QAZAX: SUVARMA SUYUNA OLAN TƏLƏBAT ÖDƏNİLİR
Region

QAZAX: SUVARMA SUYUNA OLAN TƏLƏBAT ÖDƏNİLİR

Aqrar sahədə məhsuldarlığın artırılması yüksək aqrotexniki qaydalara əməl etməklə yanaşı suvarmanın vaxtında aparılmasından daha çox asılıdır. Bu baxımdan ölkəmizdə bir sıra meliorativ tədbirlər aparılmış və bu işlər ölkə miqyasında uğurla davam etdirilir. Qazax rayonunda suvarmanın mövcud vəziyyəti ilə maraqlandıq. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovdan görülən işlər barədə danışmağı xahiş etdik. İdarə rəisi bildirdi ki, hər kəsə məlum olduğu kimi, ölkəmizdə yaradılmış irihəcmli su anbarlarının böyük əksəriyyəti ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa olunmuşdur. Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək bütün sahələrdə olduğu kimi, meliorasiya sistemində də irimiqyaslı layihələrin həyata keçirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verir.

Sözsüz ki, Qazax rayonu da respublikada aparılan meliorativ tədbirlərdən kənarda qalmır. Təkcə 2020-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə 14 ədəd subartezian quyusunun qazılmasına başlanmışdır. Yaxın günlərdə quyular istifadəyə veriləcəkdir. Beləliklə, Qazaxda ümumilikdə 205 ədəd subartezian quyusu fəaliyyət göstərəcəkdir. 2016-cı ilədək rayondakı əkinəyararlı torpaqların xeyli hissəsində su problemi ilə əlaqədar əkin-biçin aparılmamışdır. Rayon rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində hazırda Qazaxda əkinəyararlı torpaqların 100 faizi əkin dövriyyəsinə cəlb olunmuşdur.

Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18321 ha pay torpaq və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması üçün 5 mənbədən: Ağstafaçay, Coğazçay, İncəsuçay su anbarları, Kür və Xram çaylarından istifadə olunur. Qazax Suvarma Sistemləri İdarəsinin  balansında 485,6 km uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili açıq arxlar vardır. Bunlardan 67,5 km-i beton üzlüklü kanallar, 418,1 km-i torpaq məcralı arxlardır. İdarənin baş mühəndisi Asim Osmanov bildirdi ki, torpaq məcralı arxlarda  daha çox su  itkisi baş verdiyindən bu arxların beton üzlüyə alınması əsas məsələlərdəndir. İdarənin balansında 21 ədəd nasos stansiyası var ki, bunlardan 19 nasos stansiyası hazırda fəaliyyət göstərir, 1 stansiyada (İkinci Şıxlı 1-ci pillə) təmir-bərpa işləri aparılır, bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. İdarənin balansında  2 ədəd:  Coğazçay, İncəsuçay su anbarları, həmçinin Acıdərə kiçik sututarı mövcuddur.

Ötən illərlə müqayisədə cari ildə havaların yağmurlu keçməsi ilə əlaqədar Coğazçay Su Anbarına 18 mln kubmetr su yığılmışdır ki, bu da əhalinin suvarma və içməli suya olan tələbatını tam olmasa da, qismən ödəyir. İncəsuçay Su Anbarı mənbəyini Ermənistan ərazisindən götürən çaylardandır ki, bu da düşmənlərin təxribatına yol açır. Belə ki, suvarmaya ehtiyac olan vaxtlarda həmin çayların qarşısı kəsilir, ehtiyac olmayan aylarda buraxılır. Bu da İncə dərəsi adlanan 3 kəndin: Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərinin suya olan tələbatını lazımi vaxtda ödəmir. Bu kimi halların vurduğu ziyanın qarşısının alınması məqsədilə 2020-ci ildə kənd əhalisinin, rayon rəhbərliyinin və SSİ-nin müraciətini nəzərə alaraq Baş nazirin birinci müavini, Su Komissiyasının sədri Şahin Mustafayev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və digər mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilmiş və belə qənaətə gəlinmişdir ki, 4 pilləli Qaymaqlı-Kəmərli nasos stansiyası vasitəsilə suvarma mövsümü olmayan aylarda -- qış aylarında- İncəsuçay Su Anbarına Kür çayından su vurulsun ki, yaz vegetasiya suvarması başlayana qədər anbarda tələb olunan səviyyədə su toplansın.

Artıq 2020-ci ildə başlanğıcını Gürcüstan Respublikasından, Xram çayından götürən Şıxlı arxının rayon ərazisində olan 14,6 km hissəsində topoqrafik çəkiliş işləri aparılıb, layihə-smeta sənədləri hazırlanır.

2019-2020-ci illərdə Solsahil R-2 kanalında əsaslı təmir işləri aparılmışdır. Beton üzlüklü kanallarda cari təmir işləri aparılmışdır.

Sərhədyanı Fərəhli, Abbasbəyli, Alpout kəndlərinin su təminatının yaxşılaşdırılması üçün yeni Abbasbəyli nasos stansiyası və 1000 ha sahəyə xidmət edən yeraltı suvarma şəbəkəsi 2016-cı ildə istismara verilmişdir. Bundan başqa Qaymaqlı-Kəmərli 3-cü pillə nasos stansiyası istismara verildikdən sonra 500 ha Qaymaqlı kəndinin, 400 ha Birinci Şıxlı kəndinin pay torpaq sahələrinin su təminatı yaxşılaşdırılmışdır.

2021-ci ilin vegetasiya suvarmasını müvəffəqiyyətlə başa vurmaq üçün Qazax Suvarma Sistemləri İdarəsinin  kollektivi var gücü ilə çalışacaqdır. 

  Vəli VƏLİYEV,

  “Respublika”.