Sahibə Qafarova: Qırğızıstanla ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir
Siyasət

Sahibə Qafarova: Qırğızıstanla ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 2-də  ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova qonaqları səmimi salamlayaraq Azərbaycanın dost Qırğızıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Qeyd edilib ki, xalqlarımız arasındakı mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır. Tarixən mövcud olan əlaqələrimiz ölkələrimiz müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır. İqtisadi sahədə də yüksək nailiyyətlər əldə etmək üçün potensial imkanlar mövcuddur.

Milli Məclisin sədri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Zəfər qazanaraq işğal altındakı torpaqlarını azad etdiyini və bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini özü yerinə yetirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağda işğaldan azad olunmuş ərazilərdə bütün mülki infrastruktur, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Bu dağıntıları ancaq Xirosima ilə müqayisə etmək olar. Münaqişənin artıq həll edilməsinə baxmayaraq, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Burada aparılan bərpa, quruculuq işlərinə mane olmaq, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması prosesini ləngitmək məqsədilə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan, həmçinin sərhəddə təxribatlar törədir, azad olunmuş ərazilərə terrorist qrupları göndərir. “Hərbi əsirlər” məsələsində beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. S.Qafarova Azərbaycan həqiqətlərini dəstəklədiklərinə görə Qırğızıstan tərəfinə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova bildirib ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf etməkdədir. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Onların fəaliyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşləri ümumi mənafelərə xidmət edir. Milli Məclisin sədri TÜRKPA çərçivəsində əməkdaşlığın da əhəmiyyətini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ruslan Kazakbayev ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Azərbaycan Qırğızıstan üçün önəmli ölkədir. Ruslan Kazakbayev bəşəriyyətin bəlasına çevrilmiş pandemiya ilə əlaqədar Azərbaycanın Qırğızıstana etdiyi humanitar yardıma görə minnətdar olduqlarını deyib. Nazir parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin həyatın digər sahələrinə də müsbət təsir göstərəcəyinə əmin olduğunu söyləyib.

Sonra tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə Milli Məclisin komitə sədri, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Musa Quliyev, komitə sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC