SU ANBARLARI BOL MƏHSULA ZƏMİN YARADIR
Region

SU ANBARLARI BOL MƏHSULA ZƏMİN YARADIR

Azərbaycan əsasən havaların isti keçdiyi, su ehtiyatının az olduğu ölkələrdəndir. Lakin respublikada aparılan irimiqyaslı tədbirlər, o cümlədən böyük su anbarlarının tikintisinin həyata keçirilməsi mövcud problemləri aradan qaldırır.

Qeyd etmək lazımdır ki, respublikada mövcud olan su anbarlarının böyük əksəriyyətinin 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə tikilib istifadəyə verilmişdir. Hazırda ölkəmizin bir çox bölgəsində həmin illərdə inşa olunmuş anbarlardan maksimum dərəcədə istifadə olunur.

2021-ci ilin iyun ayının 14-də dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən Prezident İlham Əliyev dedi ki, bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu su anbarı vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi.

Respublika Prezidentinin bu kəlamları deyilənləri bir daha sübut edir. Ulu öndərin siyasətini uğurla davam etdirən İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə aqrar sahənin inkişaf etdirilməsi üçün misilsiz işlər görülməkdədir. Minlərlə hektar torpaqların suvarılması təmin olunaraq əkin dövriyyəsinə qaytarılır. Sudan əziyyət çəkən bölgələrdə aparılan irimiqyaslı meliorativ tədbirlər bölgələrin canlanmasına səbəb olmuşdur.

Bu günlərdə Şəmkir rayonundakı bir strateji obyektə - Şəmkirçay su anbarına yollandıq. Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin rəisi Vaqif Məmmədovla həmsöhbət olduq. İdarə rəisi bildirdi ki, 2014-cü ilin noyabr ayında Prezident İlham Əliyevin xeyir-duası ilə su anbarının açılışı olmaqla bölgəyə həyat bəxş olunmuşdur. Sututumu 164,5 milyon kubmetr olan anbar gil nüvəli daş-qaya dolğulu torpaq bənddən ibarətdir. Suyun səviyyəsi maksimal səviyyədə olduqda anbarın ən dərin yeri 111 metrdir. Uzunluğu 6,5 kilometrdir. Bəndin eni 12 metr, uzunluğu 692 metrdir.

Şəmkirçay su anbarı 71400 hektar əkin sahəsini suvarma suyu ilə, 500 min əhalini içməli su ilə təmin etmək gücündədir. İdarənin balansında 109,7 kilometr beton-kanal mövcuddur. Anbarın su ilə doldurulması mənbəyini Gədəbəy dağlarından götürən Şəmkirçay vasitəsilə həyata keçirilir.

Cari ildə yağıntı iqlim normasına yaxın olduğundan yaz aylarında yağan yağışlar nəticəsində anbarda suyun miqdarı normal olmuşdur. Hazırda anbarda 60,2 milyon kubmetr ehtiyat su mövcuddur. Şəmkirçay su anbarı Şəmkir rayonunda 40 min hektar, Göygöl rayonunda 5 min hektar, Samuxda 7 min hektar və qidalandırıcı kanal vasitəsilə Goranboyda 8 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir.

Eyni zamanda Şəmkir, Gəncə və Samux rayonunun Nəbiağalı qəsəbəsində 500 minə yaxın əhali ekoloji təmiz içməli su ilə təmin olunur.

Bundan başqa, idarə 1982-ci ildə istifadəyə verilmiş Şəmkir su anbarından nasoslar vasitəsilə su götürməklə 50 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək iqtidarındadır. Hazırda Şəmkir su anbarından götürülən su ilə Şəmkir rayonunda 7100 hektar, Samuxda 5300 hektar, Goranboyda 1200 hektar əkin sahəsinin suvarılmasını həyata keçirir.

Şəmkir su anbarında 1-ci pillədə 3 nasos fəaliyyət göstərir, nasoslardan 2-si daim işləyir, digəri isə saz vəziyyətdə ehtiyatda saxlanılır. Bu nasoslar vasitəsilə su 2-ci pillə nasos stansiyasının kanalına, oradan isə 3 nasos vasitəsilə Şəmkir maşın kanalına ötürülür. Bu nasoslardan da biri ehtiyatda saxlanılır, 2-si isə işləyir. İdarə hər il cari və əsaslı təmir işləri aparır.

Şəmkirçay magistral kanalının tuneldən çıxış hissəsinə Yeni Həyat yükləmə hovuzunda su itkisinin qarşısının alınması məqsədilə 3 istiqamətdə —biri 530 millimetrlik dəmir boru, 2 ədəd isə 300 millimetrlik polietilen boru xətti çəkilmişdir. “Kotançı” kanalının qidalandırılması üçün 530 millimetrlik dəmir boru xətti çəkilmişdir.

Bundan başqa, kotançı kanalı vasitəsilə suvarılması çətin olan sahələrə 1400 metr uzunluğunda 300 millimetrlik polietilen boru çəkilmişdir. Bununla da həmin ərazidə suvarmada mövcud olan problem köklü şəkildə aradan qaldırılmışdır.

Şəmkir maşın kanalında 1-ci pillə nasos stansiyasında 3 nömrəli nasos, 2-ci pillə nasos stansiyasında isə 1 nömrəli nasos əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Cari ildə idarənin daxili imkanları hesabına 1-ci pillədə 1 və 2 nömrəli nasoslar əsaslı təmir olunmuşdur.

Ceyrançöl nasos stansiyasında 2-ci pillədə 1, 2 və 3 nömrəli aqreqatlar da əsaslı təmir olunmuşdur. Qeyd etmək lazımdır ki, Şəmkirçay su anbarı istifadəyə verildikdən sonra əvvəllər əkin bölgəsindən kənarda qalmış torpaqlarda 17 min hektardan artıq ərazidə yeni meyvə bağları salınmışdır. Yeni bağların coğrafiyası ilbəil genişlənir.

Vəli VƏLİYEV,

“Respublika”.