ƏKİN SAHƏLƏRİ ARTIRILIB, BOL MƏHSUL GÖZLƏNİLİR
Region

ƏKİN SAHƏLƏRİ ARTIRILIB, BOL MƏHSUL GÖZLƏNİLİR

Lerik dağlıq rayondur. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Uca və əzəmətli dağlar qoynunda yaşayan insanlar ta qədimdən öz çörəyini tоrpaqdan çıхarıb, halal zəhmətlə yaşayıblar. Süfrələri də həmişə ruzili, bоl və bərəkətli olub.

Bu il rayonun şəxsi təsərrüfatları və fermerləri kifayət qədər məhsul becərib. Sahələrdən bol məhsul gözlənilir. Aqrar sahədə görülən işlərlə bağlı Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidovla söhbət edirik. İşlərin gedişi barədə məlumat verərək deyir:

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ-hüquqi baza təkmilləşdirilmişdir. Aparılan davamlı və sistemli islahatlar nəticəsində məhsulların daxili bazar təminatı və ixracı artmış, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənmişdir.

Lerik rayonunda da kənd təsərrüfatının dinamik inkişafı təmin olunmuşdur.  Dağlar diyarında aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir.  Əhalini ekoloji cəhətdən təmiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, məhsul bolluğu yaratmaq ümdə vəzifədir. Rayonda bu istiqamətdə geniş iş aparılır.

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Əkinəyararlı sahə 11422 hektardır. Bitkilər əsasən dəmyə şəraitində əkilib becərilir.

Ötən il 2797  hektarda payızlıq taxıl əkilmişdir. Taxıl biçini vaxtında başa çatdırılmış, məhsul itkisiz yığılmışdır. Sahələrdən 6594,4 ton məhsul istehsal edilmiş, hektardan orta məhsuldarlıq 23,5 sentner olmuşdur. Buğda əkilmiş sahələrdən 6201,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 23,9 sentner olmuş, 77,6 hektar arpa sahəsindən isə 155,2 ton məhsul istehsal edilmişdir. Bundan əlavə, 125 hektar sahədə çovdar əkilmiş və 237,5 ton məhsul götürülmüşdür. Hektarın məhsuldarlığı 19 sentnerə çatdırılmışdır. Rayonun kəndlərində 21 hektar sahədə tütün plantasiyaları salınmış və 4,9 ton məhsul istehsal edilmişdir.

Cari ilin məhsulu üçün 3199,5 hektar sahədə payızlıq taxıl əkilib. Bu, əvvəlki  illə müqayisədə 399 hektar çoxdur. Payızlıq taxılın 2911,5 hektarını buğda, 135 hektarını arpa, 153 hektarını çovdar təşkil edir.

 Bu ilin yazında 2146,7 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib. Bu, keçən ildəkindən 60 hektar çoxdur. Əkinlərin 199,7 hektarı dənli və dənli paxlalılar, 1505 hektarı kartof, 343,5 hektarı tərəvəz, 30,5 hektarı qarğıdalı, 66,5 hektarı yonca, 1,5 hektarı günəbaxan sahələridir.

Taxıl sahələrində xəstəlik və ziyanvericilərə, alaq otlarına qarşı kimyəvi, mexaniki və aqrotexniki tədbirlərin aparılması, yemləmə gübrələrindən istifadə olunması barədə fermerlərə, məhsul istehsalçılarına məsləhətlər verilir və maarifləndirmə tədbirləri həyata keçirilir.

Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış monitorinq qrupu tərəfindən payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılmış və 223 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Eyni zamanda məhsul istehsalçıları 601 hektar sahədə alaq otlarına qarşı mexaniki mübarizə tədbirləri görmüşlər.

Tərəvəzçilikdə də irəliləyiş nəzərə çarpır. Keçən il rayon üzrə 1788 hektar sahədə tərəvəz bitkiləri əkilmişdir. Şəxsi və fermer təsərrüfatlarında 30 hektar pomidor sahəsindən 387,9 ton, 20,5 hektar xiyar sahəsindən  255 ton, 25 hektar kələm sahəsindən 319 ton, 1446 hektar kartof sahəsindən 18513,2 ton məhsul istehsal olunmuşdur. Bundan əlavə, sahələrdən 2602,8 ton soğan, 576 ton sarımsaq  yığılmış, məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli artmışdır.  

Ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” haqqında fərmanı ilə təsdiq olunmuş yeni qaydaların fermerlərə çatdırılmasından ötrü Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər üçün maarifləndirici təlimlər keçirilmişdir.

Heyvandarlıq sahəsində də subsidiyanın verilməsi mexanizmi barədə baytar həkimləri və feldşerlər, süni mayalanma mütəxəssisləri, mərkəzin heyvandarlıq sektorunun əməkdaşları üçün keçirilmiş təlimlərdə məlumatlar verilmişdir. Mərkəzin əməkdaşları yeni subsidiya qaydaları ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.

Lizinq fəaliyyəti ilə bağlı azad və ədalətli rəqabət mühiti formalaşıb. Texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər təchizatçı şirkətlərə də şamil olunub. Fermerlər texnikanı 40 faiz güzəştlə və 5 il faizsiz kredit tətbiq edilməklə, damazlıq heyvanları isə 60 faiz güzəştlə və 3 il faizsiz kredit tətbiq edilməklə həm “Aqroservis” ASC, həm də təchizatçı şirkətlərdən ala bilərlər. Fiziki və hüquqi şəxslər bu yolla artıq texnika və damazlıq heyvanlar ala bilirlər.

Əkinçi peşəsi hörmətli, şərəfli peşədir. Torpaq əkinçinin əməyini, zəhmətini heç vaxt itirmir. Lerik rayonunun kənd əməkçiləri də dövlət qayğısından ruhlanaraq əzmlə işləyir, bol və yüksəkkeyfiyyətli məhsul əldə etmək üçün var qüvvələrini əsirgəmirlər.                          

Əlisəfa HƏSƏNOV,

“Respublika”.