DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QIRĞIZ RESPUBLIKASI VƏ TACIKISTAN ARASINDA YENI GƏRGINLIK YAŞANIB

Tacikistan hərbçiləri əvvəlcədən əldə edilən razılaşmanı pozaraq iyunun 4-də səhər saatlarında Qırğız Respublikası sərhədinin 1 kilometr dərinliyinə daxil olub və Oş vilayətinin Çon-Alay rayonunun “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner yerləşdiriblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Qırğız Respublikasının Nazirlər Kabineti məlumat yayıb.

Eyni zamanda bildirilir ki, Qırğız Respublikası artıq vətəndaşlarını Tacikistanla sərhəd bölgədən təxliyə etməyə başlayıb.

Məlumata əsasən, sərhədyanı Çon-Alay rayonunun Unju-Bulak yaşayış məntəqəsindən yaşlı insanlar, qadınlar və uşaqlar təxliyə edilir.

Verilən xəbərə görə, Qırğız Respublikası hökumətinin Oş vilayətindəki nümayəndəsi vəziyyətlə bağlı hələ ki açıqlama verməyib.

 

FRANSA MALIDƏ HƏRBI ƏMƏLIYYATLARI DAYANDIRDI

Fransa mayın 24-də hərbi çevrilişin baş verdiyi Mali ilə birgə hərbi əməliyyatları dayandırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb. Malidəki hərbi çevrilişdən sonra Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi və Afrika Birliyi bu ölkədəki siyasi keçidin çərçivəsini aydınlaşdırmaq üçün şərtləri müəyyən etməyə çalışdıqları bildirilib.

Açıqlamada Fransa rəhbərliyinin keçid dönəmində müvəqqəti olaraq Mali ordusu ilə birgə hərbi əməliyyatları və məsləhətləşmələri dayandırmağa qərar verdiyi vurğulanır.

Ötən il avqustun 18-də baş verən dövlət çevrilişinin də arxasında dayanan və prezidentin müavini vəzifəsini icra edən polkovnik Assimi Qoyta mayın 24-də yeni kabinet dəyişikliyinin prosedurlara uyğun olmadığını elan edib. Daha sonra polkovnik Mali prezidenti Ba Ndau və baş nazir Moktar Uan da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərin həbsinə əmr verib və özünü prezident elan edib.

 

DÖVLƏT DUMASI ABŞ-I YOXSUL ÖLKƏYƏ ÇEVIRMƏYIN YOLUNU TAPIB

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, Rusiyanın dollardan tamamilə imtina etməsi ABŞ-ın mövqeyinə ağır zərbə olar. “Sputnik” informasiya agentliyinin məlumatına görə, deputat dolları dünyanın ən təminatsız valyutası adlandıraraq ondan imtina prosesini sürətləndirməyi təklif edib.

“Biz ən azından bu valyutadan asılılığa son qoya bilərik. Əgər iqtisadi tərəfdaşlarımız da həmin yolla getsələr, bu, amerikalılar tərəfindən hiss edilən səviyyəyə çata bilər”, - deyə Vitali Milonov vurğulayıb.

Deputatın sözlərinə görə, beynəlxalq ödəmələrdə dollardan istifadəyə son qoyulan kimi ABŞ dünyanın ən yoxsul ölkəsinə çevriləcək.

Eyni zamanda, Rusiya hakimiyyəti dəfələrlə bildirib ki, ABŞ bir sıra ölkələrə sanksiya siyasəti ilə dollara olan etibara zərbə vurur və xarici ticarətin rubl və digər valyutalarla aparılmasına keçidi sürətləndirir.

 

GÜRCÜSTANDA BƏZI SILAHLARIN GƏZDIRILMƏSINƏ ICAZƏ VERILIR

Gürcüstanın “Silah haqqında” Qanununa düzəlişlər layihəsi hazırlanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, silah dövriyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutan layihə ölkə parlamentinin İnsan Haqları və Vətəndaş İnteqrasiyası Komitəsində müzakirə olunub.

Bildirilir ki, qanuna qazla işləyən və səsli (akustik) silahın daşınması qaydalarını tənzimləyən yeni maddə əlavə edilib. Maddəyə əsasən, qazla işləyən silah müdafiə üçün nəzərdə tutulduğundan onu daşımağa icazə veriləcək, lakin bu silahın açıq şəkildə gəzdirilməsi və ictimaiyyət qarşısında nümayişi qadağan ediləcək.

