Azərbaycan və Türkiyə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri
Türk dünyası

Azərbaycan və Türkiyə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri

Bu baxımdan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi mühüm əhəmiyyət kəsb edir

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, işğal olunmuş torpaqların azad olunmasında, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, mətbuata verdiyi bəyanatda Azərbaycanın dövlət başçısı Şuşa Bəyannaməsinə münasibət bildirərkən Qars müqaviləsini xatırlatdı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar bir fərq ilə indi də təkrarlanmaqdadır. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş başlanğıcdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyənin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamə ilə qardaş ölkələrimiz bütün istiqamətlərdə əməkdaşlığını gücləndirəcək, birgə fəaliyyətlər üzrə illik və perspektiv planlar hazırlayacaqlar. Hər iki qardaş dövlət kadr hazırlığında, təlimlərdə, hərbi texnologiyaların inkişafında, hərbi-elmi tədqiqatlar sahəsində birgə fəaliyyət göstərəcək, hərbi sənayenin inkişafında bir-birinə dəstək olacaq, bir millət kimi müştərək planlar quraraq qarşıda qoyulan hədəflərə bir yerdə nail olacaqlar.

Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

Şuşa Bəyannaməsinə görə tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin olunmasını təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Bəyannamədə tərəflərin dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcəkləri və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəkləri vurğulanır. Eləcə də, iki qardaş ölkən istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcəyi və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin dövlət başçıları bəyan ediblər ki, Azərbaycan və Türkiyə arasında münasibətlər artıq ən yüksək mərhələyə gəlib çatıb. Bəyannamədə müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi ifadə edilir. İki dövlət arasında bu və digər məsələlərin uzlaşdırılması, hərbi sənaye sahəsi, təhlükəsizlik məsələləri ilə bağlı sənədlərə dair Türkiyənin və Azərbaycanın qanunverici orqanlarında artıq qərar qəbul olunub. Bütün hazırlıqlar yekunlaşdıqdan sonra Şuşa Bəyannaməsi imzalanıb. Azərbaycan ilə Türkiyə hər iki ölkədə birgə çoxsaylı təlimlər keçirib. Hər iki ölkənin müdafiə nazirləri təlimlərə baxıblar. Bütün sahələrdə birgə fəaliyyət tədbirləri artıq sınaqdan keçib. Bu bəyannamə onu göstərir ki, artıq iş prosesinə başlanılıb.

Bu Bəyannamədə qeyd olunan tədbirlər artıq plan əsasında hazırlanacaq və yerinə yetiriləcək. Bu, bütün işləri daha da asanlaşdıracaq və məqsədyönlü edəcək. Hərbi, təhlükəsizlik sahəsi üzrə Azərbaycan Türkiyə ilə birlikdə planlı şəkildə bu inkişaf xəttini bundan sonra da davam etdirəcək. Bu, Azərbaycan üçün çox böyük dəstəkdir.

Türkiyənin Azərbaycanla birgə fəaliyyəti regionda davamlı sabitliyin bərqərar olunmasına səbəb olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanmasından sonra çıxışında regionun sülh bölgəsinə çevrilməsində qardaş ölkənin maraqlı olduğunu bildirdi. Bu istiqamətdə addım atmaq üçün Azərbaycan da hazırdır. Şuşa Bəyannaməsinin böyük perspektivlərini bundan sonra görəcəyik. Türkiyə kimi inkişaf etmiş güclü dövlətin ölkəmizin yanında olması Azərbaycana çox böyük dəstəkdir. İki dövlətin milli maraqlarına cavab verən bu hərbi-siyasi əməkdaşlıq sənədi Azərbaycanın gələcəkdə daha da inkişafına, hərbi gücünün artmasına, regionda sabitliyin daha da bərqərar olmasına yeni imkanlar açacaq.

Bəybala BƏYBALAYEV,

“Respublika”.