Sağlam həyat
Maraqlı

Sağlam həyat

Yüksək miqdarda duz istehlakı immun sisteminə zərər verə bilər

Həddindən artıq duzdan istifadə edərək sağlamlığımızı təhlükə altına aldığımız barədə xəbərdarlıqlara baxmayaraq, duzu sevdiyimiz bir həqiqətdir. İllərdir alimlər duzun insan orqanizminə ziyanı barədə araşdırma aparıb və hər dəfə yeni bir məlumat üzə çıxarıblar.

Almaniyalı tədqiqatçı qrupun “Live Science” portalında yayımlanan məqalələrinə görə,  çox duz yemək immunitet sisteminin hüceyrələrinin enerji miqdarını azaldaraq normal fəaliyyətinə mane ola bilər.

Natriumun artıq istehlakının yüksək qan təzyiqi, ürək çatışmazlığı, mədə xərçəngi, böyrək xəstəliyi kimi bir sıra problemlərə səbəb olması artıq tədqiq edilmişdir.

“Əlbəttə ilk olaraq ağlımıza gələn ürək-damar riski idi, lakin bir çox araşdırma apararaq duzun müxtəlif yollarla immunitet hüceyrələrinə mənfi təsirlərini aşkar etdik. Duz uzun müddət immunitet sisteminin fəaliyyətini pozarsa, vücudda iltihabla müşayiət olunan bir sıra otoimmun xəstəliklərə səbəb ola bilər və buna görə də yetkin insanlar üçün gündəlik duz miqdarının 6 qramdan çox olmamasını tövsiyə edirik” - deyə Hasselt Universitetinin dosenti həmmüəllif Markuz Kleinewietfeld izah edib.

Alimlər qanda yüksək duz konsentrasiyasının monositlər kimi tanınan bir qrup immun sistemi hüceyrələrinin fəaliyyətinə birbaşa təsir edə biləcəyini kəşf ediblər. Kleinewietfeld həmkarları ilə bu əlaqəni araşdırmaq üçün laboratoriyada siçan və insan monositlərindən istifadə ediblər. Nəticədə alimlər yüksək duz konsentrasiyalarına məruz qaldıqdan 3 saat sonra immun hüceyrələrinin daha az enerji və ya adenozin trifosfat (ATP) istehsal etdiyini aşkar ediblər. Gələcəkdə elm adamları duzun daha hansı hüceyrələrə təsir edə biləcəyini araşdırmaq niyyətindədirlər.

 

Qanda tapılan zülal yaşlanma prosesini ləngidir

Texas Universitetinin alimləri qırmızı qan hüceyrələrində qocalma prosesini ləngidə bilən və zehni tənəzzüldən qorunmağa kömək edə biləcək zülal aşkar ediblər.

“Qırmızı qan hüceyrələri insan bədəninin ən çox yayılmış hüceyrəsidir və təxminən bir milyard oksigen molekulu daşıyır. Buna görə də hüceyrə funksiyasını qorumaq və vücudumuzdakı bütün toxumaların sağ qalması üçün həyati bir rol oynayır. Tapıntılarımız qırmızı qan hüceyrələrindəki ADORA2B adlı zülalın yaşlanmaya qarşı əhəmiyyətli bir rola sahib olduğunu və qocalmada xroniki oksigen tədarükünün çatışmazlığının qarşısını almasına dair dəlillər təqdim edir” - deyə müəllif, biokimya və biologiya üzrə professor Yang Xia izah edib.

Sınaq üçün mütəxəssislər qanında ADORA2B zülalı olmayan siçanlar böyüdüblər. Heyvanların yaşı artdıqca zəif yaddaş, eşitmə itkisi və beyin iltihabı da daxil olmaqla, zehni tənəzzül, yaşlanma əlamətləri müşahidə olunub.

Son tədqiqatlar hiperbarik oksigen müalicəsinin sağlam qocalarda hətta yaşlanma müddətini tərsinə çevirə biləcəyini və yeni bir cavanlaşdırma yanaşmasını təmin edir.

Tədqiqat işi “PLOS Biology” jurnalında dərc edilib.

