Azərbaycan və Belarus siyasi əməkdaşlıq məsələlərində həmrəy olmaqla beynəlxalq müstəvidə qarşılıqlı dəstəyi yüksək qiymətləndirir
MÜSAHİBƏLƏR

Azərbaycan və Belarus siyasi əməkdaşlıq məsələlərində həmrəy olmaqla beynəlxalq müstəvidə qarşılıqlı dəstəyi yüksək qiymətləndirir

Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Andrey Ravkovun “Respublika” qəzetinə müsahibəsi

– Hörmətli Andrey Alekseyeviç, iyulun 3-də Belarus Respublikası belaruslar üçün böyük əhəmiyyət kəsb edən öz milli bayramını - Müstəqillik Gününü qeyd edir. Belarus xalqının tarixində həmin bayramın yerini və rolunu siz necə dəyərləndirərdiniz?

– Belarusun müharibədən sonrakı tarixində iyulun 3-ü həmişə xüsusi tarix kimi qeyd edilib. Məhz həmin gün, uzaq 1944-cü ildə “Baqration” əməliyyatı gedişində Minsk şəhəri alman-faşist işğalçılardan azad edilmişdir. Məlum səbəblərə görə paytaxtın azad olunması xəbəri bütün respublikamızın tezliklə azad edilməsində və yaxınlaşan Qələbəyə xalqımızın inamını möhkəmləndirmiş, bütün çətinliklər və məhrumiyyətlərə dözməkdə və düşməni qovmaqda xalqımıza kömək etmiş, dayaq olmuş, mənəvi təməlimizi dəfələrlə gücləndirmişdir.

Tarixdən bəllidir ki, Belarus alman qoşunlarının şiddətli zərbələrini üzərinə götürmüş SSRİ respublikalarından ən birincisi olmuşdur. Brestdən başlayaraq Orş və Smolenskə qədər qərb sərhədlərində düşmənə göstərilmiş inadlı müqavimət almanların Moskvaya sürətli hücumunun qarşısını almağa imkan vermiş, lakin işğalçıları tamamilə dayandırmaq mümkün olmamış və 1941-ci il sentyabr ayının əvvəllərində artıq Belarusun bütün ərazisi işğal altında qalmışdır. “Yeni nizamın” Belarus torpağında bərqərar olunmasının başlıca vasitəsi qismində nasistlər soyqırımı və kütləvi qanlı terror siyasətini seçmişdilər. Almaniyaya məcburi işlərin görülməsinə 380 minə yaxın insan aparılmış, onların, demək olar ki, yarısı vəfat etmişdir. Belarus ərazisində 260 ölüm düşərgəsi, yüzlərlə getto yaradılmışdır. “Ost” planına uyğun olaraq, Almaniyanın rəhbərliyi Belarus əhalisinin dörddə üçünü məhv etmək, yaxud Şərqə köçürmək, qalan dörddə bir hissəsini isə qullar qismində istifadə etməyi planlaşdırırdı. Çox insan Xatın faciəsi haqqında məlumatlıdır, bu kəndin sakinləri partizanlara kömək etdikləri üçün diri-diri yandırılmışdır.

Yeri gəlmişkən, işğal dövründə Belarus ərazisində öz kütləviliyinə görə misli görünməmiş müqavimət başlanılmışdır. Partizan hərəkatı ümumxalq mübarizəsinin aparıcı formasına çevrilmiş, burada təxminən 400 minə yaxın partizan iştirak etmişdir. “Rels müharibəsi” məfhumu isə məhz Belarusda yaranmışdır - partizanlar canlı qüvvə və texnika ilə dolu düşmən qatarlarını, zirehli qatarları yoldan çıxarır, dəmir yolu körpülərini partladırdı...

Böyük Vətən müharibəsi illərində Belarus özünün hər üçüncü sakinindən birini itirmişdir, odur ki, onilliklər keçdikcə faşizm üzərində Qələbəyə öz nəhəng töhfəsini vermiş xalqın fədakarlığı haqqında xatirə - müqəddəsdir.

