İsmayıllının peşəkar səhiyyə işçiləri
Səhiyyə

İsmayıllının peşəkar səhiyyə işçiləri

İsmayıllılılar bu ünvanı, mərkəzi xəstəxananın yerləşdiyi məkanı özləri üçün inam, ümid və sağlamlıq ocağı kimi tanıyırlar. Hər gün, hər ay onlarla, yüzlərlə, minlərlə insan bu ocağa gəlir, oradan şəfa tapıb, yaşamaq, yaratmaq arzusuna qovuşur. Əlbəttə, bu istək və arzular orada çalışan ağxalatlı insanların, həkim və orta tibb işçilərinin peşəkarlığı, qayğıkeşliyi, Hippokrat andına sadiqlikləri sayəsində mümkün olur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2018-ci ilin dekabr ayının 20-də ölkəmizdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin - TƏBİB-in yaradılması sayəsində şimal-qərb bölgəsinin digər 23 rayonu kimi, İsmayıllıda da səhiyyə bu istiqamət üzrə — yəni, əhaliyə tibbi sığorta ilə xidmət göstərir. Bu günlərdə rayonun sözü gedən kollektivinin işi ilə yaxından tanış olarkən öyrəndik ki, burada səhiyyənin yeni istiqamətdə fəaliyyəti üçün lazımi imkan və şərait yaradılmış, daha peşəkar, işgüzar, eyni zamanda, bacarıqlı idarəetmə qabiliyyətinə malik kollektiv formalaşmışdır. Kollektivə tələbkar, eyni zamanda, həkim kimi rayonda hamının hörmətini qazanan Vidadi Rəhimov direktor təyin olunmuşdur. Direktor söhbətinin önündə bildirdi ki, rayon mərkəzi xəstəxanası publik-hüquqi şəxsi 101 çarpayılıq mərkəzi xəstəxananı, 7 ailə sağlamlıq mərkəzini, 7 həkim, 21 tibb məntəqəsini əhatə edir. Həkim və tibb işçilərinin fəaliyyəti ilə qısa tanışlıq üçün bir neçə şöbəyə baş çəkdik, 20 çarpayılıq terapiya, 25 çarpayılıq cərrahiyyə, 15 çarpayılıq uşaq şöbələrində ürəkaçan səliqə-sahman, müalicə olunan xəstələrə göstərilən diqqət və qayğı ilə qarşılaşdıq. Xəstələrdən eşitdiyimiz ancaq bu sözlər oldu:

- Sağ olsunlar, xidmət də yaxşıdır, qayğı da, tibbi sığorta hamımızın ürəyindəndir. Həkimlər də, tibb işçiləri də öz andlarına layiq xidmət göstərirlər.

Məlumat aldıq ki, buradakı digər şöbələrdə də işlər bu cür yaxşı vəziyyətdədir. Publik-hüquqi direktor və bizimlə birlikdə olan baş həkim Nərgiz Rəhimova söhbət əsnasında bildirdilər ki, tibbi sığortaya keçməklə əlaqədar binada ümumi, sığortanın təşkili və innovasiya, xəstə xidmətləri, dəstək xidmətləri və digər şöbələr də yaradılmışdır.

Qeyd edək ki, mərkəzi xəstəxananın fəaliyyətində, xidmətin təşkilində əvvəlki primitiv formalardan əsər-əlamət qalmayıb. Əsas girişdə yerləşdirilən qeydiyyat şöbəsində ağxalatlı qızların öz iş bölgülərinə uyğun vətəndaşlara xidməti, onların müraciət etdikləri sahələr üzrə istiqamətləndirmələri, fəaliyyətlərinə uyğun təyin olunan digər işçilərin tapşırıqlara çox həssaslıqla yanaşmaları da diqqətdən yayınmır. Diqqətçəkən əsas məsələlərdən biri bütün mərtəbələrdə, şöbələrdə təmizliyə, səliqə-sahmana ciddi riayət olunması, foyelərin, palataların qarşılarının səhiyyənin qayda-qanunlarına uyğun formalaşdırılmasıdır. Nəinki rəhbərlik, hər bir həkim və tibb işçisi bu məsələlərə nəzarətçidir. Direktor Vidadi Rəhimov bildirdi ki, baş həkim Nərgiz Rəhimova bütün bu məsələləri bir an olsun nəzarətsiz qoymur.

Tibbi sığortaya keçilməsi xidmətin səmərə və keyfiyyətini artırdığına görə bu ünvana üz tutan insanların sayı da çoxalıb. Əvvəllər daha çox Bakıya, digər yerlərə üz tutan xəstələr, indi rayon mərkəzi xəstəxanasına, eyni zamanda, ailə sağlamlıq mərkəzlərinə, həkim və tibb məntəqələrinə müraciət edirlər. Bu, 94 həkimin, 312 nəfər orta, 314 nəfər kiçik tibb işçisinin səmərəli əməyinin, xəstələrə olan qayğıkeşliyinin, bir də yaradılan təminat və təchizatın nəticəsidir. Rayon mərkəzi xəstəxanasının ambulator pasiyentlərinin sayı 2020-ci ildə 57240 nəfər olmuşdursa, 2021-ci ilin beş ayında bu göstərici 30 minə yaxınlaşmışdır. Digər sahələr üzrə göstəricilərin də əvvəlki ildəkinə nisbətən yüksək olacağı gözlənilir.

