Ağsaqqal sözünə həmişə ehtiyacımız var
Sosial həyat

Ağsaqqal sözünə həmişə ehtiyacımız var

Sentyabr payızın ilk ayıdır. Bolluq, ruzi, bərəkət ayıdır həm də sentyabr. Üç ay ömrü var payızın, sonra o, yerini qışa təhvil verir. Hər tərəf ağ yorğana bürünür, insanlar günləri sayır, baharın gəlişini gözləyir. 2020-ci ilin sentyabr ayı. Yenə əvvəlki illərdə olduğu kimi, payız səssiz gəldi yurdumuza. Əslində, onun nə gətirdiyindən xəbərsizdik. Sentyabrın 27-də səhər tezdən yayılan müharibə xəbəri hamını silkələdi. Sevindikmi? Kədərləndikmi? Xalqımızın döyüş əzminin bu müharibədə qələbəni təmin edəcəyinə çoxlarımız əmindik. Ancaq müharibə varsa, orada itkinin də qaçılmaz olduğu bəlli idi. Bəli, Müzəffər Ali Baş Komandanın “Silaha!” əmrinə Azərbaycan ordusu bir nəfər kimi sıraya düzüldü. İşğal edilmiş rayonlarımızın böyük hissəsi azad olunandan sonra, Ali Baş Komandanın dediyi kimi: “düşmən diz çökdü və bu gün də diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibələrinin birində deyirdi: “Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edildi”.

Azərbaycan Ordusu 2020-ci ilin payızında böyük şücaət, qəhrəmanlıq göstərdi, düşmənin hərbi qüvvələrini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. O payız bahar sevincinə büründü. O sevinci hər bir vətəndaşımız yaşadı, yaşayır və yaşayacaq. İllər, qərinələr, əsrlər keçəcək Azərbaycan xalqının Qarabağ Zəfəri dastanlara dönəcək, cild-cild kitablar yazılacaq. Bu gün kiçikdən-böyüyə hər kəsin deməyə sözü, öyünməyə haqqı var. Qalib ölkənin vətəndaşı kimi...

Bu günlərdə redaksiyamızın qonağı olan bir qrup ağsaqqalımızın yerə-göyə sığmayan sevinci, dövlətimiz, ordumuz, xalqımız haqqında səsləndirdikləri fikirlər insana böyük qürur yaşadırdı. Vaxtilə müxtəlif sahələrdə çalışıb respublikanın inkişafına öz töhfələrini verən həmsöhbətimin hər biri əmək, zəhmət cəbhəsinin veteranı, nəsillərə nümunədir.

 

Zaməddin HƏMŞƏYEV,

Qaradağ rayon Ağsaqqallar Şurasının üzvü.

Hər bir ömür bir kitabdır, vərəqlədikcə arxada qoyub gəldiyin illərin izi görünür. O kitabın hər səhifəsi dünəninə işıq salır, bu gününü yaşadır. Səni əhatə edən, yol göstərən, yol yoldaşı olan insanlarla bağlı xatirələr o səhifələri daha maraqlı edir. Vaxtilə çiyin-çiyinə çalışdığın, sonralar tanınmış şəxsiyyətlər olan insanlarla birgə keçirdiyin hər an sənə qürur yaşadır.

Mən 50 ilə yaxın bir müddətdə Azərbaycanın neft sənayesi sahəsində çalışmışam, uzun illər Respublika Neft, Qaz, Yanacaq Komitəsi Konfederasiyası Həmkarlar Təşkilatının sədri olmuşam. Bir müddət N.Əmirov adına Neft və Qazçıxarma İdarəsində rəis müavini vəzifəsini icra etmişəm. Bir sözlə, ömrüm neft sənayesi sahəsində keçib, fəxri neftçiyəm və bununla fəxr edirəm.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Konfederasiyanın “Qızıl medal”ı ilə təltif edilmişəm. Demək istəyirəm ki, istər həmkarlar işində, istərsə də istehsalatda diqqət mərkəzində olmuşam.

