İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib
MÜSAHİBƏLƏR

İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib

Biz Azərbaycanın Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin və icra hakimiyyəti nümayəndəsinin minaya düşərək faciəvi şəkildə həlak olmalarına görə çox təəssüfləndiyimizi bildirir və onların ailələrinə başsağlığı veririk.

İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEİ) direktoru Migel Alvares de Eulate Moreno  bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

M.Alvares deyib: “FESEİ Fondu mətbuat nümayəndələrinə qarşı bu hərbi cinayəti pisləyir. Ümidvarıq ki, bu cinayəti törədənlər cəzalarını alacaqlar. FESEİ Fondu regionda qan tökülmədən firavanlıq imkanları və Cənubi Qafqazda dinc gələcək üçün mühüm element olan sülhə və etimada şərait yaradan strategiyalara töhfə verməyə hazırdır”.

Qeyd edək ki, iyunun 4-də səhər saat 11 radələrində Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam edilmiş jurnalistlərin olduğu KamAZ avtomobilinin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

AZƏRTAC