DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANIN YENI PREZIDENTI NÜVƏ RAZILAŞMASI MƏSƏLƏSINDƏN DANIŞIB

İranın xarici siyasəti 2015-ci il nüvə razılaşması ilə məhdudlaşmayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi Tehranda keçirilən mətbuat konfransında çıxışı zamanı bəyan edib.

“Xarici siyasətimiz nüvə sazişi ilə məhdudlaşmayacaq. Dünya ilə qarşılıqlı əlaqəmiz olacaq. Biz İran xalqının maraqlarını nüvə anlaşmasına bağlamayacağıq”, - deyə İbrahim Rəisi ilk açıqlamasında bildirib.

Eyni zamanda, İranın yeni seçilmiş prezidenti rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı ABŞ prezidenti Cozef Baydenlə görüşmək niyyətində olmadığını bildirib.

 

“TALIBAN” HƏRƏKATI QADIN HÜQUQLARININQORUNACAĞINA SÖZ VERIB

“Taliban” hərəkatı açıqlamasında Əfqanıstan hökuməti ilə danışıqlara sadiq olduğunu bildirib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, hərəkat əsl islam prinsipləri əsasında ölkədə qadın hüquqlarının işə salınması və bu hüquqların əfqan mədəniyyətinə uyğun bir şəkildə tətbiqində maraqlı olduğunu ifadə edib.

Məlumata əsasən, Əfqanıstandan xarici qoşunların çıxarılmasından sonra “Taliban”la silahlı toqquşmalar getdikcə artır.

Qətərdə keçirilən danışıqlar prosesində hökumət rəsmisi bildirib ki, radikal islam qruplaşması olan “Taliban” tərəfindən hər hansı yazılı təkliflər verilməyib.

Eyni zamanda, Əfqanıstan hökumət rəsmiləri danışıqlar prosesindəki durğunluqdan narahatlıqlarını ifadə ediblər.

 

AVROPADA ISTILƏR QAZIN QIYMƏTININ ARTMASINA SƏBƏB OLDU

Avropa ölkələrinin məruz qaldığı isti hava şəraiti mavi yanacağın qiymətini yeni həddə çatdırıb. Hazırda qazın 1000 kubmetri 363 ABŞ dollarına satılır. “Report”un verdiyi xəbərə görə, bu, Niderlandın TTF habında qeydə alınmış qazın tədarük qiymətidir və 2018-ci ilin martından indiyədək ən yüksək göstəricidir.

Xatırladaq ki, üç il əvvəl Avropada soyuq qış səbəbindən 1000 kubmetr qazın qiyməti 1000 ABŞ dollarınadək yüksəlmişdi.

2021-ci ilin yanvarından etibarən TTF habında orta qiymət 1000 kubmetr üçün 264 ABŞ dollar təşkil edib. Rusiyanın qaz ixracatçısı olan “Qazprom”un büdcəsində isə qazın 2021-ci il üçün qiyməti 1000 kubmetr üçün 170 ABŞ dolları kimi nəzərdə tutulub.

Qeyd edilir ki, Avropada hökm sürən isti hava şəraiti səbəbindən kondisionerlər üçün enerji sərfiyyatı artıb. Belə ki, elektrik stansiyaları daha çox qaz sərf etmək məcburiyyətində qalıblar.

 

ZIBIL KONTEYNERINDƏN IKI BAHALI RƏSM ƏSƏRI TAPILDI

Almaniyanın Köln şəhərində şosedəki bir zibil konteynerində XVII əsrə aid iki rəsm əsəri tapılıb. “TRT” telekanalının verdiyi xəbərə görə, hər iki tablo mütəxəssislər tərəfindən araşdırılıb və ilkin ehtimala əsasən, onların orijinal olma ehtimalı çox yüksəkdir.

Hazırda Köln polisi qədim rəsmlərin sahibini tapmaq üçün müraciət edib.

Məlumata görə, rəsmlərdən biri İtaliya rəssamı Pietro Bellotti, digəri Hollandiya rəssamı Samuel van Huqstratenə aiddir.

Məşhur İtaliya rəssamı Pietro Bellottiyə aid olduğu bildirilən tablonun rəssamın öz avtoportreti olduğu və 1665-ci ildə çəkildiyi vurğulanır.

