Şanxay Əməkdaşlıq Təşkilatı: qarşılıqlı etimad effektiv əlaqələr, sabitlik və təhlükəsizlik
Siyasət

Şanxay Əməkdaşlıq Təşkilatı: qarşılıqlı etimad effektiv əlaqələr, sabitlik və təhlükəsizlik

İkitərəfli əsasda Azərbaycanın üzv ölkələrlə yaxın dostluq əlaqələri bu məqsəd və məramların beynəlxalq səviyyədə təşviqinə töhfə verir

Azərbaycanın xarici siyasəti çoxistiqamətli xarakter daşıyır və bu  ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Bu baxımdan  ölkəmizin mötəbər beynəlxalq təşkilatlar yanında müşahidəçi statusunu və əməkdaşlığını da  qeyd edə bilərik ki, bu da   təşkilatlar və onların üzv dövlətləri ilə əlaqələri daha da inkişaf etdirməyə şərait yaradır. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. 14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır.

 

Məlumat məqsədilə xatırladım ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmışdır. Məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi olan qurum daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir.  Mahiyyət etibarilə, Azərbaycan da bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bu məqsəd və məramların beynəlxalq səviyyədə təşviqinə töhfə verən dövlətdir. Bununla bərabər, ikitərəfli əsasda Azərbaycanın üzv ölkələr  ilə yaxın dostluq əlaqələri var. Beləliklə, ŞƏT çərçivəsində əməkdaşlıq  rəsmi Bakının  da şərik çıxdığı məqsəd və məramlar, ikitərəfli və çoxtərəfli əsasda  ölkələri və təşkilatla əməkdaşlığın inkişafı üçün yeni fürsətlər yaradacaq. Bu təşkilat  üçün də aktual olan və Azərbaycanın zəngin təcrübəsi olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri ola bilər. Dialoq üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağımız da əməkdaşlığa verdiyimiz əhəmiyyəti təsdiqləyir. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə 2015-ci ilin dekabrın 8-dən 11-dək Çində dövlət səfərində olub. Azərbaycan dövlətinin başçısının bu səfəri həm Azərbaycan, həm də Çin və xarici KİV-lərdə geniş işıqlandırılıb. Bununla bağlı informasiyalarda dövlət səfərinin tarixi xarakteri qeyd edilərək bu səfərin yekunları haqqında müfəssəl məlumat verilib. Bildirilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun və status baxımından tarixidir. Dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Prezidentinin Çinə dövlət səfərinin çox mühüm tarixi hadisə olduğu dəfələrlə vurğulanırdı. Ona görə ki, hər bir  dövlətdə  ildə  iki və ya üç səfərə dövlət statusu verilir. Azərbaycan Prezidentinin Çinə səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir. Səfərin özü, danışıqlar, görüşlər, imzalanmış on sənəd bunu təsdiqləyir. Elə sahə olmamışdı ki, əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparılmasın.

Çin və Azərbaycan sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı təmin edən dövlətlərdir və  bir-birilərinə qarşılıqlı hörmət etmək, qarşılıqlı maraqları qorumaq, faydalı əməkdaşlıq etmək niyyətindədirlər. Buna heç nə mane ola bilməz. Odur ki, bütün sahələrdə əməkdaşlığın inkişafı, bu sahədə qətiyyətin nümayiş etdirilməsi, iradənin ortaya qoyulması böyük əhəmiyyət daşıyır. Hətta Çin Xalq Respublikasının sədri belə bir fikir səsləndirdi ki, Azərbaycan ilə Çin arasında qədimdən əlaqələr olub. Bu əlaqələr xalqlarımız arasında da  olub. Ölkə başçılarını  şəxsi dostluq münasibətləri birləşdirir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və digər bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çox məzmunlu, mövqelərin üst-üstə düşdüyü söhbət aparılıb. Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq  vurğulanıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı olduğunun, həmçinin maliyyə-bank sahəsində əməkdaşlığın xüsusi yeri qeyd edilib. Çin rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstək göstərib və bundan sonra da bu mövqedə olacağını vurğulayıb. Azərbaycan tərəfi bəyan edib ki, “Vahid Çin’’ prinsipi üzrə həmişə öz konkret mövqeyini bildirəcək. Bunun çox böyük əhəmiyyəti var.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə təsisatlanmış əməkdaşlığın qurulmasında maraqlıdır. Ötən dövr ərzində terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı perspektivləri diqqət mərkəzində olub. Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətə başlaması qədim İpək yolu boyunca təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcək. Nazir həmçinin, təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq niyyəti hər zaman  təqdir edilib. Dialoq Tərəfdaşı statusunun Azərbaycan və Təşkilat üçün faydalı,  ölkəmizin daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğu bildirilibdir. Anlaşma memorandumuna əsasən Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kiber cinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı, trans-regional multi-modal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Bu təşkilatda müşahidəçi qismində təmsil olunması ölkəmizə də fayda verə bilər. Azərbaycan regionun ən dinamik inkişaf edən ölkələrindən biridir. Bu baxımdan Azərbaycan ŞƏT-in üzv ölkələri üçün maraq kəsb edir. Deyə bilərik ki, qarşılıqlı maraqlar əsasında Azərbaycan və ŞƏT ölkələri arasında qurulacaq iqtisadi əlaqələr bütün tərəflər üçün səmərəli ola bilər. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin, təxminən, 3,2 hissəsini təşkil edir və təşkilatın dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Belə ki, 2018- ci ildə qurum Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə nümayəndə heyəti göndərib. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirmək olar.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdığını qeyd edən Prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğulayıb. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməsinin önəmini qeyd edib və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

Mustafa KAMAL,

“Respublika”.