Macar jurnalist azərbaycanlı həmkarlarının minaya düşərək həlak olmasına görə təəssüfləndiyini bildirib
MÜSAHİBƏLƏR

Macar jurnalist azərbaycanlı həmkarlarının minaya düşərək həlak olmasına görə təəssüfləndiyini bildirib

Məşhur macar jurnalisti və publisist Peter Erdeyi Azərbaycanın Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin və yerli icra hakimiyyəti nümayəndəsinin minaya düşərək faciəvi şəkildə həlak olması xəbərinə görə sarsıldığını bildirib.   

AZƏRTAC-ın respondenti agentliyin xüsusi müxbiri ilə söhbətində qeyd edib ki, hər bir jurnalist onun həmkarlarının öz xidməti borcunu yerinə yetirərkən həlak olmasını özünün şəxsi kədəri kimi qəbul edir. O deyib: “Jurnalistlər hansı qitədə, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, həmişə təhlükəsiz şəraitdə işləmək imkanına malik olmalıdır”.

Peter Erdeyi Sirac Abışovun, Məhərrəm İbrahimovun və Arif Əliyevin doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbir diləyib.   

Dəfələrlə Avrasiyanın müxtəlif guşələrindəki qaynar nöqtələrdə olmuş P.Erdeyi işğaldan azad edilmiş Qarabağ rayonlarına da səfər etməyi planlaşdırır. Macar həmkarımız deyib: “Mən bizim peşə nümayəndələrini gözləyən təhlükəni həmişə hiss edirəm və üzərimizə düşən böyük məsuliyyəti xüsusi vurğulamaq istəyirəm. Çox vaxt biz həqiqəti dünyaya çatdırmaq üçün həyatımız riskə məruz qoyuruq. Bu isə bəşəriyyətin həqiqət naminə verməyə hazır olduğu ən böyük dəyərdir”.

Xatırladaq ki, iyunun 4-də içərisində Azərbaycanın işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan jurnalistlərin olduğu avtomobilin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha dörd nəfər xəstəxanaya yerləşdirilib.

 

AZƏRTAC