Bakı Sağlamlıq Mərkəzi çoxprofilli tibb müəssisəsidir
Səhiyyə

Bakı Sağlamlıq Mərkəzi çoxprofilli tibb müəssisəsidir

Son on ildə Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Azərbaycan Respublikasının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il iyunun 17-də ölkəmizdə tibb işçilərinin peşə bayramı qeyd olunur.

Əhalinin sağlamlığı keşiyində ləyaqətlə dayanan nüfuzlu səhiyyə müəssisələrindən biri də paytaxtdakı Bakı Sağlamlıq Mərkəzi, çoxprofilli tibb ocağıdır. Burada tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərilir, sağlamlıq mərkəzi nəinki Azərbaycanda, eyni zamanda Cənubi Qafqazda böyük nüfuza malik olan bir şəfa ocağına çevrilmişdir.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovla söhbət edərkən o, peşə bayramı günündə mərkəzin fəaliyyəti ilə bağlı qürurla danışdı:

- Mərkəz 2018-ci ildən fəaliyyət göstərir. Bura 3 korpusdan ibarətdir. Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak etmiş və 1000 nəfərdən çox tibb işçisi çalışan bu müəssisənin kollektivinə lazımi tövsiyələr vermiş, əminliklə bildirmişdir ki, ağxalatlı ömür keşikçiləri insanların sağlamlığını ləyaqətlə qoruyub saxlayacaqlar.

Bakı Sağlamlıq Mərkəzi müasir tibb avadanlıqları ilə təchiz olunmuşdur. Burada peşəkar səhiyyə işçiləri çalışır. Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, əhalinin sağlamlığının etibarlı təminatı diqqət mərkəzindədir.

Sağlamlıq mərkəzinin yaradılmasında əsas ali məqsəd insanlara yüksək səviyyəli tibbi xidmət göstərilməsidir. Statistik rəqəmlərdən göründüyü kimi, təcrübəli həkimlər tərəfindən həyata keçirilən əməliyyatlar, göstərilən tibbi xidmətlər nəticəsində minlərlə vətəndaş sağlamlığına qovuşmuş və şəfa tapmışdır.

Mərkəzin direktoru, Azərbaycan səhiyyəsinin inkişafında böyük xidmətləri olan Asiman Həsənov sözünə davam edərək vurğuladı ki, başçılıq etdiyi tibb ocağında 3000 əməliyyat ediləcək qədər tam təchiz olunmuş Kardiocərrahiyyə şöbəsi, qadınlar üçün özəl hazırlanmış və dizayn edilmiş Qadın Mərkəzi, 2 angioqrafiya cihazına malik olan Kardiologiya şöbəsi, Təcili xidmət şöbəsi, Nevrologiya, Qaraciyər Xəstəlikləri Mərkəzi, uşaq cərrahiyyəsi, ortopediya-travmatologiya, urologiya, plastik cərrahiyyə, fizioterapiya və reabilitasiya, endokronologiya, tibbi laboratoriya, oftalmologiya, qan mərkəzi və müasir tələblərə cavab verən digər şöbələr mövcuddur.

Mərkəzdə xarici ölkələrdəki tibb müəssisələri ilə sıx əlaqələr yaradılmışdır. Şübhəsiz ki, bu əməkdaşlıq öz uğurlu nəticələrini verir, səhiyyədə elmin son nailiyyətlərindən səmərəli istifadə olunur.

Mərkəzdə Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əlaqələr möcvuddur. Tələbələr tədris proyektlərində fəal iştirak edirlər.

Artıq bir ildən çoxdur ki, COVİD-19 dünyanı cənginə almışdır. Qeyd etmək lazımdır ki, pandemiya əleyhinə tibb müəssisəsində məqsədyönlü işlər aparılır, tibb işçiləri xəstəliyə qarşı profilaktik tədbirlər həyata keçirir və əhali arasında geniş maarifləndirmə işləri aparırlar. Vaksinasiya olanların sayı isə durmadan artır.

Mərkəzin əməkdaşları minlərlə xəstənin müalicəsində iştirak etmiş, pandemiyaya yoluxanlar üçün xüsusi şöbələr açılmışdır.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin sentyabrında erməni daşnakları Azərbaycan ərazisinə hücuma keçmiş, təxribat törətmişlər. Vətən müharibəsi 44 gün davam ertmiş, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Müzəffər Azərbaycan Ordusu erməni ordusunu darmadağın etmiş, “Dəmir Yumruq” Paşinyanın və onun quldur dəstəsinin başına zərbə ilə endirilmiş, 30 ilə yaxın bir vaxtda işğal altında olan ərazilərimiz faşist xislətli erməni terrorçularından azad edilmişdir.

Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olmuş, çoxsaylı məğrur oğullarımız, qazilərimiz Bakı Sağlamlıq Mərkəzində müalicə almış, mərkəzin əməkdaşları müalicə dövründə ikiqat səylə çalışmış, ölkə başçısının tapşırıq və tövsiyələrini ləyaqətlə yerinə yetirmişlər.

İnsanlar Bakı Sağlamlıq Mərkəzinə inam və ümidlə gəlir. Burada çalışan həkimlər ordusu xəstələrin müayinə və müalicəsinə maksimum səy göstərir, ağxalatlıların şəfalı əlləri yüzlərlə ağır vəziyyətdə olan insanı ölümün pəncəsindən xilas edir, neçə-neçə ailəyə sevinc payı bəxş edirlər. Elə bunun nəticəsidir ki, mərkəzin kollektivi tibb işçilərinin peşə bayramında iftixar hissi keçirirlər...

Qədir ASLAN,

“Respublika”.