 

Depressiyanın iltihabla əlaqəsi

Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiyaya düşür və gündəlik işlərindən bezir, hər şeydən imtina edir. Adi emosional dəyişikliklərdən fərqli olaraq, depressiyada əhval-ruhiyyənin enməsi bir çox hallarda səbəbsiz meydana gəlir.

İngiltərəli alimlər depressiya ilə artan iltihab arasındakı əlaqənin arxasında bioloji proses ola biləcəyinə inanırlar. Bədənin infeksiya ilə mübarizə aparmaq üçün təbii prosesi olan iltihab da, elm adamlarına görə depressiyanın əsas xüsusiyyəti ola bilər. Belə ki, tədqiqatçılar bu bəlaya məruz qalanların bədənlərində iltihabla əlaqəli daha yüksək protein səviyyəsini aşkar ediblər.

Alimlər “American Journal of Psychiatry” jurnalındakı məqalələrində tapıntıların zehni sağlamlıq pozğunluqları üçün yeni hədəflənmiş müalicə yollarının açılmasına kömək edə biləcəyini söyləyirlər.

“İltihab bioloji bir cavabdır - bədənin infeksiya, zədə və toksinlər kimi zərərli faktorlarına qarşı mübarizə aparmaq üçün immunitet sistemini hərəkətə gətirir. Bununla yanaşı, davranışı tənzimləməkdə və beyni “xəstəlik rejiminə keçirməkdə əsas rol oynaya bilər” - deyə tədqiqat müəllifi professor Carmine Priante vurğulayıb.

Tədqiqat üçün elm adamları İngiltərə Biobankının təxminən 86 min iştirakçısının sağlamlıq məlumatlarına baxıblar. Bunlara genetik məlumatlar, qan nümunələri, fiziki və zehni sağlamlıq anketləri daxil idi. Alimlər depressiv pozğunluğu olan iştirakçılarda iltihab göstəricisi olan C-reaktiv protein (CRP) kimi tanınan molekulun səviyyəsinin yüksək olduğunu tapıblar.

“İltihabın depressiyaya səbəb olmasına əminik və araşdırmanın bu xəstəliyin müalicəsinə yeni perspektivlər açacağına ümid edirik” - deyə müəllif bildirib.

 

Berqamot xərçəngin “qənimi”dir

Berqamot çayını hər kəs tanısa da, çox az adam bilir ki,  bu, sitrus bitkisidir. Onun yaranması haqqında iki fərziyyə var: bəzilərinə görə, onun Çində seleksiya yolu ilə alınması, digər fərziyyəyə əsasən isə berqamotun hibrid yox, portağalın mutasiyası nəticəsində yaranmış meyvə olmasıdır.

Müalicəvi xüsusiyyətlərinə görə, berqamot tibdə tətbiq olunur. Antibiotiklər kəşf olunmamışdan qabaq infeksiya və iltihabi xəstəliklərin müalicəsində antiseptik kimi istifadə edilib.

Bu bitkinin qabığından yağ əldə edilir və daha çox çaya ətir vermək üçün istifadə olunur. Berqamot yağı güclü antiinflamatuar, antifunqal və antipazazitik xüsusiyyətlərə malikdir.

Kalabria Salforq Universitetinin alimləri berqamot ekstraktının xərçəngin müalicəsində faydalı ola biləcəyini iddia edirlər.

“Science News” jurnalında dərc olunan məqalədə mütəxəssislər berqamotun tərkibində olan brutyeridin və melitidinin xolestrol fermentlərini inhibə etdiyini, xərçəng kök hüceyrələrinin böyüməsinin qarşısını almasına və hətta məhv olmasına kömək edəcəyini söyləyirlər. Tədqiqatçılar müasir tibdə istifadə olunan statin preparatlarından fərqli olaraq, berqamotun ciddi yan təsirləri olmadığını da qeyd edirlər.

Alimlər gələcəkdə xərçənglə mübarizə üçün berqamotdan yeni, toksik olmayan dərmanların inkişafında istifadə edilə biləcəyinə ümid edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.