Və 1996-cı ildə keçirilmiş referendumun nəticələrinə əsasən, bütün respublikanın düşməndən azad olunmasını simvolizə edən məhz 3 iyul tarixinin Müstəqillik Günü kimi qeyd edilməsi barədə qərar qəbul edilmişdir.

– Bu günümüzə qədər gəlib çıxmış məlumatlara əsasən, Belarus ərazisində çoxlu xalqlar, o cümlədən də azərbaycanlılar döyüşmüşdür. Həmin qəhrəmanlar kimlərdir? Belarus uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etmiş və bu gün yaşayan veteranlar haqqında Sizdə məlumat varmı?

– Bəli, Siz haqlısınız, ölkəmizdə gələcək nəsillər uğrunda qanlarını tökmüş və həyatlarını qurban vermiş qəhrəmanların xatirəsi ehtiramla yad olunur.

Azərbaycanlı döyüşçülər arasında 1-ci Belorusiya cəbhəsinin pulemyotçusu serjant Məmiş Abdullayevin, qırıcılar dəstəsinin komandiri baş leytenant Vladimir Balandinin, starşina Məstan Əliyevin, Belarusun, o cümlədən Minsk şəhərinin azad olunmasında iştirak etmiş tank taqım komandiri kiçik leytenant Nəcəfqulu Rəfiyevin adlarını çəkə bilərik. Bu cəsur insanın, Sovet İttifaqı Qəhrəmanının şərəfinə onun doğma Ordubad şəhərində və Belarusun paytaxtında küçələr adlandırılmışdır.

Ancaq, yəqin ki, həmin qəhrəman döyüşçülər arasında ən məşhur sima iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov - 3-cü Belorusiya cəbhəsinin tank briqadasının komandiri idi. Onun rəhbərliyi altında vuruşan döyüşçülər xeyli şəhərlərimizi azad etmişdilər. Gedən döyüşlərin birində Aslanov ölümcül yaralanmışdır. Göstərdiyi şücaət və qəhrəmanlığa görə o, ölümündən sonra Smorqon şəhərinin fəxri vətəndaşı adına layiq görülmüş, onun adı Belarusun müxtəlif şəhərlərinin küçələrinə verilmişdir. Həmçinin diqqətəlayiqdir ki, Bakıda Rəfiyev küçəsində Belarusun Azərbaycandakı Səfirliyi yerləşir.

Təəssüflər olsun ki, veteranların siyahısı ildən-ilə seyrəlir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatlarına əsasən, hazırda Azərbaycanda Belarusun azad olunmasında iştirak etmiş cəmi 13 veteran-döyüşçü yaşayır, onların yaşı 94-102 arasındadır... Fürsətdən istifadə edərək, mən Azərbaycan Respublikasının rəhbərliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də Azərbaycan Respublikasının Müharibə, əmək, silahlı qüvvələri və hüquq-mühafizə orqanlarının veteranları təşkilatına veteranlara hərtərəfli kömək və dəstək göstərdiklərinə, Böyük Vətən müharibəsi haqqında xatirəni uca tutduqlarına görə səmimi təşəkkürümü bildirmək istərdim.

Bakıda yerləşən Belarus diplomatik missiyasının gözəl bir ənənəsi var: istənilən şəraitdə milli bayramımız ərəfəsində biz xatirələrini əziz tutaraq qəhrəman-xilaskarlarımız olan Həzi Aslanovun heykəli önünə və N.Rəfiyevin məzarına gül dəstələri düzürük.

– Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətinə keçərək, cənab Səfir, maraqlanmaq istərdik ki, ölkələrimiz arasında ikitərəfli dialoqun, xüsusilə də ticari-iqtisadi sferada, vəziyyətini və perspektivlərini necə görürsünüz?

