Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının nüfuzlu üzvüdür
Siyasət

Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının nüfuzlu üzvüdür

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İƏT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlk vaxtlarda İƏT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, sonrakı mərhələdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında artıq daha kəsərli qətnamələr qəbul edildi. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı işğalı kimi qiymətləndirilir.

1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII Zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı mühüm qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində bir milyon nəfərə yaxın vətəndaşı didərgin düşmüş Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə, həmçinin BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırış ifadə olunurdu.

Qeyd edək ki, Kasablanka Zirvə görüşü Azərbaycan üçün həm də ona görə mühüm əhəmiyyət daşıyırdı ki, ulu öndər Heydər Əliyev burada çıxış edərək Azərbaycanın mövqeyini şərh etmək, bütün islam ölkələrinin rəhbərləri ilə keçirdiyi şəxsi görüşlərində Azərbaycanın əsas ictimai-siyasi problemlərini müzakirə etmək imkanı əldə etmişdi. Bundan əlavə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Cakarta şəhərində 1996-cı ildə keçirilən 24-cü konfransında qətnamənin adının dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması da Azərbaycan üçün böyük uğur idi. Bu bəyanat ATƏT-in 1996-cı il dekabrın 2-3-də Lissabonda keçirilmiş sammitinin bəyannaməsinə daxil edilmişdir. Həmin bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının bir hissəsi kimi nəzərdə tutulan 3 prinsip müəyyən edilmişdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarə hüququ statusunun verilməsi; Bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəlikləri də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi.

İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X Zirvə görüşlərində və 2008-ci il Dakarda keçirilmiş Zirvə görüşündə qəbul edilmiş qətnamələr də Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm rol oynamışdır.

2016-cı ilin aprelində İstanbulda keçirilən İƏT-in XIII Zirvə görüşündə İƏT çərçivəsində və xarici işlər nazirləri səviyyəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair təmas qrupu yaradılmış və bu qrupun İstanbul Sammiti çərçivəsində ilkin iclası da keçirilmişdir. Həmin qrupa 7 ölkə daxildir: Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti. Bu təmas qrupu yeni yaradılmasına baxmayaraq, münaqişənin həllini sürətləndirmək və böyük dövlətlərin diqqətini bu problemə yönəltmək istiqamətində qısa zaman ərzində fəal rol oynamağa çalışmışdır. Məsələn, BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində bu təmas qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası keçirilmişdir. Həmçinin İƏT dünya birliyinin diqqətini 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 mülki şəxsin erməni hərbi qüvvələri tərəfindən qətli ilə nəticələnmiş Xocalı soyqırımına cəlb edə bilmişdir.

İƏT Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin mayında Dəməşqdə keçirilmiş 36-cı konfransında qəbul edilmiş yekun qətnamədə nazirlər “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv dövlətləri bu kampaniyada fəal iştirak etməyə çağırmışlar. 2011-ci ildə İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyən qətnamə qəbul etmişdir. Həmçinin Parlamentlər İttifaqı 2012-ci ildə İƏT-ə üzv bütün dövlətlərin parlamentlərini Ermənistan silahlı qüvvələrinin törətdiyi qırğınları soyqırımı və insanlığa qarşı cinayət kimi tanımağa çağırmışdır.

Beləliklə, İƏT-in Baş Katibliyi hər il Xocalı faciəsinin ildönümü ilə bağlı rəsmi bəyanat yayır. İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqı isə İƏT-ə üzv ölkələrin parlamentlərinin Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün daim iş aparır. Buna əlavə olaraq, İƏT-in Ermənistanın Azərbaycanın torpaqlarının 20%-nin işğalı ilə bağlı mövqeyi üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin konfranslarında, müxtəlif illərdə keçirilən islam sammitlərində qəbul edilmiş qətnamələrdə də öz əksini tapmışdır.

Bu gün Azərbaycan Respublikası İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi etmişdir. Məsələn, 2013-cü ildə Bakıda keçirilmiş İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransında təşkilata üzv dövlətlər arasında yeni imkanların yaradılması, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilmişdir. 2014-cü ildə “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirilmişdir. Qeyd edilməlidir ki, bunun müqabilində İƏT (ICESCO vasitəsilə) islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirmişdir. Bu kontekstdə Azərbaycan hökuməti tərəfindən “Bakı İslam dünyasının paytaxtı-2009” layihəsi çərçivəsində Azərbaycanda və xarici ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilmişdir.

Azərbaycan və İƏT arasında humanitar əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Sivilizasiyalararası dialoq, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıda törədilən insanlığa qarşı ağlasığmaz cinayətin dünya ictimaiyyətinə çatdırılması, buna hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq, dünyada sülh, əmin-amanlıq uğrunda mübarizə aparmaqdır. Məhz gənclər proqramlarının və fəaliyyətinin inkişafındakı müstəsna xidmətlərinə, verdiyi dəyərli töhfələrinə görə Leyla xanım Əliyevaya təşkilatın yüksək mükafatı təqdim edilmişdir.

Bu gün Azərbaycanı İƏT-in üzvü olan ölkələri ilə təkcə milli-mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də bağlayır. Bu məsələdə Azərbaycanın siyasi aləmdə qazandığı imic və tutduğu mövqe xüsusi rol oynayır.

2011-ci il 22-23 noyabr tarixində Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏTGİAŞ) təsis qurultayı keçirilib.

Azərbaycan İƏT və BMT, AŞPA və başqa beynəlxalq təşkilatlar arasında bir növ siyasi-mədəni körpü funksiyasını həyata keçirir. Məsələn, Nyu-Yorkda 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. İclasın gündəliyində əsas məsələ BMT və İƏT arasında beynəlxalq sülh və təhlükəsizlik sferalarına dair əməkdaşlığın daha da gücləndirilməsi və birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub.

2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi - IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bu Oyunlar böyük idman və ictimai əhəmiyyətlə yanaşı, həm də mühüm siyasi məna kəsb edir.

İslam dünyasında münaqişələrin və ziddiyyətlərin hökm sürdüyü bir vaxtda bu böyük idman yarışını təşkil etməklə Azərbaycan İƏT-ə və onun birlik və həmrəylik ideyasına ciddi dəstək vermişdir.

2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ICESCO tərəfindən “İslam mədəniyyətinin paytaxtı” seçilib.

2018-ci ilin aprelində Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilib.

İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

2021-ci il iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən II Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycanın hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səy göstərdiyini deyib və çıxışını bu sözlərlə bitirib: “Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik”.

Nurəngiz ADİLQIZI,

“Respublika”.