Fasiləsiz mübarizə, parlaq qələbə və dəyişməz ilkin hədəf
Digər xəbərlər

Fasiləsiz mübarizə, parlaq qələbə və dəyişməz ilkin hədəf

Bu il Çin Kommunist Partiyasının yaranmasının 100 ili tamam olur. Çin Xalq Respublikasının inkişafında müstəsna rola malik bu partiya ölkəsinin ən nüfuzlu siyasi qüvvəsidir. Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir, ölkələrimiz bütün beynəlxalq platformalarda bir-birini yüksək səviyyədə dəstəkləyir. Həmçinin, iqtisadi münasibətlər artım dinamikası nümayiş etdirir. Dövlətlərimiz arasında möhkəm dostluğa əsaslanan sıx əlaqələri nəzərə alaraq, bu əlamətdar tarixlə bağlı Çinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Qo Minin redaksiyamıza göndərdiyi yazını oxucularımıza təqdim edirik.

2021-ci il iyulun 1-də Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi tamam olur. Bu dövr ərzində ÇKP özünün ilkin hədəfini və missiyasını sarsılmaz bir surətdə həyata keçirmiş, gərgin iş aparmış və öz işinin uğurla reallaşdırılması üçün möhkəm fundament yaratmışdır, parlaq uğurlara nail olmuş və gələcəyə aparan qapıları açmaqda davam etmişdir. Yüzillik fasiləsiz mübarizənin gedişində Çin Kommunist Partiyası Çin xalqını birləşdirərək öz arxası ilə aparmış, böyük yol açmış, nəhəng uğurlara nail olmuş, yüksək ruh formalaşdırmış, dəyərli təcrübə toplamış və Çin xalqının, insan cəmiyyətinin inkişafı tarixində hamını təəccübləndirən möcüzə yaratmışdır.

Çin xalqı dünyada böyük xalqdır. Qərb dövlətlərinin müdaxiləsi və feodal hakimiyyətinin parçalanması səbəbindən baş vermiş “Tiryək” müharibələrindən sonra Çin tədricən yarımmüstəmləkə və yarımfeodal dövlətə çevrilmişdir. Kölə halına salınmış və sıxılmış, məzlum xalqın taleyini dəyişmək, Çin xalqının böyük dirçəlişi, yüksəlişi haqqında arzunu gerçəkləşdirmək üçün sonsuz sayda xeyirxah və aydın məqsədləri olan insanlar bir-birinin ardınca döyüşə atılırdı, Vətənlərini məhv olmaqdan xilas etməyin yolunu var gücləri ilə axtarırdı, lakin onlar Çin xalqının, Çin millətinin faciəli taleyini dəyişməyə müvəffəq ola bilməmişdilər.

XX yüzilliyin əvvəlində Çində yeni ideyalar yayılmağa başladı və bu ideyalar Çinin qabaqcıl qüvvələri üçün oriyentirə çevrildi, nəticədə Çin Kommunist Partiyası yaradıldı. ÇKP yarandığı gündən Çin xalqı üçün xoşbəxt həyatın təmin edilməsini, habelə Çin millətinin dirçəlməsini özünün ilkin hədəfi və missiyası kimi dəyərləndirirdi. Həmin vaxtlardan mənəvi baxımdan Çin xalqında passiv gözləntilərdən aktiv fəaliyyətə doğru transformasiya baş vermişdir, Çin milləti isə böyük dirçəlişi reallaşdırmaq istiqamətində özünün geridönməz yürüşünə başlamışdır.

ÇKP-nin möhkəm rəhbərliyi altında Çin xalqı inqilabda, tikintidə və islahatlarda böyük qələbə qazanmış, ortatəminatlı cəmiyyətin tam qurulmasında tarixi uğurlara imza atmış, müəyyən olunmuş müddətdə yoxsulluqla mübarizədə zəfər çalmış, ÇKP-nin yüzilliyi ərəfəsində reallaşdırılması nəzərdə tutulan bütün hədəflərə nail ola bilmişdir. Çin xalqı bəşəriyyətin inkişafı tarixində böyük möcüzə yaratmışdır və bu gün Çin Xalq Respublikasının yüzilliyinə həsr olunmuş hədəfin həyata keçirilməsinə doğru inamla irəliləyir.