Akustik silaha gəlincə, ondan istifadə konkret məqsədlər üçün - teatr, film və televiziya tamaşalarının nümayişləri, tarixi rekonstruksiyalar, parad və idman tədbirlərində istifadəsinə icazə veriləcək. Fiziki şəxsə bu cür silahı daşımaq qanunla qadağan ediləcək.

cozef bayden

 

ÇININ 58 ŞIRKƏTINƏ SANKSIYA TƏTBIQ EDIB

ABŞ prezidenti Cozef Bayden Çinin 58 şirkətinə Sincan Uyğur Muxtar Bölgəsi və Honkonqda insan haqlarını pozmaqda rol oynadığına görə sanksiya nəzərdə tutulan qanunu imzalayıb. Bu barədə “Teleqraf.com” saytı xəbər verib.

Bildirilir ki, Baydenin yeni imzaladığı qərarda “istehsal və ya tətbiq etdikləri texnologiyanın Sincan Uyğur Muxtar Bölgəsi müsəlmanları, eləcə də Honkonqda siyasi fəalları zəiflətmək üçün Çin tərəfindən istifadə etdiyi təsbit edilən” 58 şirkətə ABŞ sanksiya layihəsi tətbiq etdiyi açıqlanıb.

Eyni zamanda, qərarda çinin bu addımlarının insan haqlarını pozduğu və bu şirkətlərin istehsal etdiyi texnologiyalarla Çinə dəstək göstərdiyi vurğulanıb.

Məlumata əsasən, qanun layihəsinin avqustun 2-dən tətbiq ediləcəyi bildirilir. Ehtimal olunur ki, bu siyahıya zamanla daha bir neçə Çin şirkətinin adı əlavə olunacaq.

 

PAKISTANIN PAYTAXTINA NAMƏLUM SILAHLILARIN HÜCUMU

Pakistanın paytaxtı İslamabadda naməlum şəxslərin hücumu nəticəsində iki polis əməkdaşı həlak olub. “Report” agentliyinin məlumatına görə, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd açıqlama yayıb.

Nazirin sözlərinə görə, İslamabadda terrorçuların fəaliyyəti artıb. O deyib: “İyunun 4-də gecə saatlarında iki polis əməkdaşı öldürülüb. 2018-ci ildən indiyədək paytaxtda 9 polis əməkdaşı şəhid edilib”.

Şeyx Rəşid Əhməd bildirib ki, Əfqanıstanla sərhəddə hücumların qarşısını almaq məqsədi ilə hörülən divarın çox hissəsində işlər tamamlanıb.

Eyni zamanda, nazir Pakistanla İran sərhədində də divar hörülməsinin bir ilə başa çatacağını qeyd edib.

 

DANİMARKADAN MİQRANTLARLA BAĞLI RADİKAL ADDIM

Danimarkalı deputatlar bu ölkədən sığınacaq istəyən qaçqınların Avropa xaricinə çıxarılmasına icazə verən qanunu təsdiq ediblər. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Danimarkadan sığınacaq üçün müraciət etsəniz, Avropanın xaricində yerləşən bir ölkəyə göndəriləcəyinizi bilin. Ümid edirik ki, bunun sayəsində insanlar Danimarkadan sığınacaq istəməyəcək”, - deyə ölkənin hakim Sosial Demokrat Partiyasının miqrasiya üzrə nümayəndəsi Rasmus Stoklund bildirib.

Sığınacaq üçün müraciət edənlər hökumətin cavabını ölkə daxilində deyil, Afrika da daxil olmaqla digər ölkələrdə yaradılacaq xüsusi düşərgələrdə gözləyəcəklər. Düşərgələrin isə hansı ölkələrdə olacağı barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, bu qərar ölkə daxilindəki və BMT-dəki qeyri-kommersiya təşkilatları tərəfindən etirazla qarşılanıb.

 

MEKSİKADA HƏR GÜN BÖYÜYƏN ÇUXUR İNSANLARI TƏŞVİŞƏ SALIB

Meksikada yerləşən bir şəhərdə meydana gələn və gündən-günə böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Ölkənin Puebla ştatının Santa Mariya Zakatepek şəhərində meydana gələn bu çuxur bazar günü (30 may) təxminən 30 metr diametrdə idisə, bazar ertəsi (31 may) 60, çərşənbə axşamı günü isə 80 metrə çatıb.

Səlahiyyətlilər böyüyən çuxurun ətrafında təhlükəsizlik tədbirləri görüblər.

Puebla ştatının qubernatoru Miqel Barbosa çuxurun hələ böyüməyə davam edəcəyini bildirib. O, bundan zərər görən insanlara yardım ediləcəyini də vurğulayıb.

Hazırda torpaq araşdırmaları aparan elmi qrup tərəfindən bölgədə bir sıra işlər başlanılıb və bunun 30 günə qədər davam edə biləcəyi qeyd olunur