Daxili işlər naziri Azərbaycan Polisi Günü münasibətilə şəxsi heyəti və polis veteranlarını təbrik edib
Digər xəbərlər

Daxili işlər naziri Azərbaycan Polisi Günü münasibətilə şəxsi heyəti və polis veteranlarını təbrik edib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətini və veteranlarını təbrik edib.

AZƏRTAC Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, təbrik məktubunda 1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanlarının ötən müddətdə şərəfli xidmət yolu keçərək böyük təcrübə qazandığı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrildiyi qeyd olunub.

Bildirilib ki, bu gün Azərbaycan polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti daim təkmilləşən, xidməti vəzifələri səmərəli yerinə yetirmək üçün bütün lazımi şəraitə, müasir maddi-texniki bazaya və infrastruktura malik polis orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə, asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli nəticələrə nail olub. Vətən müharibəsi günlərində hərbi vəziyyətin təmini vəzifələrini də layiqincə yerinə yetirib və hazırda işğaldan azad olunmuş ərazilərdə önəmli xidmətini, həmçinin xüsusi karantin rejiminə nəzarət funksiyalarını əzmlə həyata keçirir.

Xidmətdə fərqlənən əməkdaşların Prezident tərəfindən dövlət mükafatlarına layiq görülməsini dövlətimizin başçısının bütövlükdə Azərbaycan polisinin əməyinə verdiyi böyük dəyərin əyani ifadəsi olduğunu qeyd edən nazir şəxsi heyətin sabitliyin və təhlükəsizliyin keşiyində bundan sonra da qətiyyətlə dayanacağına, peşəkarlığı, xalqa və Vətənə sədaqətli xidməti ilə yeni-yeni nailiyyətlər qazanacağına əminliyini bildirib.

General-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətini və veteranlarını, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların ailə üzvlərini səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.

AZƏRTAC