DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSIYA BÖYÜK BRITANIYANIN HƏRBI GƏMISINƏ XƏBƏRDARLIQ ATƏŞI AÇIB

Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın “Defender” eskadra minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açıblar. “Report” agentliyinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Verilən xəbərə görə, hadisə Qara dənizdə, Fiolent burnu rayonunda baş verib. “Eskadra minadaşıyan gəmisinə Rusiya Federasiyasının sərhədini pozacağı halda atəş açılacağı barədə xəbərdarlıq edilib. Xəbərdarlığa əməl olunmayıb. Bu səbəbdən sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb”, - deyə açıqlamada qeyd olunur.

Eyni zamanda, vurğulanır ki, bundan bir neçə dəqiqə sonra “Su-24M” təyyarəsi “Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb. Bundan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.

 

ÇIN SƏRHƏD MƏHDUDIYYƏTLƏRININ MÜDDƏTINI UZADIB

Çin Xalq Respublikası koronavirus tədbirləri çərçivəsində qəbul etdiyi sərhəd məhdudiyyətlərini gələn ilin ortalarına qədər uzatmağa qərar verib. “TRT” telekanalının “The Wall Street Journa” nəşrinə istinadən verdiyi xəbərə görə, Çinin səhiyyə rəsmiləri bu qərara “COVID-19”un yeni variantları səbəbi ilə gəlindiyini bildiriblər.

Çində son 24 saat ərzində virusa 25 yeni yoluxma qeydə alındığı, bununla da ümumi yoluxma sayının 91 min 653 nəfərə yüksəldiyi qeyd edilib. Ölkədə epidemiyanın başlanğıcından bəri 4636 nəfər vəfat edib.

Məlumat üçün qeyd edək ki, Çin 1 milyard 50 milyon doza ilə ən çox “COVID-19” peyvəndi tətbiq edən ölkədir.

 

“OPEC+” NEFT HASILATINI ARTIRMAQ NIYYƏTINDƏDIR

“OPEC+” ölkələrinin 1 iyul iclasında gündəlik neft hasilatının 500 min barrel artırılması barədə qərarın veriləcəyi planlaşdırır. Bu barədə “APA” xəbər verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı və Rusiya qlobal iqtisadiyyatın qeyri-bərabər şəkildə bərpa olunduğunu nəzərə alaraq, tələbatda qeyri-müəyyənlik şəraitində istehsalı ehtiyatla artırır.

Xatırladaq ki, “OPEC+”, pandemiya səbəbindən neftə tələbin az olmasını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 milyon barrel səviyyəsinə qədər azaltmışdı. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı.

 

BMT: 41 MILYON INSAN ACLIQ TƏHLÜKƏSI ILƏ QARŞI-QARŞIYADIR

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli dünya miqyasında humanitar yardım almaq imkanı olmayan 41 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Devid Bisli çıxışı zamanı deyib: “41 milyon insan sözün əsl mənasında aclıq təhlükəsilə qarşı-qarşıyadır. Rəqəmlərə baxsanız, bu sadəcə faciədir, bunlar həqiqi adları olan gerçək insanlardır”.

Verilən xəbərə görə, Ümumdünya Ərzaq Proqramının 2020-ci il məlumatları 43 ölkədə insanların qıtlıq təhlükəsi ilə üzdəşdiyini ortaya qoyub. Bildirilir ki, münaqişə, iqlim dəyişikliyi və iqtisadi çətinliklərin qıtlığı artırdığı bir vaxtda, əsas ərzaq məhsullarının qiymətlərinin bahalaşması mövcud vəziyyəti daha da çətinləşdirir.

 

“TALIBAN” ƏSAS SƏRHƏD KEÇID MƏNTƏQƏLƏRINDƏN BIRINI ƏLƏ KEÇIRIB

“Taliban” radikal hərəkatının silahlıları Günduz əyalətində Əfqanıstanla Tacikistan arasındakı əsas sərhəd keçid məntəqəsi olan Şir Xan Bandarı ələ keçiriblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

“Təəssüf ki, bu səhər bir saatlıq döyüşdən sonra “taliblər” Şir Xan limanını, şəhəri və Tacikistanla bütün sərhəd postlarını tutdular”, - deyə əyalət şurasının üzvü Xaliddin Xakmi bildirib.

