DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSIYA VƏ ABŞ LIDERLƏRI ARASINDA GÖRÜŞ KEÇIRILIB

ABŞ və Rusiya prezidentləri Cozef Baydenlə Vladimir Putin arasında geniş tərkibli və məhdud tərkibdə baş tutan görüşlər fasilə də daxil olmaqla 4 saat yarım davam edib. “Report” agentliyinin verdiyi xəbərə görə, iki liderin görüşü Cenevrə gölünün sahilindəki “Villa La Grange” sarayında keçirilib.

İki ölkənin aralarındakı problemləri həll etmək əzmində olduğunu qeyd edən Rusiya lideri görüşdə strateji məsələlərin, regional və kibertəhlükəsizliklə bağlı problemlərin, həmçinin ikitərəfli ticarət əlaqələrinin müzakirə olunduğunu diqqətə çatdırıb.

Görüşlə bağlı danışan Vladimir Putin bildirib ki, bir neçə ay bundan əvvəl qarşılıqlı olaraq geri çağırdıqları səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə edilib.

Rusiya prezidentinin sözlərinə görə, Danışıqlarda Ukrayna məsələsinə də toxunulub. V.Putin qeyd edib ki, Ukraynada vəziyyətin stabilləşdirilməsində əsas kimi Minsk razılaşmaları götürülməlidir və Bayden bununla razıdır. Bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Kiberhücumlar məsələsinə gəldikdə isə Vladimir Putin vurğulayıb ki, ABŞ Rusiyanın sorğularına etinasız yanaşır. Prezidentin sözlərinə görə, Rusiya ABŞ-ın kiberhücumlar barədə sorğuları üzrə bütün məlumatı təqdim edir.

 

NATO UKRAYNA ILƏ BAĞLI ŞƏRTINI AÇIQLADI

Ukraynanın NATO-ya üzv olması üçün daha çox islahatlara ehtiyac var. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Ukraynanın başladığı islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş fərqli proqramlarımız var. Lakin bizim daha çox səyə ehtiyacımız var”, - deyə Yens Stoltenberq bildirib.

Eyni zamanda, NATO-nun baş katibi alyansa yeni üzvün qəbulu üçün digər üzvlərin də razılığının tələb olunduğunu qeyd edib. Onun sözlərinə görə, Ukraynanın ittifaqa qoşulması NATO-nun Belçikada keçirilən sammitinin gündəliyində olmayıb.

Xatırladaq ki, NATO bundan əvvəl Ukrayna və Gürcüstanın gələcəkdə ittifaqa qoşula biləcəyini bildirən zirvə görüşünün yekun bəyanatını yayımlayıb.

 

KIM ÇEN INDAN KXDR-DƏ ƏRZAQ ÇATIŞMAZLIĞI ILƏ BAĞLI XƏBƏRDARLIQ

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı ölkədə mümkün ərzaq çatışmazlığından söz açıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Nodon sinmun” qəzeti məlumat yayıb.

“Ötənilki qasırğanın vurduğu zərərə görə taxıl istehsalının artımı üzrə plan yerinə yetirilməyib, bununla əlaqədar olaraq hazırda əhalinin ərzaqla təminatında gərgin vəziyyət yaranır”, - deyə Şimali Koreya lideri vurğulayıb.

Bununla yanaşı, Kim Çen Inın sözlərinə görə, koronavirusla əlaqədar karantin tədbirlərinin müddətinin artırılması Koreya Xalq Demokratik Respublikasında “əhalinin geyim, qidalanma və evlə təminatı üçün də çətinliklərə gətirib çıxarıb”.

Eyni zamanda, Kim Çen In partiyanı və Şimali Koreyanın xalqını yeni “çətin yürüşə” hazır olmağa çağırıb. Koreya Xalq Demokratik Respublikası tarixində bu termin XX əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ölkə kütləvi aclıq səbəbindən ağır iqtisadi böhrandan əziyyət çəkib.

 

GÖRMƏ QÜSURLU ŞƏXLƏR ISTƏDIKLƏRI YERƏ ÖZLƏRI GEDƏ BILƏCƏK

Yaponiyada görmə qabiliyyətini itirmiş şəxslər üçün elektron mexanizm hazırlanıb. Ayaqqabıya taxılan mexanizm gözdən əlillərin heç kimə ehtiyac olmadan istədikləri yerə getmələrini təmin edir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Yaponiyada bir sahibkar yol qəzasında görmə əngəlli qohumunu itirir. Bu hadisədən sonra təşəbbüskar gözdən əlillərin kimsənin köməyi olmadan istədiyi yerə getmək üçün yolu necə tapa biləcəyi üzərində işləyir və ayaqqabılara yerləşdirilən elektron bir mexanizm hazırladır.

