SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Qarpızın şirinliyinin arxasında gizlənən möcüzə

İsti yay aylarında süfrələrimizin vazkeçilməzi sayılan qarpız haqqında məşhur yazıçı Mark Tven “Allahın lütfü ilə bizə bəxş olunan bu nemət yer üzərindəki bütün meyvələrin padşahıdır. İnsan onun dadına baxdıqda mələklərin nə yediyini hiss edə bilir” fikirlərini söyləmişdir. Bəs qarpızın sağlamlığımıza necə faydalı olduğunu bilirikmi?

Louisiana Dövlət Universitetinin tədqiqatçıları qarpızın tərkibindəki sitrulin maddəsinin orqanizmə faydalarını araşdırıblar.

Tərkibi kalium, maqnezium kimi minerallarla zəngin olan qarpız, üstəlik C, A, B1, B5 və B6 vitaminlərinə sahibdir. Meyvəyə qırmızı rəng verən likopenin antioksidantlardan biridir və A, C vitaminləri ilə birlikdə iltihab əleyhinə təsir göstərərək insult riskini aşağı salır. Qarpızın tərkibindəki likopenin səviyyəsi pomidordan təxminən 40 faiz daha yüksəkdir.

“Journal of Agriculture and Food Chemistry” jurnalında dərc olunan məqalədə qarpızın suyundakı sitrulin adlı amin turşusunun əzələ ağrılarının aradan qaldırılmasına kömək etdiyi bildirilir. Sitrulin eyni zamanda qan damarlarının sağlamlığı üçün vacib olan azot oksidinin istehsalında da vacib rol oynayır. Elm adamları meyvənin təbii şəkərə və yüksək qlisemik indeksə sahib olmasına baxmayaraq, qan təzyiqini aşağı sala biləcəyini söyləyirlər.

“Qarpız olduqca bənzərsizdir, onun suyunda olan fayda çox meyvələri geridə qoyur”-deyə Biotibbi Tədqiqat Mərkəzinin professoru Tim Allerton bildirib.

Çoxlarımızın infarktla bağlı bilmədiyi əlamətlər

Hər gün dünyada saysız-hesabsız insan infarktdan həyatını itirir. Bu xəstəliyin xəbərdaredici əlamətlərini düşündüyümüz zaman, ağlımıza ilk olaraq sinə ağrısı, nəfəs darlığı, sol qolda narahatlıq kimi klassik simptomlar gəlir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) tədqiqatçıları infarktın yeni əlamətlərini ortaya çıxarıblar. İndiyə qədər laqeyd yanaşılan infarkt simptomlarına çənə, boyun və bel ağrıları da əlavə edilib.

“Bəzən infarkt, yaxud ürək tutmaları zamanı çənələrdə, dişlərdə, boyunda ağrılar hiss olunur və hətta şiddətli sancmalar gedib-gələ bilər. Ürək böhranının, yaxud infarktın əlamətlərini tanımaq vacibdir, çünki erkən müdaxilə sağqalma şansınızı xeyli dərəcədə artırır. Mümkün qədər həkimə tez müraciət etməyiniz vacibdir. Onu da qeyd edim ki, qadınlarda sinə ağrısı yalnız sol tərəfdə deyil, sağ tərəfdə də ola bilər” - deyə tədqiqat müəllifi Steven Bender bildirib.

Elm adamları infarktın xəbərdaredici simptomlarına diqqət yetirməyin vacib olduğunu və bu bəlanın hər iki qola, çənəyə, başa yayılaraq tutma şəkilli ağrılarla müşayiət olunduğunu söyləyiblər. Onların sözlərinə görə ürəklə bağlı problem sinə ağrısı olmadan da baş verə bilər.

CDC-də aparılan araşdırmalar zamanı respondentlərin yarısından çoxunun bu əlamətlərin fərqində olmaması aşkar edilib.

