Balakən: Yolçəkənlərin işindən hamı razıdır
Region

Balakən: Yolçəkənlərin işindən hamı razıdır

Fəaliyyətlərindən yazacağım insanların günü-güzəranı yaxınlarda, uzaqlarda olanları bir-birinə qovuşduran, nəqliyyatın hər gün hərəkətdə olduğu yollardan keçir. Onların qüvvəsi, iştirakı, bilavasitə icraçılığı ilə yeni yollar salınır, köhnələri əsaslı və cari təmir olunur.

Hansı yöndə işə başlasalar da bir məqsədləri, amalları olur, işi keyfiyyətli görmək, əhalinin bu sahədəki sosial qayğılarını onların istəyincə icra etmək, çəkdikləri yollarla iqtisadiyyatın daha da gücləndirilməsinə, mədəniyyətin daha da inkişafına dəstək vermək. Çünki yol iqtisadiyyat, firavan həyat, abadlıq və mədəniyyətdir. Söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Balakən rayonundakı 15 nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətindən, orada əzmkarlıqla çalışan yol işçilərindən gedir. Həmsöhbətimiz cəmiyyətin direktoru Nizami Sarıyevdir. 

- Yol işçisinin əməyinə yollarda görülən işlərə, o işlərin keyfiyyətinə görə dəyər verilir. Bu baxımdan yolçəkənlərimizin zəhməti həmişə istər rayon rəhbərliyi, istərsə də o yollarla gedib-gələnlər tərəfindən yaxşı qiymətləndirilir. Çox işlər görmüşük və yenə də görürük. Yaxşı bilirik ki, qonşu Gürcüstan və Rusiya Federasiyası ilə sərhəddə yerləşən rayonumuzun ərazisindən keçən magistral və yerli əhəmiyyətli yollardan tək balakənlilər yox, digər respublikaya gedənlər də çox istifadə edirlər. Ona görə də keyfiyyət işimizin başlıca meyarıdır.

Söhbətin bu məqamında direktor masanın üstündəki qovluqdan çıxardığı sənədləri nəzərdən keçirib bəzi məlumatları xatırlatdı.

- Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlməsinə xidmət edən və sürətlə yeniləşən yol infrastrukturunun bugünkü ürəkaçan vəziyyəti dövlətimizin əldə etdiyi mühüm nailiyyətlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avtomobil yollarının tikintisinə, əsaslı və cari təmirinə göstərdiyi diqqət və qayğı digər regionlarda olduğu kimi, Balakən rayonunda da öz müsbət nəticələrini göstərir. Son beş ildə rayonumuzun ərazisində Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala, Balakən-Qazbinə-İtitala, Balakən-Hənifə-Gülüzanbinə-Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yollarının əsaslı təmiri ilə əlaqədar Sərəncamlar imzalanmışdır. Bu sərəncamların icrası olaraq yuxarıda adları çəkilən istiqamətlərdə 111,7 kilometr yol əsaslı təmir olunub, asfalt döşənmişdir. Həmin yollarda eyni zamanda, 128 ədəd suötürücü boru düzülmüş, 435 ədəd yol nişanı, 26 avtodayanacaq quraşdırılmış, uzunluğu 23 metr olan yeni dəmir-beton körpü inşa edilmişdir.

Balakənin yolçəkənləri yuxarıda qeyd etdiyimiz kəmiyyət dalınca qaçmır, əsas diqqəti keyfiyyətə yönəldir və buna nail olurlar. Gürcüstan və Rusiya Federasiyası ilə həmsərhəd rayonda sosial-iqtisadi həyatın digər sahələrində olduğu kimi, yol infrastrukturunun yaxşılaşdırılması sahəsində də əldə edilən nəticələr ürəkaçandır. Axı, Balakən ölkəmizin eyni zamanda dünyanın müxtəlif ünvanlarından gələn qonaqların, turistlərin sevib-seçildiyi, asudə vaxtlarını istədikləri kimi keçirmək imkanı olan gözəl turizm məkanlarındandır. Rayonun rəhbərliyinin də, ayrı-ayrı qurumlara rəhbərlik edənlərin də, bütövlükdə bütün balakənlilərin də məqsədi və amalı budur ki, Balakən şəhərinin özü kimi qəsəbə və kəndləri də yaraşıqlı və abad olsun. Abad ünvanı tanıdan başlıca amil isə yoldur. Odur ki, burada yolçəkənlərin gərgin əməyi yüksək dəyərləndirilir.

Cəmiyyətin direktoru söhbət əsnasında bildirdi ki, yeni salınan, eyni zamanda, əsaslı və cari təmir olunan yollarda toplanmış torpaq yoldan kənarlaşdırılır, çınqıl döşəmə yayılır və avtoqreyderlə hamarlanır. Yol örtüyündə və çiyinlərində olan çökmələr, çalalar da müvafiq texnikanın gücü ilə qaydaya salınır, suötürücü giriş-çıxışları, körpü keçidləri yerləşən ərazidə çay məcrası təmizlənərək daim nəzarətdə saxlanılır, çınqıl və asfalt-beton örtüklü yollarda əmələ gəlmiş çalalar vaxtında təmir olunur. Qış aylarında da yollar daim nəzarətdə saxlanılır, sürüşkən yol sahələrinə qum, duz səpilərək avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilir.

Yuxarıda qeyd etdiklərimizi təfərrüatı ilə xatırlatmağımız balakənli yolçəkənlərin yolların rahatlığı, təhlükəsizliyi, tez sıradan çıxmaması üçün lazım olan bütün işləri vaxtında və istənilən qaydada görmələrini bildirməkdir.

- Yolçəkənlərimiz həmişə belə işləyirlər, - deyə cəmiyyətin direktoru Nizami Sarıyev bu sahədə daha çox fərqlənənlərdən bir neçəsinin adını da çəkdi. Yol ustası Şahin Süleymanovun, sürücülərdən Mənsur Eminovun, Fikrət Əsgərovun, mexanizatorlardan Çingiz Süleymanovun, Vüqar Seyidovun, yol fəhlələrindən Novruz Novruzovun, Eldəniz Abdullayevin, Zaur Dibirovun, Məhəmməd İsayevin və bütövlükdə yolçəkənlərimizin işindən hamının razılıq etdiyini söylədi.

Rasim AMANOV,

“Respublika”.