Elmi və texnoloji potensialın gücləndirilməsi ölkəmiz üçün başlıca vəzifədir
Digər xəbərlər

Elmi və texnoloji potensialın gücləndirilməsi ölkəmiz üçün başlıca vəzifədir

2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi ölkəmizdə kosmik sənayenin inkişafına təkan verəcək

Azərbaycanın həyata keçirdiyi çoxsahəli xarici siyasət müstəqil dövlət quruculuğu prosesinin uğurlarından biridir. Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət yürütməklə bağlı seçimini tamamilə dərk etmək üçün əhalisi müsəlman olan, Rusiya və İran kimi regional güclər arasında yerləşən, müstəqil postsovet respublikası olmağın reallıqlarını, çətinliklərini və perspektivlərini, habelə beynəlxalq səviyyədə tanınmış ərazilərinin on illərdir davam edən işğalını başa düşmək lazımdır. Azərbaycanın xarici siyasətini qlobal, Avroatlantik, İslam dəyərlərini təmsil edən regional və qlobal təşkilatlarla əməkdaşlığa açıq olması da formalaşdırıb. Dinin dövlətdən ayrı olması, yəni, İslam ənənələrinə malik dünyəvi bir dövlət qurmağa müvəffəq olması da fərqli və ya eyni inanclı ölkələr arasında Azərbaycanın müttəfiq seçiminə təsir edib.

Mürəkkəb qonşuluq şəraiti və sovet imperiyasının hökmranlıq tarixi Azərbaycanı İslamın digər dinlərlə görüşdüyü, Şərqin Qərblə qovuşduğu misilsiz məkana çevirib. Üstəlik, müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycan digər İslam ölkələri ilə kifayət qədər sıx əlaqələr quraraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü olub. Lakin bu əməkdaşlıq Azərbaycanın Qərb tərəfdaşları, xüsusən də Avropa İttifaqı və NATO ilə qarşılıqlı faydalı əməkdaşlıq və praqmatik tərəfdaşlıq qurmasına mane olmayıb. Azərbaycan çoxsahəli xarici siyasətini ardıcıl şəkildə davam etdirir. Azərbaycan region dövlətləri ilə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və tərəfdaşları ilə qarşılıqlı münasibətlərdə düzgün tarazlığı təmin etməyi prioritet olan praqmatik xarici siyasət xəttinə sadiqdir.

İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib.

Prezident İlham Əliyev iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı söyləyib: “Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə İCESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub.

Onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev deyib: “Baş katib vəzifəsində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osaymin Azərbaycana altı dəfə səfər edib. Bu, onun ölkəmizə olan dəstək və ehtiramının təzahürüdür. Baş katib İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun artması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfə verib.

Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”.

Prezident İlham Əliyev Zirvə toplantısında çıxışı zamanı bildirdi ki, müharibədə məğlubiyyətə uğrayan Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktına imza ataraq işğal altında olan digər ərazilərdən qoşunlarını çıxardı. Göründüyü kimi, Azərbaycan özü 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi. Yəni Azərbaycan hərbi-siyasi yollarla 30 illik münaqişəyə son qoymaqla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Toplantıda dövlətimizin başçısı vurğulayıb: “Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm”.

Bu dəfə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısının mövzusu elm və texnologiya olduğundan elmi və texnoloji potensialın gücləndirilməsi ölkəmiz üçün başlıca prioritetlər sırasındadır.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxış edərkən bildirib ki, 2019-cu il oktyabrın 21-dən 25-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Dünyanın kosmik sahəsindəki aparıcı agentliklərinin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr yarım əsr fasilədən sonra yenidən Bakıda bir araya gələcəklər.

Bu, beynəlxalq tədbirdə Azərbaycanın iştirakı kosmik sahədə qazandığı nailiyyətlərə görə dünyada tanınmasının təzahürüdür. Qeyd edək ki, Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bu gün orbitdə ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var.

Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, seçkiqabağı prosesə verdiyi dəstək sayəsində 2019-cu il ərzində Beynəlxalq Astronavtika Federasiyasının tədbirləri zamanı aktiv təbliğat-təşviqat kampaniyası aparılıb. Təbliğat-təşviqat kampaniyası çərçivəsində “Azərkosmos” bu il martın 26-dan 28-dək Parisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda, daha sonra aprelin 24-dən 26-dək Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələrin kosmik sahə üzrə qlobal konfransı”nda təmsil olunub.

