DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

STOLTENBERQ VƏ BAYDEN RUSIYA ILƏ MÜNASIBƏTLƏRI MÜZAKIRƏ EDIBLƏR

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ prezidenti Cozef Baydenlə görüşündə Rusiya ilə münasibətləri müzakirə edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Baş katib qeyd edib ki, görüşdə həmçinin silahlanmaya nəzarət müzakirə olunub, strateji nüvə silahlarının məhdudlaşdırılması müqaviləsinin uzadılmasını alqışlayıb.

Eyni zamanda, Yens Stoltenberq rəsmi Moskva ilə dialoq barədə fikrini bildirib, lakin yaxın vaxtlarda Rusiya-NATO şurasının iclasının olub-olmayacağı barədə açıqlama verməyib.

NATO və ABŞ rəhbərlərinin danışıqlarında eləcə də Çin, beynəlxalq terrorizm, kiber təhlükə, iqlim dəyişikliyi məsələləri diqqət mərkəzində olub.

 

FRANSADA ERMƏNILƏRƏ QARŞI AKSIYA KEÇIRILIB

Fransanın Sent-Etyen şəhərində üç erməninin törətdiyi qətl hadisəsinə qarşı etiraz aksiyası keçirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ermənilər 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. İnsidentin yerli sakinlərin gözü qarşısında baş verdiyi qeyd olunur.

Məlumata əsasən, ətrafdakı insanların telefon vasitəsilə çəkərək, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın şəkildə görünür. Həmçinin videogörüntüdə ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi insanı sadəcə dəhşətə gətirir.

Verilən xəbərə görə, afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz əlaməti olaraq, qətlə yetirilmiş Yusuf adlı gənc üçün ədalət tələb ediblər. Nümayişə hətta Sent-Etyen şəhərinin merinin də qatıldığı vurğulanır.

 

KORONAVIRUS TƏHLÜKƏLI SINDROMA TƏKAN VERIR

Koronavirus infeksiyası Giyen-Barre sindromunun inkişafına şərait yarada bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Birmingem Universitetinin alimlərinin açıqlamasında bildirilir.

Alimlərin sözlərinə görə, “COVID-19”dan sonra orqanizmdə yaranan anticisimlər ürək və dəridə autoimmun xəstəliklər yaradan anticisimlərə çox bənzəyir.

Nəticələrə əsasən, xəstəliyin ilkin əlamətləri əl və ayaq pəncələrinin keyiməsi, əzələ zəifliyi və ağrılar, eləcə də koordinasiya problemləridir. Məhz bu əlamətlər koronavirusu yüngül və ağır formada keçirmiş tədqiqat iştirakçılarında müşahidə olunub.

Bildirilir ki, Giyen-Barre sindromu kəskin autoimmun iltihabi poliradikulonevropatiyadır. O, özünü zəif parez, hissiyyatın pozulması, vegetativ pozuntular şəklində büruzə verir.

 

CASTIN TRYUDO KANADADA ISLAMOFOBIYANI DAYANDIRMAĞA ÇAĞIRIB

Kanadanın baş naziri Castin Tryudo ölkənin Ontario əyalətinin London şəhərində avtomobilin sürücüsünün müsəlman ailəsini qəsdən vuraraq öldürməsi barədə yayılan xəbərdən sonra ölkədə islamofobiyanı dayandırmağa çağırıb. “Report”un verdiyi xəbərə görə, Kanadanın hökumət rəhbəri bu barədə sosial şəbəkədə çağırış edib.

“Bizim cəmiyyətlərimizdən heç birində islamofobiyaya yer yoxdur. Bu alçaq və xain nifrəti dayandırmaq lazımdır”, - deyə hökumət başçısı qeyd edib.

Eyni zamanda, baş nazir bildirib ki, bu xəbərdən dəhşətə gəlib. O həmçinin bütün ölkə müsəlmanlarına həmrəyliyini ifadə edib.

Qeyd edək ki, bir müddət öncə Kanadanın Ontario əyalətinin London şəhərində sürücü avtomobillə müsəlman ailəsini qəsdən vurub. Hadisə nəticəsində ailənin dörd üzvü həlak olub. Yerli polisin məlumatına görə, bir nəfər hadisə yerində dünyasını dəyişib, daha üç nəfər xəstəxanada vəfat edib. Qəza zamanı yalnız doqquz yaşlı uşaq sağ qalıb.

