Qəhvənin daha bir faydası
Qəhvənin inanılmaz faydaları get-gedə ortaya çıxmaqdadır. Bu dəfə İngiltərənin Edinburq Universitetinin İltihab Araşdırmaları Mərkəzinin bir qrup elm adamı qəhvənin yeni bir faydasını, qaraciyər xəstəliklərinə müsbət təsirini üzə çıxarıblar.
Üyüdülmüş qəhvə dənəciklərindən hazırlanan bu içki, dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur və tərkibində olan kofein alkoloidi sayəsində stimullaşdırıcı təsirə malikdir. Qəhvənin güclü antioksidant olması polifenol deyilən bir maddəni ehtiva etməsindən qaynaqlanır və in vivo xüsusiyyətlərə sahib olan yüzlərlə kimyəvi birləşmədən (xlorogen turşusu, kafestol və s.) ibarətdir.
Xroniki qaraciyər xəstəliklərinin ən əsas səbəbləri alkoqol və virus hepatitləri (Hepatit B və C) ilə əlaqəlidir. Bu şərtlər qaraciyər fibrozu və serrozuna yol açır.
Tədqiqatçılar 10 il ərzində İngiltərə Biobankının bu bəla ilə üzləşən 495.585 iştirakçısının məlumatlarını analiz ediblər. Tədqiqat dövrü ərzində 301 ölüm faktı daxil olmaqla, 3600 xroniki qaraciyər xəstəliyi qeydə alınıb. Mütəxəssislər qəhvə içməyənlərlə müqayisədə içənlərin ölüm riskinin 49% azalmasını müşahidə ediblər.
“Qəhvə əlçatan içkidir və araşdırmamızdan əldə etdiyimiz nailiyyətlər xroniki qaraciyər xəstəlikləri üçün potensial olaraq profilaktik müalicə metodu təklif edəcəyini düşünürəm”-deyə Edinburq Universitetinin professoru Kennedy vurğulayıb”.
Tədqiqatla bağlı ətraflı məlumat “Sci-News” veb saytına istinad edilib.
Yüksək qan təzyiqi dərmanları yaddaşı qoruya bilər
Qan təzyiqinin davamlı qalxması arterial hipertoniyadır. Bu, həm müxtəlif xəstəliklərdən, həm də naməlum səbəblərdən yarana bilər. Adətən 40 yaşdan sonra insanlarda müxtəlif səbəblərdən arterial hipertoniya özünü göstərməyə başlayır. Bununla əlaqədar insanlar davamlı olaraq gündəlik təzyiqi aşağı salan dərmanları qəbul etmək məcburiyyətində olurlar.
İrvine Kaliforniya Universitetinin tədqiqatçılarının “United Press İnternational” portalında yayımlanan araşdırmaları, yüksək qan təzyiqi ilə beyin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Elm adamları bəzi qan təzyiqi dərmanları istifadə edən yaşlıların yaddaş bacarıqlarını daha çox qoruya biləcəklərini iddia edirlər.
“Yüksək qan təzyiqi demans üçün böyük bir risk faktorudur və yaşlandıqca insanlarda zehni zəifləmə, yaddaş itkisinə gətirib çıxarır. Tapıntılarımız beyinə nüfuz edən dərmanların qan təzyiqini azaltmaqla yanaşı, əlavə faydalarını da ortaya qoyur. Həm ACE inhibitorları, həm də ARB-lər qan təzyiqi tənzimlənməsində renin-angiotensin sisteminə təsir göstərir” - deyə tədqiqat müəllifi, dosent Daniel Nation qeyd edib.
Tədqiqatçılar sınaqlara cəlb edilmiş 60-70 yaş arası insanların 5 il müddətində yaddaş performanslarını qiymətləndiriblər. ACE inhibitorları, yəni kaptopril, fosinopril, lisinopril, perindopril, ramipril və telmisartan, kandesartan kimi qan-beyin baryerini keçən dərmanlar istifadə edən iştirakçıların yaddaşında heç bir zəifləmə aşkarlanmayıb.