2035-ci ilə Çin sosialist modernləşmə prosesini əsasən tamamlayacaq. Çinin iqtisadi qüdrəti, elmi-texniki potensialı və dövlətin məcmu qüdrəti əhəmiyyətli dərəcədə artacaq. İqtisadiyyatın məcmu həcmi, eləcə də şəhər və kənd əhalisinin adambaşına düşən orta gəlirləri yeni səviyyəyə çatacaq, əsas qabaqcıl texnologiyalar sahəsində mühüm irəliləyişlər həyata keçiriləcək, Çin innovativ tipli lider ölkələr sırasına daxil olacaq. Əsasən yeni tipli sənayeləşmə, məlumatlandırma, şəhərləşmə kənd təsərrüfatının modernləşdirilməsi reallaşdırılacaq, çağdaş iqtisadi sistem formalaşdırılacaqdır. Dövlət idarəçiliyi sisteminin və potensialının modernləşdirilməsi əsas etibarilə həyata keçiriləcək, xalqın inkişafı və iştirakı ilə bağlı bərabər hüquqlar tam şəkildə təmin ediləcək, bundan əlavə, hüquqi dövlətin, hüquqi hökumətin və hüquqi cəmiyyətin qurulması ümumiyyətcə baş tutacaqdır. Mədəniyyət, təhsil, insan resursları, idman və bədən tərbiyəsi kimi sferalarda nəhəng potensiala malik dövlət qurulacaq, sağlam Çin yaradılacaq, vətəndaşların fərdi keyfiyyətləri və cəmiyyətin mədənilik səviyyəsi yeni zirvələr fəth edəcək, ölkənin mədəni “yumşaq gücü” əhəmiyyətli dərəcədə artacaq. İstehsal prosesinin yaşıl üsulu və yaşıl həyat tərzi geniş yayılacaq, özünün pik nöqtəsinə çatdıqdan sonra karbon tullantıları sabitləşəcək və aşağı düşəcək, ekoloji vəziyyət köklü surətdə yaxşılaşacaq, gözəl Çinin qurulması məqsədinə əsasən nail olunacaq. Xaricə açıqlığın yeni strukturu formalaşacaq, beynəlxalq iqtisadi əməkdaşlıqda və rəqabətdə iştirak üçün yeni üstünlüklər əhəmiyyətli dərəcədə çoxalacaq. ÜDM-in adambaşına düşən orta payı inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq, gəlirin orta səviyyəsinə malik əhali qrupu xeyli genişlənəcək, əsas ictimai xidmətlərə əlçatanlığın bərabərliyi təmin ediləcək, şəhər və kəndlərin inkişafında, müxtəlif regionların inkişafında, eləcə də əhalinin həyat səviyyəsində fərqlər əhəmiyyətli şəkildə azalacaq. Dinc Çinin qurulması daha yüksək səviyyəyə qədəm qoyacaq, milli müdafiənin və silahlı qüvvələrin modernləşdirilməsi əsas etibarilə həyata keçiriləcək. Xalqın həyatı daha da gözəl olacaq, şəxsiyyətin hərtərəfli inkişafında və ümumi firavanlığında daha nəzərəçarpan və əhəmiyyətli inkişaf baş tutacaq.

İndiki yüzilliyin ortalarına yaxın Çin zəngin və qüdrətli, demokratik və sivil, harmonik və gözəl modernləşdirilmiş sosialist ölkəsinə çevriləcək, Çinin maddi mədəniyyətinin, siyasi mədəniyyətinin, mənəvi mədəniyyətinin, sosial mədəniyyətinin və iqtisadi mədəniyyətinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək, dövlət idarəçiliyi sisteminin və potensialının müasirləşdirilməsi həyata keçiriləcək, məcmu dövlət qüdrətinə və beynəlxalq təsirə görə Çin lider ölkələr sırasına daxil olacaq, ümumi firavanlıq əsasən təmin ediləcək, Çin xalqının həyatı daha xoşbəxt və rahat olacaq, Çin xalqı dünya xalqları ailəsində daha qürurla təmsil olunacaq, Çin bəşəriyyətin inkişafına özünün yeni və daha böyük töhfəsini verəcək.

Qo MİN,

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı

Fövqəladə və Səlahiyyətli Səfiri.