Bəşər övladı üçün bu dünya bir sınaq meydanı, imtahan yeridir. İnsan ona verilən ömrü şərəflə yaşamalıdır. İndi təqaüddə olduğum bir zamanda tez-tez ötən illəri xatırlayır, özümü xoşbəxt sayıram. Xoşbəxtəm ki, fəaliyyətim dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevlə şəxsən 5 dəfə görüşüb, söhbət etmişəm, onun iştirak etdiyi tədbirlərdə çıxışlarım olub.

Ulu öndər Heydər Əliyev məktəbini keçmiş dövlət başçısı İlham Əliyev hələ Azərbaycan Neft Şirkətinin vitse-prezidenti olduğu dövrlərdə Neft Şirkətinin Şura üzvü kimi onunla tez-tez görüşmək imkanım olub. İlham Əliyev Heydər Əliyevin ən layiqli davamçısıdır. Ulu öndərin yarımçıq qalmış işlərini uğurla başa çatdırır. Elə Ali Baş Komandan kimi düşmən üzərində tarixi qələbəsi də Heydər Əliyev siyasətinin təntənəsidir. Həyatın bütün sahələrini gözəl bilən İlham Əliyev yenilməz sərkərdə kimi tarixə düşdü.

 

Mail ƏLİYEV,

Nizami Rayon Ağsaqqallar Şurasının sədri.

44 günlük müharibə erməni işğalına son qoydu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ədalət bərpa edildi. Şuşamız, Qarabağımız işğaldan azad olundu. İşğaldan azad olunan hər rayona səfərində xalqa müraciət edən ölkə başçısı, şanlı ordumuzun birinci əsgəri verdiyi vədləri xatırladıb onları necə doğrultduğunu yada salırdı. Prezident Ağdama gedişində azad olunmuş bu diyarda, bütün torpaqlarımızda infrastrukturun əvvəlkindən də yaxşı, müasir üslubda yaradılacağını dilə gətirdi. Onun Ağdam məscidi qarşısında xalqa tarixi müraciəti heç vaxt unudulmayacaq. Ölkəmizə rəhbərliyi dövründə verdiyi sözləri həmişə gerçəkləşdirən ölkə başçısının bu yerləri gülüstana çevirmək vədi də mütləq reallaşacaq.

İlham Əlliyev düşmən üzərində qələbəmizdən sonra verdiyi müsahibələrində Azərbaycan gənclərinin rolunu yüksək qiymətləndirərək deyirdi: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Dövlət başçısı çıxışlarında dönə-dönə həm də onu vurğulayırdı ki, düşmən üzərində qələbədə payı olan gənclərin əksəriyyəti o dövrün uşaqlarıdır. Məhz həmin uşaqlar görmədikləri ata-baba yurdları uğrunda son nəfəsədək vuruşaraq qələbəni təmin etdilər. Ölkə başçısının da dediyi kimi: “bax, budur vətənpərvərlik”. Bəli, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi həmişə vacib məsələ olub. Biz onun nəticələrini döyüş meydanlarında gördük. Ulu öndər Azərbaycan gəcliyinə inanır, güvənir, etibar edir, onun hərtərəfli inkişafı üçün hər cür şərait yaradırdı. Prezident İlham Əliyev də bu yolu davam etdirir. Bu gün gənclərin inkişafı, cəmiyyətdə fəal mövqe tutması, öz sözlərini deməsi üçün real imkanlar var və onlar bundan faydalanırlar. Mən ömrümün çox hissəsini istehsalatda keçirmiş, uzun illər Bakı Mərmər Zavodunun baş mühəndisi olmuşam. İndi təqaüddəyəm. 10 ilə yaxındır ki, Nizami Rayon Ağsaqqallar Şurasının sədriyəm. Biz veteranlar, ağsaqqallar bundan sonra da dövlətimizin gənclər siyasətinə öz töhfələrimizi verməliyik.

 

Eyvaz HÜMBƏTOV,

Nizami Rayon Ağsaqqallar Şurasının sədr müavini, “Tərəqqi” medallı.

