“Sağlamlıq xəmsəsi”
Səhiyyə

“Sağlamlıq xəmsəsi”

Dünyaya meydan oxuyan yeni koronavirus pandemiyası və ötən ilin payızında tarixi qələbə ilə başa çatan Vətən müharibəsi keçmiş cəbhə xəttində yaşayan insanların adi həyat qayğılarını belə dəyişib, insanların sağlamlığına zərər vurub. Azərbaycanda karantin rejiminin tətbiq edilməsi və Nazirlər Kabineti yanında  Operativ Qərargahın tələbləri hər birimizdən vətəndaş məsuliyyəti tələb edir və aydın məsələdir ki, birlikdə bu qəfil düşmənə qalib gələcəyik. Ağdam rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər mütəmadi olaraq davam etdirilir.

Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı  Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonunda "Sağlamlıq xəmsəsi" layihəsinin icrasına başlayıb. Xeyirxahlıq missiyası daşıyan layihənin icrası Ağdamda davam etdirilib. Bununla bağlı  mərkəzi rayon xəstəxanasında təşkil olunan tədbirdə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da iştirak edib.

 Tədbirdə çıxış edən Vaqif Həsənov bildirib ki, beynəlxalq təşkilatların münaqişədən əziyyət çəkən rayonlarla bağlı həyata keçirdiyi layihələr, bu kimi səfərlər və göstərilən dəstək Azərbaycanın dövlət başçısının apardığı siyasətin nəticəsidir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı TƏBİB-in və Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə müharibədən əziyyət çəkən Ağdama tibbi yardım gətirib. Ümumdünya Səhiyyə Təşkilatı son iki ildə bizim rayon əhalisi ilə sıx əlaqədə olan qurumdur.  Bu qurumun yüksək fəaliyyəti digər beynəlxalq təşkilatlara əsl örnəkdir. Bütün bunlar hamısı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarla yaratdığı davamlı əlaqələrin ən gözəl nəticəsidir.

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı isə bildirib ki, göstərilən tibbi xidmət müharibə nəticəsində insanların sağlamlığına dəyən ziyanın aradan qaldırılması məqsədi güdür. Müharibə insanların sağlamlığına ciddi ziyan vurub. Həkimlər, psixoloqlar ən ucqar kəndlərdə yaşayan əhaliyə tibbi xidmət göstərirlər. 

Qeyd edək ki, 5 rayonu əhatə edən “Sağlamlıq xəmsəsi” layihəsinin məqsədi, təxminən 650.000 əhalisi olan  bölgədə  müharibənin və COVID-19-un təsirini minimuma endirmək və əhaliyə psixo-sosial dəstək verməkdir. Bundan başqa, ucqar bölgələrdə səhiyyə xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi, psixi sağlamlıqla bağlı çətinlik yaşayan insanlara kömək nəzərdə tutulub. Layihə çərçivəsində sözügedən 5 rayona 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi paylanacaq.

Tədbirdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib.

Salman ALIOĞLU,

  “Respublika”.