– Hər şeydən öncə, qeyd etmək istərdim ki, Belarus Respublikasının və Azərbaycan Respublikasının iqtisadi sferada ikitərəfli əməkdaşlığı on ildən artıq bir müddətdə strateji tərəfdaşlıq səviyyəsini qoruyub saxlayır. Ölkələrimizin dövlət başçıları tərəfindən dəfələrlə qeyd edildiyi kimi, iqtisadiyyatda əməkdaşlığımızın əsas prioritetləri qismində istehsalat kooperasiyası, kənd təsərrüfatında, təhsil və səhiyyədə birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət, elm və texnologiyalar kimi sahələrdə əməkdaşlıq göstərilə bilər.

Son bir neçə il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafında yüksək dinamika müşahidə olunur. Belarus və Azərbaycan ixrac-idxal əməliyyatlarının ciddi artım templərini nümayiş etdirir, ölkələrimiz siyasi əməkdaşlıq məsələləri üzrə həmrəydir. Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyi tərəflər yüksək qiymətləndirir.

Ötən ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 447 milyon dollardan çox olmuşdur ki, bu da 2019-cu illə müqayisədə 1,5 dəfə artım deməkdir. Cari ildə bu tendensiya qorunub saxlanılmışdır: 2021-ci ilin dörd ayı ərzində əmtəə dövriyyəsi 253 milyon dollar təşkil etmişdir ki, bu da 2020-ci ilin analoji göstəricilərini 2 dəfəyə qədər üstələməsi deməkdir.

Belarus dövlət başçısının aprel ayında Azərbaycana baş tutmuş səfəri bizim iqtisadi əlaqələrimizin inkişafına lazımi təkan vermişdir. Mövcud bazaya yenidən nəzər salınmış, artımın potensial istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda Belarus və Azərbaycan hökumətləri arasında cari ilin aprel ayında Bakıda əldə olunmuş razılaşmaların yüksək səviyyədə yerinə yetirilməsi üzrə konkret vəzifələr dayanır.

İstehsalat kooperasiyasına gəlincə isə, bu, qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının təmin edilməsi üzrə işin ən əhəmiyyətli istiqamətlərindən biridir.

Azərbaycanda Belarus texnikasının birgə yığma istehsal sahəsi fəaliyyət göstərir. MTZ traktorların, MAZ texnikasının və digər istehsalçıların məhsullarının Gəncə avtomobil zavodunda yığılması layihəsi haqqında xüsusi fəxrlə danışa bilərik. 2007-ci ildən başlayaraq bu müəssisənin istehsal sahələrində artıq 12 minə yaxın “Belarus” traktoru və 3 mindən çox avtomobil qoşqusu yığılmışdır.

Azərbaycanda əczaçılıq sahəsində birgə müəssisənin açılması məsələsi üzərində işlər aparılır.

Şübhəsiz, bu və digər layihələrin həyata keçirilməsinə pandemiyanın mənfi təsiri məcburiyyət qarşısında müəyyən neqativ korrektələrin edilməsi ilə nəticələnmişdir: Təmaslar onlayn rejiminə keçirildi, demək olar ki, bütün tədbirlər ləğv edildi, səfərlər dayandırıldı, xidmətlər sferası əhəmiyyətli zərərlərlə üzləşdi.

Lakin, göründüyü kimi, epidemioloji vəziyyət get-gedə daha çox həkimlərin nəzarəti altına keçməyə başlayır və tədricən sabitləşir, vaksinasiya davam edir. 2021-ci ilin iyun ayında Azərbaycanda pandemiya başlanandan sonra ilk əyani kənd təsərrüfatı və ərzaq sərgiləri keçirilmişdir, burada Belarus olduqca böyük ölkə ekspozisiyasını təqdim etmişdir.

Mən həmçinin böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, 23-26 iyun tarixlərində Minsk şəhərində keçirilmiş MILEX-2021 Silah və hərbi texnikanın Beynəlxalq sərgisində Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Karantin məhdudiyyətləri liberallaşdırıldıqca, biz həmçinin Azərbaycan və Belarus arasında turist gediş-gəlişinin artmasına ümid edirik.

