Kəlbəcərin “İstisu” kompleksi şəfa mənbəyidir
Digər xəbərlər

Kəlbəcərin “İstisu” kompleksi şəfa mənbəyidir

1996-cı il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən giriş nitqində uzaqgörənliklə, müdrikliklə demişdir ki, Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm iqliminin gözəlliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Ulu öndər Heydər Əliyevin uzaqgörən arzu və istəyi 24 il altı aydan sonra reallaşdı. 25 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanata əsasən 28 ildən sonra Ermənistan silahlı birləşmələri və həmin ərazilərdə qeyri-qanuni məskunlaşmış ermənilər məcburi şəkildə Kəlbəcər rayonunu tərk etdi, Azərbaycanın Silahlı Qüvvələri rayona daxil olub nəzarəti ələ aldı. Amma çarəsiz qalıb məğlubiyyətlə barışa bilməyən erməni ordusu və əhalisi bölgədə Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini yenə də davam etdirərək ekoloji terror həyata keçirmiş, evlərlə yanaşı, meşələri də yandırmış, müxtəlif ərazilərdə, o cümlədən insanların ən çox ziyarət yeri olan qəbiristanlıqlarda piyada və tank əleyhinə külli miqdarda minalar basdırmışlar. Bu ayın əvvəlində iki jurnalistin və bir vətəndaşımızın minaya düşüb faciəli şəhid olmaları bütün sülhpərvər insanları hiddətləndirir.

Qədim Azərbaycan torpağı olan Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuş, Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdə durur. Rayonda 3 aprel 1993-cü ildə Ermənistan qəsbkarları tərəfindən işğal olunana qədər, mərkəzi Kəlbəcər şəhəri olmaqla, 1 qəsəbə, 147 yaşayış məntəqəsi olmuşdur. Ermənilər tərəfindən işğal olunandan sonra rayon əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində 10 noyabr 2020-ci ilə qədər qaçqınlıq şəraitində yaşamışdır. İşğal zamanı Kəlbəcərdən 53,3 min nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və ya itkin düşmüşdür. Hazırda Kəlbəcər rayonunun ərazisi 3054 kvadratkilometr, əhalisinin sayı 77 min nəfər, o cümlədən şəhər əhalisi 11 766 nəfər, kənd əhalisi 65 237 nəfərdir (2020). Rayon Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayının hövzəsində yerləşib, qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Kəlbəcər rayonu resurs potensialına görə Azərbaycanın ən zəngin rayonlarından hesab edilir.

Əhalinin sağlamlığının və onların istirahətinin təşkil edilməsi üçün bu rayona dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3 093 kubmetr olan termal və mineral su yataqları mövcuddur. Keçmiş Sovetlər dövründə göstərilən sanatoriya kompleksində hər il keşmiş SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa edirmiş.

“İstisu” sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Sonralar bu məsələ Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun diqqət mərkəzində olmuşdur. 1928-ci ildə isə bu kompleksin əhəmiyyətini nəzərə alaraq, İstisu sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərin qurultayında məsələ qaldırılmışdır. 30-cu illərin sonlarında M.C.Bağırovun özü “İstisu”da olmuş, tikintinin gedişi ilə maraqlanmışdır.

“İstisu”da keçən əsrin 80-ci illərində sutkada 3 min litr mineral sudoldurma zavodu tikilib istifadəyə verilmişdir. Ancaq o dövrdə çıxan suyun cəmi 10 faizindən istifadə edilirdi. Çox əfsuslar olsun ki, 3 aprel 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan qəsbkarları tərəfindən işğal olunandan sonra sanatoriya kompleksi darmadağın edilmişdir. 1997-ci ildən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi “Cermuk” suyu adı ilə Avropa ölkələrinə, o cümlədən ABŞ-a yüksək qiymətə satıb, milyonlarla valyuta qazanmışlar.

“İstisu” kompleksi ilə rayon mərkəzi arasında məsafə 25 kilometr olub, dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. “İstisu”yun mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. “İstisu” mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibi, karbon qazı, hidrokarbonat-xlorid-sulfat-natrium ionlarından tərkibinə, böyük ehtiyatlarına görə xüsusilə fərqlənir.

