Beyləqan: Şəhidlərin əzəmətli xatirə abidəsi
Region

Beyləqan: Şəhidlərin əzəmətli xatirə abidəsi

Beyləqan şəhərində şəhid Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərov   və  şəhid Elxan Əliyev küçələrinin kəsişməsində Birinci Qarabağ və İkinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda edən Beyləqan şəhər şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksinin açılış mərasimi   keçirildi.

Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev 44 gün davam edən müharibədə beyləqanlıların dəmir yumruq kimi birləşərək Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun tərkibində göstərdiyi qəhrəmanlıqdan söz açdı, müzəffər Ordumuzun cəbhənin bütün istiqamətlərində şücaət və mərdliklərini xüsusi vurğuladı.

Şəhidlər abidə-kompleksinin üzərindən ağ örtüyü götürmək üçün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun nəvəsi Akif Əkbərov abidə önünə dəvət edildi. Abidənin önündən ağ örtük götürüldükdən sonra Birinci Qarabağ və İkinci Qarabağ müharibəsində həlak olan Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Beyləqan Rayon İcra Hakimiyyəti adından, rayon Qaziləri adından, F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin kollektivi adından, məhəllə sakinləri adından Şəhidlər abidə-kompleksinin önünə əklillər qoyuldu, rayon ictimaiyyəti abidə onünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Şəhid ailələrinin üzvlərindən Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun bacısı Qəmər Fərhadova, Şəhid İlqar Mehdi oğlu İsmayılovun anası Sara İsmayılova, Şəhid Vasif Quliyevin atası Tahir Quliyev çıxış edərək dövlətimizin rəhbəri, Prezident cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.

Qarabağ Müharibəsi Veteranları Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, Qarabağ Müharibəsi Qazilər Birliyinin Beyləqan bölməsinin üzvlərindən Həsənov Orxan Həsən oğlu, Heydərov Orxan İlyas oğlu, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranları İctimai Birliyinin sədri Tahir Məmmədov, Tərəqqi medallı tarix müəllimi Nadir Abdullayev çıxış etdilər.

Beyləqan şəhər F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunan şeirlər söylədilər. Tədbirin sonunda şair Elman İsrafiloğlu Şəhidlər abidə- kompleksinin ucaldılmasında zəhməti olan məhəllə sakinlərinin hər birinə təşəkkürünü bildirdi. Abidə önündə xatirə şəkilləri çəkdirdilər.

Ərəstun ABDULOV,

“Respublika”.