Mövcud vəziyyət, işin təşkili xidmətin səviyyəsi ilə tanışlıq, bəzi vətəndaşlarla olan söhbətlərimiz deməyə əsas verir ki, İsmayıllıda icbari tibbi sığortanın tətbiq olunduğu gündən əhalinin böyük hissəsinə sığorta xətti ilə yüksək səviyyədə tibbi xidmət göstərilmişdir. On beş nəfərə açıq ürək əməliyyatı, 34 nəfərin ürək damarlarına stent qoyulması, 23 nəfərə gözlərində müalicə və əməliyyat, 2 nəfərə bud-çanaq oynaqlarında müxtəlif əməliyyatlar üçün göndərişlər verilməsi və həmin xəstələrin sağalaraq evlərinə qayıtmaları da qayğının parlaq təzahürüdür.

Artıq ikinci ildir dünyanı cənginə alan COVİD-19 xəstəliyinə qarşı mübarizə respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda tələb olunan qaydada davam edir. Direktor Vidadi Rəhimov bu barədə söhbət düşəndə dedi:

-Bununla əlaqədar hər şeydən öncə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə rayonumuzda Modul tipli xəstəxana binası tikilmişdir. Həmin xəstəxanada indiyə kimi 713 nəfər xəstəyə xidmət olunmuşdur. Rayonumuzun tibb işçiləri koronavirus xəstəliyinə qarşı fədəkarlıqla mübarizə aparmış, mövcud imkanlardan maksimum səviyyədə istifadə edib həmin xəstələrin yaxşı müalicə olunub sağalmasına nail ola bilmişlər. Neçə vaxtdır başlanan vaksinasiya tədbirləri də uğurla davam etdirilir. Bu günə kimi rayon üzrə 30,2 min nəfər peyvənd olunmuşdur. 11,5 min nəfərdən çox vətəndaşa ikinci doza vurulmuşdur.

İsmayıllı rayonunun səhiyyə işçiləri 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsinin elə ilk günündən arxa cəbhədə müsəlləh əsgər olmuş, öz Hippokrat andına sadiqliklərini bir daha yüksək əzmkarlıq və peşəkarlıqla davam etdirmişlər. Müharibənin gedişində yararlanan hərbi qulluqçular rayondakı modul tipli xəstəxananın, həmçinin, mərkəzi xəstəxananın palatalarında yüksək səviyyədə müalicə olunmuşlar. Rayonun həkim və tibb işçiləri gecəli, gündüzlü bu xəstələrin xidmətində olmuş, lazım gələn bütün tibbi xidmətlərin göstərilməsi üçün əllərindən gələni əsirgəməmişlər.

- Biz bununla kifayətlənməmişik, - deyə direktor Vidadi Rəhimov Vətən yolunda, ermənilərin doğma Qarabağ torpaqlarından qovulub çıxarılması uğrunda döyüşlərdə yaralanan İsmayıllı igidlərinin xidmətində olmağı unutmadıqlarından söhbət açdı. Döyüşlərdə şəhidlik zirvəsində özünə əbədi məskən salan, İsmayıllı balalarının ailələrinə baş çəkmək, onların tələb, istək və arzularını təmin etmək üçün öz imkanlarını maksimum səviyyədə səfərbər etdiklərini söylədi. Bildirdi ki, şəhid ailələri, qazilər bir gün olsun unudulmur və heç vaxt yaddan çıxmayacaq da.

Vidadi həkim bir məsələni də xatırlatdı ki, şəhidlərdən birinin - Ruslan Tağıyevin anası Lətifə Tağıyeva xəstəxananın tibb bacısıdır. Xəstəxanamızın da daxili imkanı hesabına şəhid Ruslanın valideynlərinin yaşadıqları Ərəstun Mahmudov küçəsində evlərinin yaxınlığında xatirə bulağı tikilib istifadəyə verilmişdir.

İsmayıllının ağxalatlı ömür keşikçiləri peşəkar, işgüzar, qayğıkeşdir. Hamı bu amalla çalışır, andlarına sadiqlik göstərir. Baş həkim Nərgiz Rəhimova bu barədə söhbət düşəndə Firudin Ağayevin, Fuad Cəbrayılovun, Kübra Ağayevanın, Fikrət Osmanovun, Əlpaşa Qəribovun, Habil Vəliyevin, Elman Xəlilovun, Malik Əliyevin adlarını çəkdi və dedi ki, kollektivin bütün üzvlərinin bir amalı var: əhaliyə nümunəvi xidmət göstərməklə iqtisadiyyatı getdikcə möhkəmlənən, gözəlliyi günbəgün artan İsmayıllıya daha çox dəstək olmaq.

Rasim AMANOV,

“Respublika”.