Əmək qanunvericiliyi mütərəqqi beynəlxalq normalar əsasında formalaşdırılır
Siyasət

Əmək qanunvericiliyi mütərəqqi beynəlxalq normalar əsasında formalaşdırılır

Azərbaycanda əmək siyasəti və işçi hüquqlarının müdafiəsi işinin təkmilləşdirilməsi sahəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal əməkdaşlığa xüsusi önəm verilir

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə Versal sülh müqaviləsinin əsasında Millətlər Liqasının tərkibinə daxil olan qurum kimi yaradılıb. Yaradılarkən Millətlər Liqasının qurumu idi isə 1946-cı ildən BMT-nin ixtisaslaşmış qurumlarından biri kimi fəaliyyətini davam etdirir. Müstəqil Azərbaycan Respublikası isə 12 may 1992-ci ildə BƏT-in tamhüquqlu üzvü olub, onun 57 Konvensiyasına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.

Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi BƏT özlüyündə sosial-iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. Məlumat üçün xatırladaq ki, mənzil qərargahı Cenevrədə (İsveçrə) yerləşən qurumun digər ixtisaslaşdırılmış təşkilatlardan əsas fərqi onun üçtərəfli təmsilçiliyi olmasıdır.

1992-ci ildə BƏT-in üzvü olan, ötən dövrdə Təşkilatın əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 57 Konvensiyasına qoşulan Azərbaycan MDB məkanında BƏT-in nümayəndəliyinin açıldığı ilk ölkələrdən biridir. Azərbaycan müvafiq sahə üzrə milli qanunvericiliyini həmin Konvensiyalar əsasında mütərəqqi dünya standartlarına uyğun təkmilləşdirib. Bu sənədlərdən irəli gələn məsələlərin həlli sahəsində görülən işlərə dair mütəmadi olaraq BƏT-ə hesabatlar təqdim olunur. Ötən dövrdə Təşkilatla daim genişlənən əməkdaşlıq, birgə layihələrin icrasında əldə olunan müsbət təcrübə 2016-cı ilin 30 sentyabr tarixində Azərbaycan Hökuməti ilə BƏT arasında növbəti “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunmasına imkan yaradıb. Proqramın icrası sahəsində mühüm addımlar atılmaqla bərabər, BƏT prinsiplərinə uyğun olaraq ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya da yaradılıb.

BƏT-lə geniş əməkdaşlıq gündəliyi əmək və məşğulluq sahəsində qanunvericiliyin, habelə institusional və kadr potensialının təkmilləşdirilməsi, gənclər üçün aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı üzrə təlimçilərin hazırlanması və s. istiqamətləri əhatə edir. Gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində ölkəmizdə aparılan siyasətə BƏT səviyyəsində yüksək dəyər verilməsinin ifadəsi olaraq, son illərdə BƏT-in rəsmi saytında gənclərin məşğulluğu üzrə hüquqi bazası, praktik iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib. Eyni zamanda, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan uğurlar, əmək və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi üçün aparılan islahatlar, bu sahələr üzrə avtomatlaşdırılmış sistemlər (sığorta-pensiya sistemi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistemi, ünvanlı sosial yardım üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) BƏT tərəfindən yüksək dəyərləndirilib. BƏT-in 2016-cı ilin dekabrında Moskvada keçirilmiş iclasında isə özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi və Üçtərəfli Komissiyanın yaradılması sahəsində Azərbaycanın təcrübəsi Avropa ölkələri arasında nümunə kimi göstərilib, digər ölkələrə bu təcrübədən faydalanmaq tövsiyə olunub. Ötən dövr ərzində Azərbaycanda BƏT-in çoxsaylı müxtəlif mövzulu konfrans, seminar, təlim və digər beynəlxalq tədbiri, həmçinin “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq, təşkilatın 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı və s. keçirilib.

Avropa İttifaqı ilə də Avropa Qonşuluq Siyasəti çərçivəsində daim inkişaf edən əməkdaşlıq əlaqələrinə malikdir. Hələ ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir.

Ümumiyyətlə, ölkəmiz indiyədək Avropa Şurasının insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etmişdir ki, onların böyük qismi məhz sosial hüquqlarla bağlıdır. Həmçinin Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində də bu təşkilatla əməkdaşlıq həyata keçirilib. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq əlaqələri daim güclənir. BSTA-nın 2016-cı ildə keçirilən Dünya Sosial Təminat Forumunda isə sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin geniş tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq Azərbaycan ikinci dəfə BSTA-nın büro üzvü və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bu Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi tərəfindən 2018-ci ilin dekabr ayında Azərbaycan Hökuməti ilə BMTİP arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi imzalanıb. Layihənin məqsədi əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan 500 şəxsin dayanıqlı biznes qurmasına dəstək göstərmək, iştirakçıların əmək bazarına çıxışla bağlı üzləşdikləri xüsusi problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin etmək və s. məqsədinə yönəlib. 1994-cü ildən etibarən BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirilir. Həmin il Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə yeni “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Bununla yanaşı, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlıq həyata keçirilir. UNİCEF arasında əməkdaşlıq ölkəmizdə “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində mühüm rol oynayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı, “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb və icra olunub. Həmçinin son illərdə UNİCEF-in təklif və tövsiyələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya da hazırlanıb.

Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə “Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım İslahatı”, “Pensiya və Sosial Təminat Layihəsi”, “Sosial Müdafiənin İnkişafı Layihəsi” icra olunub. Dünya Bankının ekspert qrupu tərəfindən ölkəmizdə sosial müdafiə sisteminin inkişafı sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin nəticələrində Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən bir sistem kimi qiymətləndirilib. Bu, sosial müdafiə sisteminin əhatəliliyi baxımından dünya üzrə müsbət göstəricilərdən sayılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır. Azərbaycan BƏT-in layihə və təşəbbüslərində də yaxından iştirak edir. Bu sahədə növbəti tədbir kimi, BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans keçirilmişdir.

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda 2018-ci ilin may ayında beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilk dəfə Azərbaycana səfər edərək Konfransda iştirak etmişdir. Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, 2008-ci ildə isə “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. BMT-nin sabiq baş katibi Koffi Annanın Minilliyin Assambleyasında müraciətinə cavab olaraq, dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılmış və on üzv ölkə gənclərin məşğulluğu üzrə lider müəyyən olunmuşdur. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilmişdir. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sındakı öhdəliklərin səmərəli icrası üçün məqsədyönlü işlər aparılmış, o cümlədən Konvensiyaya uyğun olaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanmış, layihə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin də rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 2018-ci ilin iyul ayında qəbul olunmuşdur. Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən siyasətdə BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasının prinsipləri daim diqqətdə saxlanılır və layiqli şəkildə yerinə yetirilir. Təsadüfi deyil ki, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclası Bakıda keçirilmişdir. 

Son illərdə BMT İnkişaf Proqramı, BƏT və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanmışdır. Niyyət Məktubunda ölkəmizdə özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır.

Mustafa KAMAL,

“Respublika”.