ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Axtarış əməliyyatları üçün böcək-kompüter hibrid sistemi

Sinqapur, Çin, Almaniya və İngiltərədən olan bir qrup tədqiqatçı fəlakət zonalarında axtarış əməliyyatlarını icra etmək məqsədilə böcək-kompüter hibrid sistemi yaradıblar.

Elm adamları zəlzələ, yanğın və daşqın kimi təbii fəlakətlərin olduğu məkanlarda dağıntılar altında qalan insanlara yardım üçün daha yaxşı yollar axtarışındadırlar. Dağıntılar zamanı insanların həmin zonalara girməsi həm təhlükəli, həm də səmərəsiz hesab edilir. Mütəxəssislər böcək kimi kiçik canlıların bu şəraitdə daha asan hərəkət edə biləcəklərini düşünüb “tarakan”a bənzər kompüter hibrid sistemini ərsəyə gətiriblər. Düşündükləri sistemdə mikrotexnologiya ilə canlı böcəklərin təbii bacarıqlarını birləşdiriblər.

Tədqiqatçılar tərəfindən yaradılan sistem bel çantası, İR kamerası, rabitə çipi, CO2 sensoru, flaş yaddaşı və mikronəzarət lövhələrindən ibarətdir. Elektrodlarla dolu bel çantası böcəyin arxa hissəsinə, başının hər iki tərəfinə isə antenaya bənzər əlavələr yerləşdirilmişdir. Bel çantası elektrik enerjisini sağa və sola ötürərək böcəyi istənilən istiqamətə hərəkət etməyə yönəldir.

Tədqiqatçılar sınaq zamanı sistemin xilasetmə işini 94 faiz bacardığını nümayiş etdiriblər. Mütəxəssislər gələcəkdə texnoloji sistemin dizaynını daha da mükəmməlləşdirmək niyyətindədirlər.

 

İnsultun müalicəsində inqilab: alimlər  “fotosintez”i insan beynində reallaşdırıblar

İnsult ölümə səbəb olan xəstəliklər arasında üçüncü yerdə durur və son dövrlərdə bu bəla artıq yaşlılarla yanaşı, cavanları da hədəfə alıb. Qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələgələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. İnsult zamanı tıxanmış qan damarları oksigenlə zəngin qanın hüceyrələrə çatmasının qarşısını alır. Məlumdur ki, bitkilər və bəzi mikroblar fotosintez yolu ilə oksigen istehsal edirlər. Qəribə səslənsə də amerikalı alimlər fotosintezi xəstələrin beynində reallaşdırmağın yolunu tapıblar.

Tədqiqatçılar mavi-yaşıl yosunlardan və xüsusi nanohissəciklərdən istifadə edərək, siçanlar üzərində konsepsiyanı nümayiş etdiriblər.

Synechococcus elongatus kimi mavi-yaşıl yosunlar əvvəllər ürək toxumasında oksigen çatışmazlığını və şişləri müalicə etmək üçün tətbiq edilmişdir. İndi elm adamları mavi-yaşıl yosunlarla infraqırmızı işığı fotosintez etmək üçün dalğa uzunluğunu neodimyum nanohissəcikləri ilə birləşdiriblər.

Mütəxəssislər araşdırma zamanı nanofotosintez yanaşması ilə oksigen və qlükoza çatışmazlığından ölən neyronların sayının azaldığını müşahidə ediblər. Belə ki, tədqiqatçılar sınaq müddətində nanohissəcikləri infraqırmızı şüalarla heyvanların bloklanmış beyin damarlarına yeridərək məhv olmaqda olan neyronların sayını azaldıblar. Bundan əlavə, terapiyadan sonra heyvanların beynində motor fəaliyyətinin yaxşılaşması və qan damarlarının böyüməsi də müşahidə edilib.

Alimlər yaxın zamanda bu terapiyanı insanlar üzərində də test etmək niyyətindədirlər.

Məlumat “Science Daily” portalında yayımlanıb.        

 

Günəşəbənzər ulduz ətrafında iki nəhəng ekzoplanet tapılıb

NASA tərəfindən maliyyələşdirilən Planet Hunters TESS layihəsini həyata keçirən peşəkar astronomlar və alimlər günəşəbənzər parlaq HD 152843 ulduzunun ətrafında iki planetli bir sistem kəşf ediblər.

HD 152843 Heraklin şimal bürcündən təxminən 352 işıq ili uzaqlığında yerləşən cırtdan ulduzdur.

Yeni aşkarlanan planet Yer kürəsindən təxminən 3,4, kütləsindən isə 11,6 dəfə böyükdür. Günəşlə demək olar ki, eyni kütləyə bərabərlikdə və parlaqlıqdadır.

“Hər ikisini eyni anda, birlikdə araşdırmaq, planetlərin zaman içində necə meydana gəldiyini və inkişaf etdiyini öyrənmək bizim üçün həqiqətən çox maraqlı idi. Yeni aşkarlanan planetlər Yerə nisbətən çox istidir. Dünyaya bənzər bir planet tapmaq və atmosferini öyrənmək istiqamətində sanki “körpə addım”ları atırıq və gördüklərimizin sərhədlərini möhkəmləndirməyə davam edirik”— deyə Oksford Universitetinin doktorantı Nora Eisner bildirib.

Elm adamları planetləri ölçmək üçün Telescopio Nazionole Golileo HARPS-N və Lowell rəsədxanasının EXPRESS alətindən istifadə ediblər.

Tədqiqatla bağlı ətraflı araşdırma “Science News” veb saytına istinad edilib.

 

Təkmilləşdirilmiş qulaqcıqlar alkoqolun səviyyəsini ölçür

Yaponiyalı alimlər insanın qanında alkoqolun səviyyəsini qeyri-invaziv olaraq ölçmək üçün bir cüt qulaqcıq hazırlayıblar. “Scientific Reports” jurnalında dərc olunan məqalədə yeni texnoloji avadanlığın istifadəçinin qulaq dərisindən çıxan etanol buxarlarını ölçərək işləməsi haqqında məlumat verilib.

“Transkutan qazını sabit bir şəkildə izləmək məqsədilə bədənin müəyyən hissəsini tapmaq bizim üçün ən vacib şərt idi və etanol buxarını real vaxtda ölçməyin xarici qulaqlar vasitəsilə mümkün olduğunu tapdıq”— tədqiqatçılar öz məqalələrində bildiriblər.

Konsepsiyanı sınamaq məqsədilə mütəxəssislər etanol buxar sensorunu qulaqcıqlara inteqrasiya ediblər. Belə ki, sensor etanolun olduğunu aşkar etdikdə bir işıq əmələ gəlir və buxarlarda konsentrasiyanı ölçür.

Tədqiqatçılar yeni avadanlığı alkoqol istehlak edən bir neçə könüllü arasında sınaqdan keçiriblər. Testlərin nəticələri etanol konsentrasiyasını qulaq sensorları və tənəffüs cihazlarının eyni vaxtda bənzər şəkildə ölçməsini göstərib.

Mütəxəssislər yeni texnologiyanın qandakı digər uçucu üzvi birləşmələrin konsentrasiyasını ölçmək üçün də yararlı olduğunu söyləyiblər. Alimlər gələcəkdə bu texnologiyanın qulaq xəstəlikləri və metabolizmanı qiymətləndirmək üçün istifadə edilə biləcəyinə də ümid edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.