– Ölkələrimiz arasında inkişaf perspektivləri baxımından başqa hansı sahələrdə münasibətlər daha böyük maraq kəsb edə bilər?

– Zənnimcə, iki xalq arasında daha effektiv əlaqələndirici kimi humanitar əməkdaşlığı qeyd etmək lazımdır, bu, “xalq diplomatiyası” üçün, mədəniyyətin, milli adət və ənənələrin, incəsənət və yaradıcılıq texnikalarının xüsusiyyətləri ilə tanışlıq nöqteyi-nəzərdən sərhədsiz imkanlar açır.

Bu istiqamətdə iki ölkənin teatr kollektivləri, kitabxanaları, muzeyləri, Elmlər akademiyaları arasında aktiv qarşılıqlı fəaliyyət qurulmuşdur. Hər il Belarusun və Azərbaycanın teatr səhnələrində iki ölkənin opera və baletinin onlarla səhnə ustaları, dirijorları, aparıcı artistləri qastrollarla çıxış edir.

Azərbaycan nümayəndələri müntəzəm surətdə Belarusda keçirilən “Lіstapad”, “Venok drujbı”, “Belaə veja”, “Zolotaə pçelka” və bu kimi digər beynəlxalq festivallarda uğurla çıxış edir. Bizim məşhur, eləcə də gənc ifaçılar “Jara”, “Youthvision” və digər beynəlxalq layihələrdə iştirak edirlər.

İki ölkənin gənc istedadlarının sərgi və müsabiqələrdə iştirakı da artıq müntəzəm xarakter almışdır.

2020-2021-ci illərdə karantin rejimi şəraitində mədəniyyət sferasında iki ölkənin dövlət idarəçiliyi orqanlarının, təşkilatlarının və regionlarının rəhbərləri səviyyəsində distant təmasların qurulması və dəstəklənməsi, müxtəlif onlayn tədbirlərdə tərəflərin nümayəndələrinin iştirakının təmin edilməsi istiqamətində Səfirliyimiz tərəfindən ciddi səylər göstərilir.

Bununla yanaşı, artıq əyani qarşılıqlı fəaliyyət də canlanmağa başlayır: cari ilin fevral ayında Azərbaycan XXVIII Minsk beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunmuşdur. “Vitebskdə Slavyan bazarı” yubiley XXX incəsənət festivalı çərçivəsində keçiriləcək estrada mahnı ifaçılarının “Vitebsk-2021” beynəlxalq müsabiqəsində Azərbaycanı “Azərbaycanın Səsi” milli musiqi layihəsinin iştirakçısı Tofiq Hacıyev təmsil edəcəkdir.

Yeri gəlmişkən, Belarusun mədəniyyət naziri Anatoli Markeviç öz azərbaycanlı həmkarı Anar Kərimovu fəxri qonaq qismində “Vitebskdə Slavyan bazarı” yubiley XXX incəsənət festivalının açılış mərasimində iştirak etmək üçün dəvət etmişdir. Hələ cavab almasaq da, lakin bununla bağlı müsbət qərarın veriləcəyinə çox ümid edirik, çünki A.Kərimovun Belarusa səfəri mədəniyyət sferasında əməkdaşlığın dərinləşməsi üçün əlavə impuls ola bilər.

Xüsusən də nəzərə almaq lazımdır ki, həm belaruslar, həm də azərbaycanlılar tərəfindən çox sevilən qarşılıqlı Mədəniyyət günləri müxtəlif obyektiv səbəblər üzündən, səhv etmirəmsə, 2014-cü ildən keçirilmir. Biz əminik ki, azərbaycanlı həmkarlarımız növbəli şəkildə 2022-2023-cü illərdə Belarusun və Azərbaycanın Mədəniyyət günlərinin təşkil edilməsi üzrə bizim Mədəniyyət Nazirliyimizin təşəbbüsünü dəstəkləyəcəklər.