Tədqiqat işi “Bestlife” portalında işıq üzü görüb.

Acı bibərin “şirin” faydaları

Ömründə bircə dəfə də olsun Çili bibəri dadmış insan, bu tərəvəzin ağızda necə bir “yanğın”a səbəb olduğunu bilir. Yeyərkən həm sevgimizə, həm də nifrətimizə səbəb olan bitkini mütəmadi istehlak edən insanlar daha uzun yaşaya bilərlər.

Amerika Ürək Dərnəyi tərəfindən aparılan yeni araşdırma mövzuya dair “isti” bir düşüncəyə sahibdir. Amerikalı tədqiqatçılar Çili bibəri yeməyin yalnız sağlamlığımıza deyil, ürək xəstəliklərini və xərçəngi azaltmaqla daha uzun ömür sürməyimizə kömək edə biləcəyini söyləyirlər.

Elm adamları bibərə acılı ləzzət verən kapsaitsin maddəsinin orqanizmə iltihab əleyhinə təsir göstərərək patogen mikroorqanizmlərin inkişafına maneə törətdiyini və xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesini dondurduğunu söyləyirlər. Kapsaitsin alkaloidinin iltihab əleyhinə, antioksidant, antixərçəng və qan-qlükoza tənzimləyici təsirləri ürək xəstəlikləri, xərçəng riskini azaltmaqla insanların daha uzun ömür sürməyinə kömək edir.

Tədqiqat bibər istehlakının ürək-damar xəstəliklərindən ölüm riskinin 26, xərçəngdən isə 23 faiz az olduğunu göstərir.

“İlkin tapıntılarımızı təsdiq etmək üçün daha çox tədqiqata ehtiyacımız var” - deyə Cleveland Clinics Heart klinikasının həkimi, həmmüəllif Boxu söyləyib.

Məqalə “Medical Xpress” veb saytında yayımlanıb.

Hər gün yediyimiz bu qida ürəyimizi sağlamlaşdıra bilər

Çox sağlam bir pəhriz ilə sevdiyiniz

 qidaların arasında mükəmməl tarazlıq tapmağa çalışmaq, düzgün qidalanmağın ən çətin tərəfidir. Nə də olsa, bilirik ki, müəyyən maddələrdən az miqdarda da olsa istifadə etmək orqanizmimiz üçün vacibdir. Ancaq son bir araşdırma bəzi şərti pəhriz ənənəsinin köhnəlmiş ola biləcəyini göstərir. Purdue Universitetində aparılan yeni bir araşdırmada, daha çox kartof yeməyin qan təzyiqini aşağı salaraq ürəyin sağlamlığını artırdığı üzə çıxıb.

“Nutrients” jurnalında yayımlanan məqalədə kalium tərkibli qidaların istehlakının hipertoniya və digər ürək sağlamlığı problemlərinə təsirləri təhlil edilib. Kartofun tərkibinin kaliumla zəngin olması, alimləri bu tərəvəzlə bağlı ətraflı araşdırma aparmağa təşviq edib. Bu məqsədlə elm adamları 16 gün ərzində sınaq iştirakçılarının pəhrizlərini kartofla zənginləşdiriblər. Nəticələr respondentlərdə kartofun hansı formada istehlak edilməsindən asılı olmayaraq (qaynadılmış, qızardılmış və s.) qan təzyiqində azalmanı göstərib. Araşdırmadan alınan ən təəccüblü dəlil, kartof qızartmasının da qan təzyiqinə heç bir mənfi təsiri olmamasıdır.

“İnsanlar onsuz da çox kartof yeməyə meyillidirlər. Əslində, bu tərəvəz gündəlik qida qəbulumuzun yüzdə 20 faizini təşkil edir. Orta ölçülü bir kartof gündəlik orqanizmimizə lazım olan kaliumun yüzdə 10 faizini təmin edir” - deyə tədqiqatın aparıcı müəllifi Connie Weaver qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.