“Elektron məhkəmə” şəffaflığı və operativliyi təmin edir
Digər xəbərlər

“Elektron məhkəmə” şəffaflığı və operativliyi təmin edir

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin məhkəmə-hüquq sistemində islahatlar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanıb, bu sistemin demokratik prinsiplər əsasında tamamilə yenidən qurulması üçün zəruri tədbirlər həyata keçirilib. Birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması aparılan islahatların mühüm nəticəsi olub. Növbəti mərhələdə institusional islahatlar ixtisaslaşdırılmış və regional məhkəmələrin yaradılması, məhkəmə sisteminin müasirləşdirilməsi ilə davam etdirilib.

Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanları əsasında bu istiqamətdə məqsədyönlü tədbirlər müəyyənləşdirilib və uğurla həyata keçirilib. Bu zaman regionların sosial-iqtisadi inkişafı şəraitində bölgələrdə yaşayan insanların məhkəmələrə əlçatanlığının təmin edilməsinə, həmçinin hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. 2006-cı ildə respublika apelyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apelyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilib, 2010-cu ildə isə ağır cinayətlər üzrə 5 yeni regional məhkəmə yaradılıb. Məhkəmə-hüquq sistemində ilk dəfə olaraq inzibati ədliyyə strukturunun təşkili də davamlı islahatların növbəti pilləsi kimi əhəmiyyətli olub. Dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr 2011-ci ildən ölkəmizin 7 bölgəsində fəaliyyət göstərirlər. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı ilə yeni regional kommersiya məhkəmələrinin və inzibati məhkəmələrin yaradılması məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirib.

Həmin məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb. Bu gün ölkəmizdə ədalət mühakiməsi rayon (şəhər), ağır cinayətlər, hərbi, inzibati, kommersiya, apelyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi və Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilir.

Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hüquq-məhkəmə sistemində islahatların səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il tarixli Sərəncamı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsində müasir informasiya texnologiyalarından istifadənin sürətləndirilməsini mühüm vəzifə kimi müəyyənləşdirib. Nəticədə məhkəmələrdə süründürməçilik və sui-istifadə hallarının aradan qaldırılması, aşkarlıq və operativliyin təmin edilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılması, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Sərəncama əsasən, yaradılmış “Elektron məhkəmə” informasiya sistemi ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu, cinayət işləri, mülki, kommersiya, inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini, məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünü, məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini, məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını, onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını, prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyaları, qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini, sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabinet”in yaradılmasını, “Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı, məhkəmə statistikasının elektronlaşdırılmasını, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını təmin edir. “Elektron məhkəmə” informasiya sisteminin təşkili və fəaliyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi, Ədliyyə Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Elektron məhkəmə sisteminə qoşulmuş məhkəmələrin siyahısı Azərbaycan Respublikasının www.courts.gov.az - vahid məhkəmə portalında yerləşdirilib. Dünya Bankı ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində yenilənərək zənginləşdirilən portalda “E-məhkəmə” bölməsi yaradılıb.

Qeyd edək ki, həmin layihə çərçivəsində ədliyyə sisteminin əlçatanlığı, effektivliyi və şəffaflığı ilə bağlı məmnunluq səviyyəsini öyrənmək məqsədilə ədliyyə xidmətlərinin əsas istifadəçiləri və iştirakçıları arasında hələ dörd il əvvəl keçirilmiş sorğu zamanı rəyi soruşulanların 73 faizi məhkəməyə əlçatanlığın asanlığından, 57,8 faizi məhkəmənin şəffaflığından, 58,1 faizi məhkəmənin səmərəliliyindən razılığını bildirib. Ümumilikdə, ədliyyə xidmətlərindən məmnunluq səviyyəsi 63 faiz təşkil edib ki, bu da Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış saziş əsasında müəyyənləşdirilmiş hədəf faizindən xeyli yüksək göstəricidir.

Ölkəmizin məhkəmə sistemində səmərəliliyin yüksəldilməsinin müsbət dinamikası dünyanın ən böyük beyin mərkəzlərindən biri olan Heritage Foundation tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında da öz əksini tapıb. Hesabatda “Elektron məhkəmə” informasiya sisteminin daha da təkmilləşdirildiyi, “Mobil Elektron Məhkəmə” proqram təminatı vasitəsilə elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumat almaq və digər imkanlardan yararlanmaq mümkündür. Ümumiyyətlə, məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” ədalət mühakiməsinə əlçatanlığı əhəmiyyətli dərəcədə genişləndirir, şəffaflığı və operativliyi təmin edir.

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov bu yaxınlarda “Milli Məclis” jurnalına verdiyi müsahibədə “Elektron məhkəmə” informasiya sisteminin ölkədə məhkəmələrin 60 faizini əhatə etdiyini, Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində bu sistemin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması ilə bağlı tədbirlər görüldüyünü bildirib.

Dövlətimizin başçısının 1 iyun 2020-ci il tarixli Fərmanı ilə sistemin Əsasnaməsi təsdiq olunaraq fəaliyyətinin hüquqi əsasları müəyyən edilib, e-məhkəmənin digər qurumların informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyası təmin olunub. Həmçinin elektron resursun istifadəçilərində və iştirakçılarında yarana biləcək suallarla bağlı “Qaynar xətt” təşkil edilib.

Qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi şəraitində məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı nəzərə alınaraq məhkəmə proseslərinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanıb və bir çox işlərə videobağlantı ilə baxılması təmin edilib. Qanunvericiliyə operativ qaydada dəyişikliklərin edilməsi nəticəsində cinayət işlərinə də bu formatda baxılması mümkün olub.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində ötən dövrdə paytaxtda və bölgələrdə 20 məhkəmə üçün konseptual baxımdan yeni bina və komplekslər inşa olunub və onlar “Elektron məhkəmə” informasiya sistemi və digər İKT ilə təchiz olunaraq, yüksək texnoloji (hi-tech) məhkəmələrə çevriliblər. Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərə beynəlxalq səviyyədə maraq göstərilir, müsbət təcrübəmiz öyrənilir və tətbiq olunur. Diqqətəlayiq haldır ki, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihəni ən uğurlu layihə kimi qiymətləndirərək “Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi” nominasiyalarının qalibi elan edib.

Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ədliyyə sahəsində dövlət siyasətinin mühüm prioritetidir. Dövlətimizin başçısının tapşırıqları əsasında bu sahədə islahatlar uğurla davam edir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.