 

YUNANISTANDAN TÜRKIYƏ ILƏ BAĞLI TARIXI ETIRAF

“Türkiyə bölgədə tarazılığı dəyişə biləcək sistemlərə sahibdir”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Dendias bəyan edib.

“Türkiyə hərbi əməliyyatlarda istifadə edə biləcək və Aralıq dənizinin şərqində güc tarazlığını dəyişə biləcək sistemlərə sahibdir. Bu həm Yunanıstanı, həm də bölgədəki digər dövlətləri ciddi şəkildə narahat edir”, - deyə nazir bildirib.

Eyni zamanda, Yunanıstanın baş diplomatı Türkiyənin bölgə və ətrafındakı tarazılığı və ya güc nisbətini dəyişdirəcək qədər gücləndiyini etiraf edib.

Nikos Dendias ötən həftə Afinada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşünü də xatırlayıb və bu səfərin münasibətləri qaydasına salmaq üçün önəmli addım olduğunu qeyd edib.

“Türkiyə xarici işlər nazirinin səfəri iki ölkə arasındakı əlaqə kanallarının gücləndirilməsinə yönəlik addım oldu”, - deyə Nikos Dendias vurğulayıb.

 

“BÖYÜK YEDDILIK” SAMMITINƏ HAZIRLIQLAR DAVAM EDIR

“Böyük yeddilik” ölkələri liderləri koronavirus epidemiyasının dünyada yayılmağa başlamasından sonra ilk dəfə bir araya gələcəklər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Böyük Britaniyanın ev sahibliyi edəcəyi “Böyük yeddilik” ölkələrinin növbəti sammiti iyun ayının 11-13-ü tarixləri arasında keçiriləcək.

Zirvə toplantısında davam edən “COVID-19” pandemiyası, qlobal geosiyasi risklər və iqlim dəyişikliyi kimi mövzuların müzakirə olunacağı gözlənilir.

Pandemiya səbəbindən az sayda mətbuat nümayəndəsi tərəfindən izləniləcək “Böyük yeddilik” sammiti yüksək təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək.

 

ABŞ QOŞUNLARININ YARISINDAN ÇOXUNU ƏFQANISTANDAN ÇIXARIB

ABŞ qoşunlarının bir hissəsini Əfqanıstandan çıxarıb. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“Mərkəzi Komandanlığın dəyərləndirməsinə əsasən, biz qoşunlarımızın yarısından çoxunu Əfqanıstandan çıxarmışıq”, - deyə hesabatda bildirilib.

Açıqlamaya əsasən, prezident Cozef Baydenin Əfqanıstandan qoşunları 11 sentyabr tarixinədək çıxarmaqla bağlı qərarından sonra hərbi yükləri daşımaq üçün 500-dək təyyarə uçuşu həyata keçirilib, 13 minədək hərbi ləvazimat məhv edilmək üçün müvafiq qaydada təhvil verilib.

Ötən müddət ərzində ABŞ tərəfindən Əfqanıstan Müdafiə Nazirliyinə altı hərbi bazanın təhvil verildiyi də açıqlamada qeyd olunur.

Xatırladaq ki, ABŞ administrasiyası mayın 1-dən sentyabrın 11-dək Əfqanıstandan qoşunlarını çıxaracağını elan edib.

 

TÜRKIYƏDƏ XÜSUSI TƏHLÜKƏLI TERRORÇU MƏHV EDILIB

Türkiyənin şərqindəki Van əyalətində terrorçuluğa qarşı “Eren” əməliyyatının birinci mərhələsi çərçivəsində ölkənin Daxili İşlər Nazirliyinin xətti ilə axtarılan PKK-nın xüsusi təhlükəli terrorçusu Gökhan Demir məhv edilib. “Report”un “Anadolu” agenntliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, “Aqit” kod adlı Gökhan Demir “Vəfa” xeyriyyə təşkilatının əməkdaşlarına qarşı silahlı hücumda iştirak edib. Van əyalətinin Ozalp rayonunda 15 may 2020-ci ildə törədilən terror aktı nəticəsində təşkilatın iki əməkdaşı həlak olub, daha bir əməkdaşı yaralanıb.

Terrorçu türk jandarmeriyasının xüsusi təyinatlı dəstəsi tərəfindən məhv edilib.