DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-DAN TÜRKIYƏ ILƏ BAĞLI VACIB AÇIQLAMA

NATO baş katibi Yens Stoltenberq hərbi ittifaqın zirvə görüşü öncəsi mətbuat konfransı keçirərək Əfqanıstandakı beynəlxalq hava limanı və Türkiyənin rolu haqqında danışıb. Bu barədə “Teleqraf.com” xəbər verib.

Məlumata əsasən, baş katib NATO-nun Əfqanıstandakı hərbi mövcudluğuna son verdiyini, lakin ölkənin təhlükəsizliyini dəstəkləməkdə davam edəcəyini bəyan edib.

Yens Stoltenberq Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanının fəaliyyətinin davam etməsi üçün təminatın önəminə diqqət çəkib.

“Türkiyə hava limanının işləməsi mövzusunda önəmli müttəfiqdir. Hazırda Türkiyə ilə müttəfiqlər arasında hava limanına necə dəstək verəcəyimiz mövzusunda müzakirələr davam edir”, - deyə baş katib vurğulayıb.

 

RUSIYA ILƏ BAĞLI “BÖYÜK YEDDILIYƏ” ÇAĞIRIŞ

Böyük Britaniya Rusiyanı kiberhücumlarda iştirak etməkdə günahlandırıb və “Böyük yeddilik” ölkələrini buna qarşı yekdilliklə mübarizəyə çağırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın XİN başçısı Dominik Raab açıqlama verib.

Nazir kiber hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. O deyib: “Rusiyalı hakerlər böyük ziyana səbəb olurlar, bəziləri oğurluq və ya mənfəət naminə, bəziləri isə sırf zərər vurmaq üçün işləyirlər”, - deyə Dominik Raab vurğulayıb.

Eyni zamanda, diplomat xəstəxanalara, məktəblərə və əsas infrastruktura edilən haker hücumlarının qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, kibertəhlükəsizlik Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Cozef Bayden arasında iyunun 16-da Cenevrədə keçiriləcək danışıqların əsas mövzularından biri olacaq.

 

BALINANIN UDDUĞU 56 YAŞLI KIŞI SAĞ QALDI

ABŞ-da xərçəng ovçusunu qozbel balina udub. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Qəfildən çox güclü təkan hiss elədim, sonra isə tam qaranlıq çökdü. Hərəkət etdiyimi, balinanın ağzındakı əzələləri sıxdığını anladım”, - deyə ən böyük məməlinin ağzına düşən 56 yaşlı Maykl Pakard vurğulayıb.

Əvvəlcə kişi elə hesab edib ki, onu köpəkbalığı udub, daha sonra dişlərin olmadığını hiss edəndə anlayıb ki, balinanın ağzındadır.

Massaçusets sakini bildirir ki, heyvanın ağzına düşdükdən sonra balina özünü narahat hiss edib, başını yelləməyə başlayıb,  və onu suya geri atıb.

Hadisədən sonra xəstəxanaya gətirilən Pakardda həkimlər yumşaq toxumaların əzilməsini qeydə alıblar, lakin ciddi zədə olmadığından onu evə buraxıblar.

Alimlər deyirlər ki, belə hadisələr nadir hallarda baş verir. Onların fikrincə, qozbel balinalar adətən insan üçün təhlükə kəsb etmir və insanları xırda balıqları və digər dəniz canlılarını yeyərkən təsadüfən uda bilərlər.

 

BMT BAŞ KATIBI “COVID-19”LA MÜBARIZƏ SƏYLƏRINI QEYRI-KAFI HESAB EDIR

“Böyük yeddilik” ölkələri dünyanı 1 milyard doza koronavirusa qarşı peyvəndlə təmin etmək niyyətində olduqlarını bildirsələr də, koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün kifayət qədər səy göstərmirlər. “Trend” agentliyinin məlumatına görə, bu barədə “G7” ölklərinin zirvə görüşünə qonaq olaraq gələn BMT-nin baş katibi Antonio Quterreş mətbuat üçün brifinqdə çıxışı zamanı bəyan edib.

Baş katib qeyd edib ki, koronavirusla mübarizədə daha çox səy göstərməyə ehtiyac olduğu tamamilə aydındır. “Ayrı-ayrı ölkələrin ikitərəfli dəstək və təşəbbüs formaları kifayət deyil. Səyləri razılaşdırılmış şəkildə göstərmək lazımdır və bu səbəbdən qlobal bir peyvənd planına ehtiyacımız var”, - deyə BMT-nin baş katibi vurğulayıb.

Antonio Quterreş bildirib ki, effektiv peyvəndlərin hazırlanması və istehsalında iştirak edən bütün ölkələr belə bir plan hazırlamalı və həyata keçirilməsini təmin edəcək xüsusi bir işçi qrupu yaratmalıdır.

 

ABŞ UKRAYNAYA ƏLAVƏ 150 MILYON DOLLAR YARDIM AYIRDI

ABŞ Ukraynaya təhlükəsizliyini gücləndirmək üçün əlavə olaraq 150 milyon ABŞ dolları həcmində hərbi yardım ayırıb. “Report”un məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

Mətbuat katibinin sözlərinə görə, Ukrayna bu il müdafiə islahatları sahəsində kifayət qədər irəliləyib. O deyib: “Bu gün Pentaqon Ukraynanın təhlükəsizliyini gücləndirmək üçün yeni 150 milyon dollarlıq yardım paketinin ayrıldığını elan edib. Bu, mart ayında Ukraynaya ayrılmış 125 milyon ABŞ dolları həcmində yardım paketinə əlavədir”.

Yeni yardım paketi, xüsusən də artilleriya əleyhinə radarların, PUA-larla mübarizə üçün komplekslərin, təhlükəsiz rabitəni təmin edən vasitələrin və yaralıların tibbi evakuasiyası üçün vasitələrin tədarükünü əhatə edir.

 

ÇINDƏ YANACAĞIN QIYMƏTI KƏSKIN BAHALAŞDI

Qlobal bazarlarda xam neftin qiymətlərinin bahalaşması dünyanın ən böyük yanacaq bazarlarından olan Çində benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətlərinin artmasına səbəb olub.

“Teleqraf.com”un verdiyi xəbərə görə, Çin Milli İnkişaf və İslahat Komitəsinin qərarına əsasən, benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 175 yuan (27,41 dollar) və 170 yuan (26 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

 

İSRAIL DÜNYADA XƏZ SATIŞINI QADAĞAN EDƏN ILK ÖLKƏ OLDU

İsrail dünyada dəb sənayesində xəzin satışını qadağan edən ilk ölkə olub. Bu barədə “Report” agentliyi “The Jerusalem Post” nəşrinə istinadən xəbər verib.

“Xəz sənayesi dünyada yüz milyonlarla heyvanın məhvinə səbəb olur”, - deyə İsrailin ətraf mühitin mühafizəsi naziri Qila Qamliel bildirib.

Məlumata əsasən, nazir bununla bağlı qanunvericiliyə müvafiq düzəlişləri imzalayıb və dəyişikliklər yarım il sonra qüvvəyə minəcək.

Qila Qamlielin sözlərinə görə, heyvanların dərisindən və xəzindən dəb naminə istifadə mənəviyyatsızlıqdır.

Eyni zamanda, Qila Qamliel bildirib ki, yeni qaydalar İsrail bazarını ətraf mühit və heyvanlar üçün daha təhlükəsiz edəcək.