Bizim sizinlə görüşümüz Milli Qurtuluş Gününə təsadüf edir. Milli Qurtuluş sadəcə təqvim bayramı deyil. 15 iyun ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır.

Bu başlanğıcın əsasını qoyan isə xalqımızın müdrik oğlu Heydər Əliyevdir. Mən xoşbəxtəm ki, onun müasiri olmuş, rəhbərliyi altında işləmiş, Azərbaycanın tərəqqisi, inkişafı, müstəqilliyimizin dönməz, əbədi olması istiqamətində gördüyü işlərə öz töhfəmi vermişəm. Mən bu ailəyə başqa bir səbəbdən də özümü mənəvi cəhətdən həmişə borclu bilmişəm. Gənc yaşlarımdan istehsalatda ilk əmək fəaliyyətinə Bakı Şin zavodunda başlamışdım. İş zamanı ehtiyatsızlıq üzündən gözlərimə kükürd tökülmüşdü. Demək olar ki, görməmi tamam itirmişdim, sağalmağa ümidim yox idi. O zamanlar görkəmli oftalmoloq Zərifə xanım Əliyeva bu zavodda elmi tədqiqat işləri ilə məşğul olur, təcrübələr aparır, zərərli peşələrin görmə qabiliyyətinə mənfi təsiri mövzusunu araşdırırdı. Məsələdən xəbər tutan kimi, narahat olan Zərifə xanım məni tam nəzarətə götürdü, sağalmağım üçün əlindən gələni etdi. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı, görmə qabiliyyətim bərpa oldu və mən həyatıma davam etdim. Bu gün dünya işığını gördüyüm üçün Zərifə xanıma borcluyam. O, təkcə mənim deyil, onlarla insanın xilaskarı idi, neçə-neçə insanın gözünə nur, həyatına sevinc paylamışdı.

Sonralar mən Bakı şəhər Yaşıllaşdırma Trestinin müdiri oldum, işimlə bağlı ulu öndərlə dəfələrlə görüşdüm, tövsiyələrini dinlədim, onları həyata keçirmək üçün çalışdım. Ulu öndər yeni parkların salınmasında həmişə şəxsən özü iştirak edir, ağac əkirdi. Nizami, Xətai, Sabunçu rayonlarında parkların salınmasında da onun göstərişləri əsasında hərəkət etmişəm.

Bir zamanlar Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində sahil parkı pis görkəmə düşmüşdü. Onun əvvəlki vəziyyətə qaytarılması üçün Xocahəsəndən maşınlarla torpaq daşındı, suyun yaratdığı pis mənzərə aradan qaldırıldı. Bulvara Milli Park statusu verilənədək bu gözəl məkana rəhbərliyi də mənə tapşırmışdı. Şəhərin ən gözəl parklarından olan Zərifə Əliyevanın adını daşıyan park salınanda da ulu öndərlə tez-tez görüşürdük, əraziyə gəlir, görülən işlərlə maraqlanırdı. Bir dəfə söhbət əsnasında mən ona: “Cənab Prezident, mən şəhərimizin ən görkəmli yerində “Heydər Parkı” salmaq istəyirəm, özü də yalnız çinar ağaclarından ibarət bir park” - dedim. O, gülümsəyib: “Sənə nə mane olur? Ekologiyanı qoruyan, təbiətə, ətrafa gözəllik gətirən hər şeyə kömək etməyə hazıram...” deyə cavab verdi.

İndi torpaqlarımız azad olunub, orada abadlıq, quruculuq işlərinə başlanılıb. Kim bilir, bəlkə o yerlərdə belə bir park da salındı: “Min çinarlı Heydər parkı...”. Yaşımın bu çağında o işdə məmnuniyyətlə çalışmağa, təcrübəmi bölüşməyə hazıram...

Hər biri gəncliyə nümunə olan bu insanlara isə bizim də bir minnətdarlıq borcumuz var: ölkəmiz üçün etdiklərinizə görə sağ olun, ağsaqqal sözünə, tövsiyəsinə həmişə ehtiyac duyuruq!..

Zümrüd QURBANQIZI,

“Respublika”.