Odur ki, gördüyünüz kimi, humanitar sferada əməkdaşlığın həyata keçirilməsi üçün xeyli sayda ortaq təmas nöqtələrimiz vardır, əlaqələrin genişləndirilməsi, qarşılıqlı fəaliyyətin dərinləşməsi, çoxlu sayda birgə və qarşılıqlı tədbirlərin keçirilməsi ilə bağlı hər iki tərəfin ortaq maraqları mövcuddur. Əminəm ki, pandemiya aradan qalxandan sonra bütün buraxılmış imkanların əvəzi çıxılacaqdır.

– Azərbaycanda Sizin ölkənizdə və onun ətrafında baş verən hadisələr, yaranmış vəziyyət haqqında xəbərləri və informasiya məlumatlarını böyük maraqla izləyirlər. Sürətli rəqəmsal texnologiyalar dövründə müxtəlif məzmunlu məlumatlar hər yerdə peyda olur, çoxlu sayda feyklərə və yoxlanılmamış informasiyalara rast gəlinir. Və əslində nələrin baş verdiyini anlamaq, müəyyənləşdirmək çox vaxt olduqca çətin olur. Siz azərbaycanlılara Belarus haqqında hansı informasiya resurslarını tövsiyə edərdiniz?

– Müasir Belarusun həyatı barədə Azərbaycanın media məkanında obyektiv məlumatın başlıca mənbəyi mövqeyində “Belarusğ-24” (“Belarus-24”) beynəlxalq televiziya kanalı yer alır, həmin kanalı peyk vasitəsilə izləmək olar, eləcə də bu kanal ölkənizin iri kabel televiziyaları operatorlarının - KTV1 və CLiPTV-in yayım şəbəkəsinə daxildir.

Hər kəs üçün əlçatan olan və Belarus hökumətinin rəsmi mövqeyini çatdıran digər resurslar arasında Belarus teleqraf agentliyinin internet-portalını (www.belta.by), Belarusiya teleradio şirkətinin (BELARUSĞ-1), İkinci milli telekanalının (ONT) və Paytaxt televiziyasının (STV) sayt və yutub-kanallarını qeyd edə bilərəm.

Belarusda baş verən hadisələr haqqında BelTA-nın aktual xəbər məlumatlarının AzƏrTAC və “Trend” İnformasiya Agentliklərinin müvafiq rubrikalarında mövcud olan tərəfdaşlıq sazişlərinə uyğun olaraq müntəzəm verilməsini ayrıca qeyd etmək lazımdır.

Bundan əlavə, biz hər zaman istənilən əlavə məlumatın təqdim edilməsinə açıq və hazırıq. Həmçinin daha maraqlı və tələb olunan materialların yayılması nöqteyi-nəzərdən biz özümüz də çox iş görürük, bu məqsədlə, hər şeydən əvvəl, cari ilin əvvəlindən yeni dizayn almış Səfirliyin saytının imkanlarından istifadə edirik (http://azerbaijan.mfa.gov.by).

Bizim internet səhifəsini açaraq, siz Belarusda baş verən ən son hadisələrlə bağlı xəbərləri izləmək, diplomatik missiyamız tərəfindən həyata keçirilən tədbirlərdən xəbərdar olmaq, Minskdə təşkil olunan beynəlxalq sərgilərlə tanış olmaq, dövlət idarəçiliyinin əsas orqanlarının və Belarus ixracatçılarının saytlarına asanlıqla çıxa bilərsiniz. Saytımız vasitəsilə həm də Belarus, onun iqtisadi, elmi-texniki, turizm və təhsil potensialı haqqında daha dolğun və gerçək informasiyanı almaq olar.

Zamanla ayaqlaşaraq, biz həm də Səfirliyimizin Tvitterdəki akkauntunu və bizim yutub-kanalımızı da fəal surətdə məlumatlarla zənginləşdirməyə çalışırıq. Bir sözlə, lazımi informasiyanın axtarışının asanlaşdırılması üçün bizdən asılı olanların hamısını edirik.

– Cənab Səfir, müsahibəyə görə təşəkkür edirik.

Emin QASIMOV,

“Respublika”.