Eyni zamanda, “Taliban” nümayəndəsi sərhəd keçid məntəqəsinin tutulması haqqında informasiyanı təsdiqləyib. Telekanalın məlumatına görə, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir sıra əməkdaşları öz postlarını tərk ediblər və sərhəd vasitəsilə ərazidən uzaqlaşıblar.

“Al Jazeera” həmçinin qeyd edib ki, Şir Xan Bandarın tutulması “Taliban”ın ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərarından sonra əməliyyatlarını aktivləşdirməsi anından ən əhəmiyyətli nailiyyəti olub.

 

UKRAYNA VƏ GÜRCÜSTAN PREZIDENTLƏRI ARASINDA GÖRÜŞ KEÇIRILIB

“Tbilisi və Kiyev arasında siyasi dialoq yeni impuls əldə edir”. “Report”un xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski gürcüstanlı həmkarı Salome Zurabişvili ilə Kiyevdə keçirdiyi görüşdən sonra birgə brifinqdə çıxışı zamanı bəyan edib.

Vladimir Zelenskinin sözlərinə görə, Gürcüstan prezidentinin Ukraynaya səfəri ölkələr arasındakı strateji tərəfdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.

“Ölkələrimiz Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü olmaqla bağlı ümumi maraqları bölüşür. “Şərq tərəfdaşlığı”nın gələcək inkişafı üzrə mövqelərimizin üst-üstə düşməsini qeyd etmək mənim üçün çox xoşdur”, - deyə Zelenski vurğulayıb.

Salome Zurabişvili öz növbəsində qeyd  edib ki, Gürcüstan-Ukrayna münasibətləri normallaşıb və iki əsas prinsipə - xalqlar arasında çoxəsrlik dostluq, bir-birinin ərazi bütövlüyü və suverenliyinə davamlı və sarsılmaz dəstəyə əsaslanıb.

 

AŞPA-DAN PANDEMIYANIN UŞAQ HÜQUQLARINA TƏSIRI ILƏ BAĞLI QƏTNAMƏ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19” pandemiyasının uşaq hüquqlarına mənfi təsirinə dair qətnamə qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, AŞPA üzv dövlətləri uşaqları pandemiyanın mənfi nəticələrindən qorumaq və onların beynəlxalq hüquq normalarına uyğun şəkildə müdafiə olunmalarını təmin etmək üçün müvafiq tədbirləri gücləndirməyə çağırıb.

Qətnamədə bildirilir ki, pandemiya sosial-iqtisadi problemləri artırıb və bu gün xeyli sayda uşaq bundan əziyyət çəkir. Kasıb ölkələrdə uşaq ölümü, uşaq əməyinin istismarı, onlar arasında nikah halları və azyaşlılarla pis rəftar olunması kəskin şəkildə çoxalıb.

Bu mənfi halların qarşısının alınması üçün AŞPA dövlətlərə valideynlərin vəziyyətini yaxşılaşdırmağa və onların uşaqlarının həyatında daha yaxından iştirak edə bilmələri üçün imkanlarını genişləndirmək üçün tədbirlər görməyi tövsiyə edir.

 

RUSIYA BENZIN IXRACINA QADAĞA QOYA BILƏR

Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Energetika Nazirliyinə ölkədən benzin ixracına qadağa qoymağın mümkünlüyünün araşdırılmasına dair tapşırıq verib. Bu barədə “APA” Rusiya mətbuatına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Aleksandr Novak bazardakı vəziyyəti nəzərə alaraq Energetika Nazirliyinə benzinin ixracına müvəqqəti qadağa qoyulmasının məqsədəuyğunluğunu nəzərdən keçirməli, həmçinin pərakəndə satış bazarının zəruri marginallığını təmin edən regional topdansatış qiymətlərinin maksimum göstəricilərini müəyyənləşdirmək üçün neft şirkətləri ilə müqavilələr bağlamağın zəruriliyini araşdırmalı olduqlarını bildirib.

Eyni zamanda, A.Novakın sözlərinə əsasən, Rusiyanın yanacaq bazarındakı mövcud vəziyyət dünya bazarlarının konyunkturası, xüsusən də artan neft qiymətlərinin təsiri altındadır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.