səbirsizliklə gözləyən öz daimi abunəçiləri var.

Qəzetin səhifələrində həmçinin rəsmi sənədlər - qanunlar, fərmanlar, sərəncamlar, eləcə də digər normativ akt və təlimatlar müntəzəm dərc edilir, onların şərhi verilir. Bu baxımdan əhalinin müxtəlif təbəqələri arasında “Respublika” qəzetinin geniş yayılmasının böyük ictimai-siyasi əhəmiyyəti vardır.

Çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsinin yeni yaradılmış MEDİA-nın nizamnaməsində agentliyin vəzifəsi kimi müəyyənləşdirilməsi mövcud nöqsanların da aradan qaldırılmasına ümidlər yaratmaqla bu sahənin inkişafının və sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlərin həyata keçiriləcəyindən xəbər verir.

Mətbuata göstərilən qayğı və diqqətlə əhatə olunan redaksiya kollektivinin yeganə məqsədi Azərbaycan dövlətçiliyinə və milli maraqlara sədaqətlə xidmət etmək, müasir innovativ çağırışlara dərhal düzgün və rasional reaksiya verməklə oxuculara obyektiv və qərəzsiz informasiya çatdırmaqdır. Respublikamızda qazanılan nailiyyətlər, aparılan böyük quruculuq işləri, ölkənin iqtisadi və siyasi qüdrətinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması, Vətən müharibəsindəki qələbəmiz, “Böyük Qayıdış”, yeni genişmiqyaslı quruculuq, azad edilmiş ərazilərin bərpası dövrü və bu mərhələdə də xalqımızın yenə də birlik və həmrəyliyi, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən digər ürəkaçan tədbirlər bundan sonra da qəzetin aparıcı mövzusu olacaqdır.

Hümbət MUSAYEV.