Tanınmış türkiyəli müxbir Tərtərdə olub
Region

Tanınmış türkiyəli müxbir Tərtərdə olub

44 günlük Vətən müharibəsində qardaş Türkiyə Cümhuriyyətinin jurnalistləri daim qaynar nöqtələrdən reportajlar hazırlayaraq real tablonu operativ şəkildə dünya ictimaiyyətinə təqdim edirdilər. Fulya Öztürk tərəfsiz, gerçək məlumatları dünyaya yayanların ən məşhurlarından biri kimi yaddaşlarda qalmışdır. Azərbaycandan və Türkiyədən olan yaradıcı heyətləri birgə Fulya xanımın fədakar əməyini lentləşdirmək qərarına gəlmişlər. “Fulya” adlı sənədli filmin çəkilişi ilə əlaqədar filmin qəhrəmanı Azərbaycanın haqq səsini yayan cəsarətli müxbir, Fulya Öztürk Tərtər rayonunda olmuşdur. Səfər çərçivəsində Fulya Öztürk Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsinin ən çətin anlarında Fulya xanımın tərtərlilərlə bir yerdə olduğunu, Azərbaycan həqiqətlərinin, o cümlədən erməni terrorçuların Tərtər rayonunda törətdikləri qətliamların, vandallığın dünya ictimaiyyətinə operativ qaydada çatdırdığını bildirib.

Qeyd eləmək lazımdır ki, “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dado Produksion” çəkiliş qrupu tərəfindən hazırlanan sənədli filmdə  Fulya Öztürkün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Tərtərdə də dinc əhaliyə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların yer alması və çəkilişlərin bir hissəsinin Tərtərdə aparılması nəzərdə tutulub.

Fulya Öztürk səmimi görüşə görə icra başçısına təşəkkür edib. Yenidən Tərtər rayonunda olduğundan sevinc hissi keçirdiyini, müharibə zamanı baş verən dəhşətli hadisələrin bir daha təkrarlanmamasını arzulayıb.

Sonra  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Fulya Öztürk təşəkkürnamə ilə  təltif edilib, xatirə hədiyyəsi və Vətən müharibəsində Fulya xanımın Tərtərdə çəkdirdiyi fotoşəkillər təqdim olunub.

Vəli VƏLİYEV,

“Respublika”.