Süni dadlandırıcılar təhlükəli infeksiyalara səbəb olur
Qidalarda istifadə olunan dadlandırıcıların çoxu sintetik kimyəvi maddələrdən hazırlanır. Dadları və qoxuları təbii qidalara bənzədiyindən çox zaman fərqi hiss etmək olmur. Dünya bazarlarında satılan meyvə sularında olan və şəkər xəstələrinə “sırınan” süni dadlandırıcıların orqanizmimizə vurduğu zərəri bilirikmi?
Anglia Ruskin Universitetinin alimləri ümumilikdə bütün süni dadlandırıcıların bağırsaq mikroflorasında sağlam bakteriyaları zərərli mikroblara çevirə biləcəyini ortaya qoyublar.
İngiltərəli alimlərin “İnternational Journal of Molicular” jurnalında dərc edilən araşdırmalarına görə, sakarin, sukraloza və aspartam kimi şəkər əvəzediciləri bağırsaq üçün faydalı olan E.Coli (Escherichia coli) bakteriyasına patogen təsir edir. Mütəxəssislər dadlandırıcıların potensial olaraq bağırsaq mikrobiomundakı sağlam bakteriyaları zərərli mikroblara çevirə biləcəyini və qan zəhərlənməsi kimi ciddi həyati təhlükəli problemlərə gətirib çıxaracağını iddia edirlər.
“Xəstəliyə səbəb olan bu mikroblar qan axınına girməklə limfa düyünlərində və dalaqda toplanaraq bir sıra infeksiyalara səbəb ola bilər. Araşdırmamız sağlam bağırsaq bakteriyalarının patogenə çevrilməsini göstərən ilk tədqiqatdır. Bundan başqa, dadlandırıcıların toksin ifraz etməsi ehtimalı sepsisə səbəb ola biləcəyini də göstərir” - deyə Anglia Ruskin Universitetinin (ARU) Biomedikal Elmləri üzrə mütəxəssisi Havovi Chichger izah edib.
Yeni günə şokoladla başlayaraq arıqlamaq
Səhərlər ilk növbədə şirni yemək kökəlməyin asan bir yolu kimi görünə bilər, amma son bir araşdırma bunun əksini sübut edib. Gününüzü şirin bir ləzzətlə başlamaq üçün bir səbəb axtarırsınızsa başqa bir dəlilə ehtiyac yoxdur. Çünki ispaniyalı alimlər səhər saatlarında 100 qram şokolad yeməyin bədən yağlarının yandırılmasına və qan şəkəri səviyyəsinin tənzimlənməsinə kömək edəcəyini iddia edirlər.
“The Faseb journal” jurnalındakı məqalədə elm adamları yuxudan oyandıqdan bir saat sonra südlü şokolad yeməyin orqanizmə təsirlərini araşdırıblar. Araşdırmaya əsasən şokolad istehlakı, tərkibindəki yüksək yağ, şəkər balansına görə digər şirniyyatlara olan istəyin azalmasını göstərir. Tədqiqatçılar Brigham Qadın Xəstəxanasında 19 nəfər qadından ibarət könüllüləri sınaqlara cəlb ediblər. Bir neçə ay müddətində artan kalori istehlakına baxmayaraq, heç bir könüllüdə çəki artımı müşahidə edilməyib.
“Tapıntılarımız şokoladın bədən çəkisinin tənzimlənməsində iştirak edən fizioloji mexanizmlərə təsir edə biləcəyini göstərdi. Nəticələrimiz sübut edir ki, şokolad ad libitium enerji istehlakı ilə yanaşı, aclıq, iştah, şirniyyat istəklərini azaldır və qan şəkəri səviyyəsini tənzimləyir. Bundan əlavə səhərlər şokolad istehlakı bədəndə lipid oksidləşməsini və böyrəküstü vəzlərin ifraz etdiyi stress hormonu olan kortizolun səviyyəsini azaldır” - deyə tədqiqat müəllifi Marta Garaulet bildirib.
Hazırladı:
Elenora HƏSƏNOVA,
“Respublika”.