Tarixi Zəfərə hədəflənən siyasət
Siyasət

Tarixi Zəfərə hədəflənən siyasət

Azərbaycanın diplomatiya tarixində açılmış üç yeni səhifə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində dövlətin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Həm regionda qonşu dövlətlər olan Rusiya və Türkiyə ilə, həm də dünyanın aparıcı ölkələri ABŞ, Çin, İngiltərə, Fransa, Almaniya və Yaponiya ilə Azərbaycan arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunur, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər nəinki uğurla neytrallaşdırılır, həm də toqquşan maraqlar uzaqlaşdırılaraq sabitliyin hökm sürdüyü Azərbaycanı əməkdaşlıq məkanına çevirir.


Bütün bu deyilənlərin ən bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi və BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, İSESCO, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər beynəlxalq və regional təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr qəbul etməsidir.

Dövlət başçısı cənab İlham Əliyevin Ermənistanın işğalçı və qeyri-konstruktiv mövqeyi ilə bağlı beynəlxalq müstəvidə apardığı Qələbəyə hədəflənən siyasəti Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında (3 oktyabr 2019), Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında (11 oktyabr 2019) və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın diplomatiya tarixində açılmış daha üç yeni səhifə oldu.

Birinci səhifə. Cənab İlham Əliyevin bütün platformalarda nitq, çıxış və bəyanatlarında daimi mövzularından biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasının gündəminə gəlir. ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın diqqətinə çatdırılır ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet dövründə yaradılıb. Bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi səslənir. Əslində isə 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, orada etnik təmizləmə aparılıb.

İşğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır... Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi altı ildən çox bir müddətdə bu qətnamələr yerinə yetirilmirdi.

Burada mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə toxunan cənab İlham Əliyev bildirir ki, BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır... Azərbaycanı qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır: “Bizimlə bağlı məsələdə isə  qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.

Cənab İlham Əliyev qeyd edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. ...Erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun dinc sakini qətlə yetirilib. Həmçinin 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.

Ermənistanın baş naziri Nikol Paşinyanın təəccüb doğuran bəyanatına toxunan dövlət başçısı deyir: “Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi...”.

Beləliklə, dövlətimizin başçısı beynəlxalq ictimai fikirdə münaqişənin mahiyyəti və xarakteri barədə parlaq və aydın təsəvvür yaradır.

İkinci səhifə, Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədardır. Dövlət başçıları Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət edir. Cənab İlham Əliyev faşizm üzərində ümumi Qələbəyə Azərbaycanın layiqli töhfə verdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Qeyd edir ki, bu müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. 1992-1993-cü illərdə 9 May Bayramı ləğv edilmişdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra ilk qərarlardan biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün Azərbaycanda qeyri-iş günüdür və bayram kimi qeyd edilir.

Dövlət başçılarının faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etdiyini, MDB məkanında, xüsusən Ermənistanda belə halların baş verdiyini təəssüf hissilə vurğulayan cənab İlham Əliyev bildirir ki, orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumatı olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfıyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfıyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub.

Cənab İlham Əliyev bəyan edir ki, Nikol Paşinyan hakimiyyəti bu heykəli götürməyib, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Üçüncü səhifə. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bu qurumun hər zaman diqqətdə saxladığı və irəliləməsi üçün çalışdığı bir mövzu - Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan münaqişənin həllinə dair məsələlərdən danışırlar. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu tarixi nöqteyi-nəzərdən dünya ictimaiyyətinin diqqətinə təqdim edilir. Və hazırkı, tarixi məqamda prosesi irəliyə doğru aparmaq və münaqişənin sülh yolu ilə həlli üçün cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini nəzərdə tutaraq deyir ki, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidir, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır. Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Qətnamədə deyilir ki, erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşada bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütn işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyətə izah edilməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərilməlidir ki, dayansın.

Münxen Təhlükəsizlik Konfransında da dünya ictimaiyyətinə dəqiq və konkret faktlar əsasında mesaj və məlumatlar verən cənab İlham Əliyev absurd və qeyri-müəyyən fikirlər söyləməklə özünü belə dolaşdıran Nikol Paşinyanı şahmat dililə desək mat edir...

Bu gün Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə əsaslanan xarici siyasət strategiyası və diplomatiyası təqdir olunan model kimi səciyyələndirilir. Məhz bu amillər də münaqişənin həlli üçün xüsusi rol oynadı, Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı.

Şükür ƏLİZADƏ,

“Respublika”.