Xatırladaq ki, Milli kosmik sənayenin yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu öndər hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasına başladı. Sovet cəmiyyətinin və kommunist ideologiyasının ən sərt dövrü olan həmin illərdə belə addımların atılması o qədər də asan olmasa da, ümummilli lider Heydər Əliyev bunu məharətlə bacara bilmişdi. Ölkəmizdə ən müasir sənaye müəssisələrinin tikilməsinə, ali hərbi məktəbin açılmasına, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də ölkəmizin beynəlxalq aləmdə tanınmasına nail ola bilmişdi. Məhz ulu öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir.

Ötən əsrin 70-ci illərində keçmiş SSRİ məkanında artıq kosmonavtika sahəsində mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar nəsli formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı müşahidələr aparılmışdı. Həmin dövrdə dünyada Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilirdi. Kosmik sahənin insanları hələ o zaman 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqreslərində kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə çağırışlar edirdilər. Kosmonavtika sahəsində əldə edilmiş nəticələrin ümumiləşdirilməsi, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi, perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsinə həsr edilmiş Beynəlxalq Astronavtika Federasiyasının 24-cü konqresi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1973-cü ilin oktyabrında məhz Bakıda keçirilib. Konqresdə SSRİ təyyarəçi-kosmonavtları, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan G.Bereqovoy, V.Şatalov, Sovet İttifaqı Qəhrəmanı V.Sevastyanov, Amerika astronavtı T.Ştafford iştirak etmişdilər.

Oktyabrın 11-də xarici qonaqlar, kosmonavtlar və astronavtlar ölkə ziyalıları və elm ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Görüşdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev və büro üzvləri iştirak edirdilər. Tədbir iştirakçıları qarşısında SSRİ Elmlər Akademiyasının akademiki, Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, Moskva Dövlət Universitetinin professoru Leonid Sedov, Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitano, Kaliforniya Texnologiya İnstitutunun reaktiv mühərriklər laboratoriyasının direktoru Vilyam Pikerinq, eləcə də ABŞ, SSRİ, Fransa, Çexoslovakiya və digər ölkələrdən olan görkəmli alimlər çıxış etdilər.

Qeyd edək ki, həmin dövrdə SSRİ məkanında ilk dəfə Bakıda reallaşan 24-cü Konqresin uğurla təşkil olunması SSRİ rəhbərliyinin bu tədbirə xüsusi önəm verdiyini göstərir.

Konqreslə bağlı mühüm tarixi sənədlərlə tanış olarkən görürük ki, beynəlxalq tədbir çox yüksək səviyyədə keçirilmiş və onun uğurla başa çatması münasibətilə Azərbaycan rəhbərliyinə çoxlu minnətdarlıq məktubları ünvanlanıb.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitanonun Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 20 oktyabr tarixli təşəkkür məktubunda bildirib ki, Bakıda keçirilən konqres o günə qədər keçirilən konqreslərlə müqayisədə rekord sayda iştirakçı cəlb edib.

Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Stark Draper Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 6 noyabr tarixli təşəkkür məktubunda Ulu Öndərə Beynəlxalq Astronavtika Akademiyası adından dərin minnətdarlığını çatdırıb.

SSRİ Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik V.Kotelnikov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 12 noyabr tarixli məktubunda qeyd edib ki, Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası, sovet alimləri və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Hətta 24-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş geniş süjetli sənədli film - “Kosmonavtlar Bakıda” filmi çəkilib.

24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik tarixində silinməz izlər qoydu. 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması respublikamızın bu sahədəki potensialına inamı xeyli artırdı. Məhz həmin inamdan irəli gələrək ulu öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi - “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. Sözügedən elmi mərkəzin bazasında 1981-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 fevral tarixli Fərmanı ilə isə KTEİB-in bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradıldı.

Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə isə Prezident İlham Əliyevin hakimiyyəti illərində açılıb. Sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı məhz bu illərdə özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlayıb. Digər sahələrdə olduğu kimi, bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub. Belə ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib və Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir.

2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməklə ölkənin informasiya və milli təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.