Görmə əngəlli elektron cihaza hara gedəcəyini söyləyir və ayaqqabısına taxıb yola çıxır. Mexanizm görmə məhdudiyyəti olan insana ayaqlarına verdiyi titrəmələrlə köməklik edir və səhv istiqamətə gedərkən onu məlumatlandırır.

 

II ELIZABET TAXTDAN MÜMKÜN IMTINASININ SƏBƏBINI AÇIQLAYIB

Birləşmiş Krallığın ən yaşlı monarxı olan 95 yaşlı kraliça II Elizabet taxtdan mümkün imtinasının iki səbəblərini açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Daily Star” nəşri kral bioqrafı Metyu Dennisona istinadən məlumat yayıb.

“O, xalası qızı Marqaret Roudsa demişdi ki, Alzheymer xəstəliyinə yoluxmasa və ya insult keçirməsə, taxtdan imtina barədə düşünməz”, - deyə Metyu Dennison bildirib.

Digər kral tarixçisi Hyuqo Vikers isə deyib: “Kraliça sağlamdır və əgər bəxtimiz gətirərsə, o hələ uzun müddət kraliça olaraq qalacaq”.

Qeyd edək ki, son bir neçə ayda Birləşmiş Krallıqda bu məsələ artıq neçənci dəfədir qaldırılır. Belə ki, bu yaxınlarda şahzadə Filip vəfat etdikdən sonra bəzilərində II Elizabetin taxtdan imtina edə biləcəyi ilə bağlı şübhələr yaranıb.

 

KARANTIN DÜNYADA NƏYƏ FAYDA VERDI?

NASA tərəfindən aparılan araşdırmaya görə, atmosferdəki zərərli azot oksidi emissiyası 2021-ci ilin iyun ayına qədər 15 faiz azalıb. Bu barədə “TRT” telekanalı xəbər verib.

Çinin şəhərlərində karantin tətbiqilə əlaqədar atmosferdəki zərərli azot oksidi emissiyasında  bir neçə həftə ərzində 50, ABŞ-ın bir sıra ştatlarında isə 25 faiz azalma müşahidə edilib.

Alimlər qlobal emissiyanın 2021-ci ilin fevralında 12, martında 14, aprelində 15 və iyun ayında isə 13 faiz azaldığını müşahidə ediblər.

2020-ci ilin əvvəlində İtaliyada tətbiq olunan karantin 2021-ci il fevral ayının sonundan may ayının əvvəlinə qədər zərərli azot oksidi  tullantılarının 25 faizə qədər azalmasına səbəb olub.

Fransa və İspaniya kimi Avropa ölkələrində də mart-may aylarında zərərli azot oksidi tullantılarının həcmində böyük azalma müşahidə olunub.

 

RUSIYA MIQRANTLARIN ÖLKƏDƏ MÜVƏQQƏTI QALMA MÜDDƏTINI UZADIB

Miqrantların Rusiyada müvəqqəti qalma müddəti 30 sentyabr 2021-ci ilə qədər uzadılıb. “Report”un xəbərinə görə, müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Fərmana əsasən, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar.

Rusiya ərazisində heç bir qanun pozuntusuna yol vermədən yaşayan əcnəbilər orada qala və qalmalarını qanuniləşdirə biləcəklər.

Qeyd edək ki, bir müddət öncə miqrantların ölkədə qalma müddətinin iyunun 15-də bitəcəyi bildirilmişdi.

 

“APPLE” PEYVƏND OLUNAN MÜŞTƏRILƏRI MAĞAZALARINA MASKASIZ BURAXACAQ

“Apple” şirkətin ABŞ-da yerləşən mağazalarında və ofislərində koronavirus pandemiyası səbəbiylə qoyulan tələbləri yumşaltmağa başlamaq niyyətindədir. “Trend”in verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Apple” mağazalarında peyvənd olunan müştərilərin qoruyucu tibbi maskalar taxmalarına ehtiyac qalmayacaq. Şirkət işçiləri müştərilərdən peyvənd olunma barədə təsdiq istəməyə bilərlər. Yumşalma iyunun 15-dən qüvvəyə minib.

Eyni zamanda, Kaliforniya ştatındakı bəzi ofislərin personalı istisna olmaqla mağaza işçiləri qoruyucu tibbi maskaları taxmaqda davam etməli olacaqlar.