“Go Europe” şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

“Go Europe” şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikası Baş Prokurorluğunun instaqram sosial şəbəkəsindəki səhifəsində iyulun 1-də keçirilmiş sual-cavab sessiyası zamanı bir neçə vətəndaş “Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimovun 70-ə yaxın şəxsi aldadaraq Avropada işə düzəltmək adı altında pul almaqla dələduzluq etməsi barədə müraciətlər daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin müraciətlər Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb və faktla bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi İstintaq idarəsinə tapşırılıb.

Toplanmış ilkin sübutlar əsasında iyulun 5-də Orxan İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmadığından barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

“Go Europe” şirkətinin vəzifəli şəxslərinin dələduzluq əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun İstintaq idarəsinə müraciət etmələri xahiş olunur (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12 361-16-14, +994 12 361-16-13).

AZƏRTAC