1627-1700-cü illərdə yaşamış Pietro Bellotti Venesiyada zəngin bir ailənin himayəsində qiymətli əsərlər yaradan rəssam kimi tanınıb.

Hollandiya rəssamı Samuel van Huqstratenə aid olan digər tablo isə gülümsəyən uşaq şəklidir. Portret ustası olan Huqstraten Rembrandın tələbəsi olub.

 

ABŞ HƏRBI KONTINGENTININ BIR HISSƏSINI YAXIN ŞƏRQDƏN ÇIXARIR

Rəsmi Vaşinqton Amerika silahlı qüvvələrinin Yaxın Şərq ərazisindən çıxarılmasına başlayıb. “Report”un məlumatına görə, bu barədə Amerika Prezidenti Administrasiyasındakı mənbələrə istinadən “Wall Street Journal” nəşri xəbər verib.

Qəzetin mənbələri bildiriblər ki, Pentaqon “Patriot” raket komplekslərinin səkkiz batareyasını İraq, Küveyt, İordaniya, həmçinin Səudiyyə Ərəbistanından çıxarır.

Eyni zamanda, Səudiyyə Ərəbistanından raket əleyhinə “THAAD” sistemi çıxarılır, reaktiv qırıcıların eskadrilyalarının sayı azaldılır. Güman edilir ki, bu sistemlərdə xidmət edən yüzlərlə ABŞ hərbçisi də vətəninə geri qayıdacaq.

Mənbələrdən biri qeyd edib ki, regionda hərbi mövcudluğa yenidən baxılması ABŞ prezidenti Cozef Bayden administrasiyasının qüvvələri Rusiya və Çindən olan çağırışlara cəmləmək istəyi ilə şərtlənir.

 

İSRAIL XİN BAŞÇISININ BƏƏ-YƏ TARIXI SƏFƏRI

İsrail xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixdə ilk rəsmi səfəri iyunun 29-30-da baş tutacaq. “Report” agentliyinin verdiyi xəbərə görə,  bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gələn həftə nazir Yair Lapid İsrailin xarici işlər naziri kimi BƏƏ-yə ilk rəsmi səfərini edəcək. Yair Lapid xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyanın qonağı olaraq BƏƏ-yə iki günlük səfər edəcək. O, Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğun açılışında iştirak edəcək”, - deyə XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər İsrailin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi.

 

RUSIYA TÜRKIYƏYƏ BÜTÜN UÇUŞLARI BƏRPA EDIR

Rusiya iyunun 22-dən etibarən Türkiyə ilə aviauçuşları bərpa edəcəyini açıqlayıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş nazirinin köməkçisi Tatyana Qolikova açıqlama verib.

Açıqlamada bildirilir ki, qərar bu ölkəyə səfər edən rusiyalı yoxlama qrupunun rəyi əsasında verilib. Həmçinin Türkiyədə xidmətlər sektorundakı personalın vaksin olunması da təşkil edilib. Otel işçiləri arasında peyvənd olunanların nisbəti 60-90 faiz arasında dəyişir.

Tatyana Qolikova Türkiyə ilə yanaşı ABŞ, Belçika, Bolqarıstan, İordaniya, İrlandiya və İtaliya ilə də uçuşların bərpa edilməsi qərarına gəlindiyini qeyd edib.

Xatırladaq ki, Rusiyadan bir qrup nümayəndə heyəti 16-17 iyun tarixlərində Antalyanı ziyarət edərək səlahiyyətlilərdən “COVID-19” epidemiyasına qarşı görülən tədbirlər barədə məlumat almışdı.

 

İRANIN BUŞEHR AES-I FƏALIYYƏTINI DAYANDIRIB

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) bir neçə günlük fəaliyyətini dayandırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı açıqlama yayıb.

Məlumata əsasən, stansiyada bir sıra texniki nasazlıqlar yaranıb. Buna görə qarşıdakı bir neçə gün ərzində təmir işləri aparıldıqdan sonra stansiya yenidən İranın elektrik şəbəkəsinə qoşulacaq.

Qeyd edək ki, İranın Buşehr AES-nin birinci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı “Rosatom” şirkəti tərəfindən İran şirkətinə təhvil verilib.

Beynəlxalq standart qiymətlərə əsasən, AES-də istehsal olunan elektrik enerjisinin minimum qiyməti təxminən 4 milyard dollardır.