“İstisu” dünya əhəmiyyətli müalicəvi mineral suyu bir çox xəstəliklərin dərmanıdır. Həzm sistemi, qaraciyər, öd kisəsi, həmçinin maddələr mübadiləsinin pozulmasından yaranan xəstəliklərin müalicəsində istifadə olunur. Sovetlər dövründə “İstisu” sanatoriyasında dəfələrlə istirahət edən və müalicə kursu keçən alim Saday Zeynalov söyləyir ki, “İstisu”yun müalicəvi təsir qüvvəsi dünyada mövcud olan bir çox müalicəvi suların təsir qüvvəsindən yüksəkdir. Qastritin, mədə yarasının, öd kisəsinin, qaraciyər iltihabi xəstəliklərinin, oynaq xəstəliklərinin və s. müalicəsində Kəlbəcərin “İstisu”yu çox faydalıdır.

Kimyəvi tərkibinə görə “İstisu” dünyada ən mühüm əhəmiyyətə malikdir. Bir litr suda mineralların cəmi miqdarı 7 qrama çatır. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlik, böyük miqdarda karbon 2-oksidin miqdarı, 60oC temperaturda olması, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balneoloji təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir. Məşhur kimyaçı alim E.E.Karstenskiy vaxtilə Kəlbəcərin ərazisindəki termal və mineral suları tədqiq etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətinin Karlovı Varıdan daha yüksək olmasını qeyd etmiş və bu suların dünya üçün əhəmiyyətli su olduğunu göstərmişdir. Bu sularla insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

Karlovı Varı sularının müalicəsinin əsasını soyuq və isti bulaqlar (30 - 60oC) təşkil edir. Termal bulaqların kimyəvi tərkibi eynidir, fərqi yalnız insanların xəstəliklərindən asılı olaraq həkim məsləhəti ilə suyun müxtəlif temperaturlarda qəbul edilməsidir.

İnsan bədəninin 70 faizi, beynin isə 80 faizi sudan ibarət olluğu üçün bu suyu içdiyimiz zaman bütün bədən təmizlənir. Həkimlərin əsas tövsiyələrinə görə, içilən termal su mədəaltı vəzi, qaraciyər və s. kimi daxili orqanları təmizləyir, xolesterol və yağların konsentrasiyasını azaldır və hər şeydən əvvəl, mexaniki olaraq orqanizmin bütün zərərli bakteriyalarını təmizləyir.

“İstisu” sanatoriya kompleksinin əhalinin sağlamlığının və istirahətinin təşkilində əhəmiyyətini nəzərə alaraq, Kəlbəcər rayonunda ilkin olaraq “İstisu” kompleksinin yenidən bərpa edilməsi Azərbaycan Respublikası üçün ən önəmli məsələlərdən biri kimi həyata keçirilməlidir. Burada “İstisu”nu yenidən qablaşdıraraq respublikanın bütün bölgələrinə və xarici ölkələrə ixrac etməklə Azərbaycan hər il milyonlarla valyuta əldə edə bilər.

Deyilənləri nəzərə alaraq, Kəlbəcər rayonunda yerləşən “İstisu” sanatoriya kompleksi qısa müddətə bərpa olunmalıdır. Əhalinin müalicəsindəki əhəmiyyətini nəzərə alaraq, onun ölkədaxili və xarici ölkələrə Azərbaycan brendi adı ilə göndərilməsi təmin edilməli, Toğana-Kəlbəcər avtomobil yolunun tikilib tez bir zamanda istifadəyə verilməsi həll edilməlidir.

Azərbaycan dünyanın 10-a qədər ölkəsindən, o cümlədən ən çox Rusiya, Gürcüstan, Macarıstan və s. ölkələrdən 2019-cu ildə 39.314,1 min ABŞ dollarına 4.998,5 min dekalitr (1 dkl = 10 litr) qazlı və mineral su almışdır.

Qeyd etmək istərdik ki, çox böyük potensiala malik “İstisu” mineral bulaqlarından hər il 3 milyard 963 min litr su çıxır. Vaxtilə sudoldurma sexlərində ildə bunun cəmi 22 min litrindən istifadə edilirdi. Yerdə qalan 3 milyard 941 milyon litrdən artıq su çaylara axıb gedir. Siz özünüz hesablayın və görün ki, Azərbaycan hər il xarici ölkələrdən hər bir litr suyu 1,5 AZN-ə alırsa, onda hər il istifadə edə bilmədiyimiz “İstisu”ya görə 5-6 milyard AZN itiririk.

Onu da qeyd edək ki, “İstisu”yun Tərtər çayı ilə axan hissəsi çay boyu yerləşən rayonların əkin sahələrini şoranlaşdırır və gələcəkdə bunun da qarşısını almaq üçün dövlət tədbirlər görməlidir. Həm də hədər yerə axıdılan “İstisu”dan ayrılan duzlardan xammal mənbəyi kimi xalq təsərrüfatının müxtəlif sahələrində istifadə etmək olar.

Neron BABAXANOV,

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin professorları.